• cümə, 19 Aprel, 13:15
  • Baku Bakı 25°C

Paşinyanın siyasi manevrləri öz əleyhinə işləyir

10.06.19 18:10 607
Paşinyanın siyasi manevrləri öz əleyhinə işləyir
Dağlıq Qarabağ münaqişəsindən Ermənistanın indiki baş naziri Nikol Paşinyanın öz hakimiyyətini gücləndirmək üçün istifadə etməsi heç kimə sirr deyil. Ötən müddət ərzində onun bu addımı müxtəlif məqamlarda özünü büruzə verir. Həm də Paşinyan erməni cəmiyyətinə göstərməyə çalışır ki, guya Dağlıq Qarabağ problemi ilə dərindən məşğul olur. Lakin bir sıra atılan addımlar, verilən bəyanatlar heç də özünü doğrultmur. Necə ki, bir neçə gün öncə Paşinyanın mətbuat katibi Vladimir Karapetyan jurnalistlərə açıqlama verərək bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə Sank-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində keçirilən görüş zamanı Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib. Bu informasiyanın ardınca isə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, prezident Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə olunmayıb: "Qarabağ münaqişəsi müzakirə olunmayıb. Dünən ikitərəfli münasibətlərə, ticari-iqtisadi əməkdaşlığın müxtəlif aspektlərinə dair ətraflı danışıqlar aparılıb”.
Rusiya rəsmisinin bu açıqlaması bir daha təsdiqləyir ki, Paşinyan erməni cəmiyyətini aldatmaqla bərabər, hakimiyyətini qorumaq üçün siyasi manevrlər edir. Artıq bu hal bir neçə dəfədir ki, təkrar olunur. Bütün bunlar bir daha onu göstərir ki, rəsmi Moskva Paşinyanı ciddi siyasi fiqur kimi qəbul etmir. İndiki halda Paşinyanın düşdüyü bu situasiya nədən xəbər verir?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Aydın Mirzəzadə bildirdi ki, bu gün Dağlıq Qarabağ məsələsi təkcə Ermənistan üçün deyil, eyni zamanda dünya üçün çox ciddi problemdir: "Dağlıq Qarabağ məsələsinin həll edilməməsi Rusiyanın forpostu olan Ermənistanın vəziyyətini günü-gündən pisləşdirir. Faktiki olaraq, bu gün Ermənistan dalana dirənib, iqtisadi, ümumiyyətlə, hər hansı sahədə inkişafdan danışmağa dəyməz. Əhalisi də durmadan ölkəni tərk edir, təqribən 20 ildən sonra Ermənistan əhalisiz bir dövlətə çevriləcək”.
A.Mirzəzadə əlavə etdi ki, Paşinyan tədricən özündən əvvəlki Ermənistan rəhbərləri Koçaryan və Sarkisyanın apardığı siyasəti təkrarlamağa başlayır: "Ancaq açıq etiraf edək ki, erməni cəmiyyəti onun əleyhinə qalxır, çünki məhz Paşinyanın rəhbərliyi ilə Sarksiyan hakimiyyətini devirmişdilər. O, özünü bütün sahələrdə, o cümlədən Dağlıq Qarabağ məsələsində fərqli siyasət aparan bir lider kimi göstərməyə çalışır. Amma bu, onda alınmır. Çünki Paşinyanın atdığı addımlar Sarkisyanın atdığı addımların təkrarıdır. Buna görə də, vaxtaşırı yalan danışmağa çalışır. Bu yalanlar hətta dövlətlərarası münasibətlərdə də özünü göstərir. Hesab edirəm ki, Paşinyanın son dövrlər sürətlə nüfuzunu itirməsi, reytinqinin aşağı düşməsi ilk növbədə əhalinin ona inamının itməsi, etibarı doğrulda bilməməsi ilə bağlıdır. Yeni bir şey, ən əsası Ermənistan üçün vacib olan Dağlıq Qarabağ məsələsini həll edə bilməyəndə isə artıq Paşinyan üçün yalan danışmaqdan başqa bir yol qalmır”.
Politoloq Elşad Mirbəşiroğlu bildirdi ki, Ermənistan tərəfinin, Paşinyanın Putinlə görüşü zamanı münaqişənin tənzimlənməsinin müzakirəsi ilə bağlı məlumatlar verməsi konyuktur yanaşmadır: "Belə ki, bu gün erməni cəmiyyətini, hətta Paşinyanın özünü də maraqlandıran əsas məsələlərdən biri məhz Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində vəziyyətə müəyyənlik gətirilməsi ilə bağlıdır. Yəni Paşinyan bütün hallarda tutaq ki, Rusiya prezidentinin dilindən münaqişə vəziyyətində olan Ermənistana bu və ya digər formada hər hansı bir dəstək almaqla, kiçik də olsa, qələbə qazanmış olur. O, bununla da Ermənistanda bir növ hakimiyyət mövqelərini möhkəmləndirməyə ümid edir. Çünki Paşinyanın hakimiyyəti kifayət qədər kövrəkdir. Bilirik ki, qondarma Dağlıq Qarabağ rejimi ilə Paşinyan və bütövlükdə Ermənistanın mövcud hakimiyyəti arasında çox ciddi fikir ayrılığı var. İndiki halda tərəflər arasında münasibətlərdəki gərginlik də davamlı olaraq artmaqdadır. Bu vəziyyətin fonunda Paşinyan Ermənistanın işğalçılıq siyasətinin legitimləşdirilməsi istiqamətində addım kimi qiymətləndiriləcək hansısa bir məqama nail olmaq istəyir. Amma hesab edirəm ki, Peskovun dediyi kimi, Putinlə Paşinyan arasında görüş zamanı münaqişənin tənzimlənməsi müzakirə olunmayıb”.
E.Mirbəşiroğlu vurğuladı ki, Putinin Paşinyanla Dağlıq Qarabağla bağlı məsələni niyə müzakirə etməməsi ətrafında da düşünmək olar: "Məsələnin görünən tərəfi ondan ibarətdir ki, Putin də Paşinyanı ciddi subyekt kimi qəbul etmir. Rusiya prezidenti bir növ Paşinyana göstərmək istəyir ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi ilə bağlı müzakirə aparılacaq şəxs məhz o deyil. Bunu açıq şəkildə ifadə etməsələr də, bu gün Paşinyanın hakimiyyətdə olması Rusiya üçün arzuolunan deyil. Görünür, rəsmi Moskva bununla göstərmək istəyir ki, ümumiyyətlə, Paşinyanın hakimiyyətini qəbul etmir və onu gələcəkdə başqası ilə əvəz edəcək şəxslə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi müzakirə olunacaq”.
BƏXTİYAR
banner

Oxşar Xəbərlər