AZE | RUS | ENG |

Paşinyanın təyinatları erməniləri narazı salıb

Paşinyanın təyinatları erməniləri narazı salıb
Politoloqların fikrincə, Ermənistanda xaos və anarxiya hələ uzun müddət davam edəcək

Ermənistanda baş nazir postuna seçilən Paşinyan dövlət orqanlarına yeni təyinatlar həyata keçirir. İndiyədək bu ölkənin istər xarici siyasət kursunu müəyyənləşdirən institutların, istərsə də güc strukturların rəhbərləri artıq yenilənib. Lakin bir sıra təyinatlar erməni ictimaiyyətinin artıq narazılığına səbəb olub və buna görə də yenidən etirazların başlayacağı xəbərləri yayılmaqdadır. Etiraza əsas səbəb kimi isə Ermənistanda kriminal və zorakılıq edən şəxs kimi tanınan şəxslərin polis sistemində yuxarı vəzifələrə gətirilməsidir. Belə ki, Nikol Paşinyan Baş Polis İdarəsinə Hunan Poğosyanın əvəzinə İrəvan şəhər polis idarəsinin keçmiş rəisi Aşot Karapetyanı təyin etmək niyyətindədir. Onu qeyd edək ki, A.Karapetyan erməni cəmiyyətində vətəndaşlara qarşı zor tətbiq etməsi və qəddarlığı ilə tanınır.
Görünənə odur ki, Paşinyan sələfi Sarkisyandan fərqli addım atmadı və ilk səfərini Qarabağa etdi, ardınca isə Putinlə görüşdü. Halbuki, erməni cəmiyyəti yeni iqtisadi-sosial islahatların başlayacağına ümid edirdi.     
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, küçələrdə keçirilən etirazlar vasitəsilə hakimiyyətə gələn eyni zorakılıqla da üzləşəcək: "Bu proqnozumu hələ Sarkisyan istefaya getməmişdən əvvəl dilə gətirmişdim. Əlbəttə, erməni cəmiyyəti Paşinyandan narazı qalacaqdır. Paşinyan hansı resurslarla ölkənin problemlərini həll edəcək? Düzdür, nazirlərin hamısı dəyişib və köhnələri gənclər əvəz edir. Amma indiki baş nazir hansı resurslarla islahatlar aparacaq və bütün siyasi qüvvələri razı sala biləcəkmi? Ona görə də düşünürəm ki, erməni cəmiyyətində narazılıq getdikcə artacaq. Paşinyan sosial problemləri həll etmək əvəzinə, Dağlıq Qarabağa təxribatçı səfər etdi və ziddiyyətli açıqlamalar verdi. Bu açıqlamaları erməni cəmiyyəti birmənalı qəbul etmədi. Hətta keçmiş müdafiə naziri Paşinyanı həmin açıqlamalarına görə tənqid etdi. Hesab edirəm ki, əvvəlki proqnozum qüvvədə qalır. Ermənistanda xaos və anarxiya hələ uzun müddət davam edəcək. O demək deyildir ki, Paşinyanın gəlişi ilə Ermənistan öz iqtisadi və sosial problemlərini həllinə nail olacaq. İşğalçı ölkədə vəziyyət getdikcə gərginləşəcək”.
E.Şahinoğlu qeyd etdi ki, erməni ictimaiyyətinin hətta Paşinyanın əleyhinə etiraz aksiyaları ola bilər: "Küçənin zorakı üsulları ilə hakimiyyəti dəyişən eyni aqibəti də yaşayacaq. Çünki ona deyəcəklər ki, küçədəkilərin təzyiqi ilə hakimiyyətə gəlibsənsə, eyni üsulla da sənə təzyiq edəcəyik. Onu da qeyd edim ki, narazıların sayı getdikcə artacaq. Çünki Ermənistanın özündə güclü oliqarxlar, siyasi qruplar var və onların hamısını razı salmaq çox çətindir. Ona görə də bir müddət sonra yenidən küçələrdə etirazların şahidi olacağıq. Bu prosesləri Ukraynada da müşahidə etmişdim və Ermənistanda baş verənlərin ona oxşarlığı var. Yəni, Ukraynada Maydan hərəkatı siyasi prosesləri nəzarətə götürdü, Ermənistanda isə küçədəki etirazlar. Paşinyan iki-üç aya ölkənin dərin problemlərini həll etmək iqtidarında olmasa, əlbəttə ki, küçələrdə ona qarşı etiraz dalğası güclənəcək və bundan da müxtəlif siyasi qüvvələr indiki baş nazirə qarşı istifadə edəcəklər”.
Politoloq vurğuladı ki, Ermənistanda kim prezident, baş nazir seçilirsə, ilk təxribatçı səfərini Qarabağa edir və daha sonra Rusiya prezidenti ilə görüşür: "Paşinyan da bu sxemi dəyişmədi, çünki bu ölkə Rusiyadan asılıdır. Rusiya prezidenti ona çərçivələri izah edəcək. Ona seçilməkdə mane olmadığını, lakin çərçivədə olduğunu və Rusiyanın istəyi xaricində hərəkət edə bilməyəcəyini diqqətə çatdırıb. Əgər Paşinyan Rusiya ilə oyun oynasa, Qərblə əməkdaşlıq etsə, onda rəsmi Moskva başqa cür danışacağını Paşinyana mədəni formada çatdıracaqdır”.
Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov bildirdi ki, Paşinyanın ictimaiyyətin ümidini doğruldub-doğrultmayacağı məsələsi özünü təxminən bir il sonra göstərəcək: "Hələlik isə Paşinyan səlahiyyətlərinin icrasına başlamaqdadır. Onu bir sıra çağırışlar gözləyir. Təbii ki, mitinqlərdə deməsinə baxmayaraq, o, oliqarxlara qarşı mübarizəyə başlaya bilməz. Çünki Paşinyan ilə oliqarxlar arasında anlaşma var və düşünmürəm ki, o, dərin iqtisadi dəyişikliklərə gedəcək. Ermənistanın mövcud şəraiti hamıya məlumdur. Ölkədə əhalinin istəklərinin qarşılanması üçün Ermənistan öz faşist siyasətindən əl çəkməli, Azərbaycan və Türkiyə kimi dövlətlərlə konstruktiv davranmalıdır”.
Politoloq hələlik kütlənin Paşinyanın əleyhinə çıxacağını gözləmədiyini diqqətə çatdırdı: "Amma Qarabağ klanı Paşinyandan razı deyil. İstisna deyil ki, bir qrup narazı kütlənin arxasında elə həmin qarabağlılar dayanır.
Paşinyanın kadr siyasətinə nəzər salsaq, deyə bilərik ki, yeni təyinat alanların əksəriyyəti Qərb dairələrinə açıq şəkildə yaxın olanlardır. Bu, təbii ki, bəzi xarici qüvvələrin də xoşuna gəlmir. Bu mənada hesab edirəm ki, Ermənistan indiki halda, Rusiya ilə bağlı olan iqtisadi və hərbi təşkilatlardan çıxmayacaq. Çünki Yerevanın manevr imkanları məhduddur, Moskvadan asılılığı isə kifayət qədərdir. Ancaq, artıq Ermənistanın Qərbə istiqamət alacağı, şaxəli xarici siyasət aparacağı məlumdur”.
Z.Məmmədov əlavə etdi ki, Putin və Paşinyan arasında Soçidə keçirilən ikitərəfli görüş vacib görüşlərdəndir: "Tanışlıq məqsədi daşıyan bu görüşdə Paşinyan Putinə ölkəsinin bundan sonrakı siyasətinə dair zəmanətləri dilə gətirmişdir. Putin isə Ermənistanın Rusiyanın təsir dairəsindən çıxmasına imkan verməmək üçün əlindən gələni edəcək. Çünki tarix boyu bölgədə ermənilərin mövcudluğu, rusların vassallı olmaları bölgənin konfiqurasiyasında əsas olub”.
Bəxtiyar MƏMMƏDLİ

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6953
GBP 1 İngilis funt sterlinqi 2.2810
TRY 1 Türk lirəsi 0.3570
KWD 1 Küveyt dinarı 5.6263
SEK 1 İsveç kronu 0.1954
EUR 1 Avro 2.0001
CHF 1 İsveçrə frankı 1.7127
USD 1 ABŞ dolları 1.7000