AZE | RUS | ENG |

Paşinyanın sərsəm açıqlaması nəyə hesablanıb?

Paşinyanın sərsəm açıqlaması nəyə hesablanıb?
Politoloqların fikrincə, bu cür davranışlar müharibə səbəbidir və Azərbaycan həm iqtisadi, həm də hərbi-siyasi qüdrəti ilə buna hazırdır

Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 5-də Xankəndinin mərkəzi meydanında mitinqdə çıxış edib. Mitinq zamanı onun dilindən 31 il əvvəl Xankəndində səslənən "birləşmək” ("miatsum”) şüarları yenidən təkrarlanıb. Baş nazir deyib ki, Yerevanın Dağlıq Qarabağa dair danışıqlarda yürütdüyü dipplomatiyanın yekun məqsədi "miatsumdur”. Onun sözlərinə görə, münaqişənin nizamlanmasına dair istənilən qərar ancaq Ermənistan və Dağlıq Qarabağ əhalisinin ümumxalq dəstəyi ilə qəbul oluna bilər. Paşinyan vurğulayıb ki, erməni hökumətini Qarabağa dair hansısa gizli qəsd planında ittiham etmək mənasızdır, çünki hökumətin belə planı yoxdur və olmayacaq.
Göründüyü kimi, Paşinyan növbəti dəfə sülh danışıqlarına zərbə vurmaqla yanaşı, həm də beynəlxalq hüquq və prinsipləri kobud şəkildə  pozub. Ermənistanın baş nazirinin bu sərsəm bəyanatları nəyə hesablanıb və bu çağırışlara beynəlxalq ictimaiyyət nə kimi mövqe sərgiləməlidir?
 
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Hikmət Məmmədov bildirdi ki, Paşinyanın Qarabağı Ermənistan hesab etməsi siyasi sərsəmlikdir və hər gün bir az daha çox azalan reytinqinin yüksəlməsi üçün daxili auditoriyaya etdiyi populist müraciətdir: "Məsələ ondadır ki, dediyi sözlərə onun özü belə inanmır. Aprel döyüşlərndən sonra nəinki Qarabağda, hətta Ermənistanda da təhlükəsiz yaşamağın mümkün olmadığını bütün ermənilər dərk edir. Çünki Ermənistan süni dövlət kimi məhz Azərbaycanın tarixi torpaqlarında yaradılıb. O torpaqların isə hər qarışının sahibi var və gec-tez bir gün gedib öz torpaqlarımızda yaşayacağıq. Ancaq hazırki vəziyyətdə bir ölkənin rəsmi baş naziri olan birinin başqa ölkənin torpaqlarını özününkü hesab etməsi və oraya səfərə gəlməsi beynəlxalq hüququn pozulması, eyni zamanda Ermənistanın işğalçı dövlət olmasının sübutudur”.
 
H.Məmmədov vurğuladı ki, Paşinyanın belə məsuliyyətsiz sözləri və davranışları ATƏT-in Minsk qrupu və onun həmsədrləri tərəfindən təcili olaraq qınanılmalı və çəkindirici tədbirlərə əl atılmalıdır: "Əks təqdirdə, bu cür davranışlar müharibə səbəbidir və Azərbaycan bunu etməyə həm iqtisadi, həm də hərbi-siyasi qüdrəti ilə hazırdır. Ermənilərin heç gözləmədikləri bir vaxtda ildırım sürətli bir həmlə paşinyanların siyasi təlxəkliyinə birdəfəlik son qoya bilər. Ona görə də yaxşı olar ki, həm ATƏT-in Minsk qrupunun həmsədrləri, həm də Ermənistanda rasional düşünməyi bacaran daxili siyasi aktorlar vəziyyəti düzgün qiymətləndirib problemin həlli ilə bağlı konkret addımlar atsınlar”.
 
Politoloq Nəzakət Məmmədova bildirdi ki, Ermənistan baş naziri Qarabağdakı çıxışı ilə beynəlxalq hüquqa, danışıqlar prosesinə xələl gətirməklə yanaşı, bir daha öz xalqını, onunla sövdələşib hakimiyyətə gətirən gücləri, habelə regionda maraqları olan beynəlxalq güc mərkəzlərini aldatmağa çalışdı: "Belə ki, Paşinyan özünü hakimiyyətə saxta qəhrəman obrazında gəlmiş, 20 il Ermənistanı güc, zorakılıq, repressiya yolu ilə idarə etmiş "Qarabağ klanı”ndan fərqli təqdim etməyə çalışdı. Eləcə də erməni xalqına özünü demokrat obrazında qələmə verərək, müasir təfəkkürlü lider kimi siyasi ambisiya ortaya qoymaqla, rəngli inqilab yolu ilə hakimiyyəti ələ keçirdi. Lakin bu gün görünən odur ki, həm ölkəsinin və iqtidarının içində olduğu mürəkkəb şərait, həm də şəxsi və işgüzar keyfiyyətləri ona elan elədiyi yüksək dəyərlərə, demokratiyaya, qanunun aliliyi prinsiplərinə sadiq qalmağa, eləcə də həmin prinsipləri ölkəsində norma və həyat tərzinə çevirməyə imkan vermir”.
 
N.Məmmədova qeyd etdi ki, Paşinyan barbar təfəkkürlü, səfalət həddində yaşayaraq aldanmağı sevən, özünü müstəqil dövlət olma yalanlarına inandırmış Qarabağ ermənilərinin qarşısında etdiyi nitqi ilə özünü ifşa etdi: "Növbəti dəfə sübut etdi ki, iqtidarda olduğu müddətdə o, öz xalqını hakimiyyətinin əsas prinsipi olaraq elan etdiyi demokratiya dəyərlərinə hörmət etmək səviyyəsinə yüksəldə, eləcə də işğala son qoymağın, sülhə getməyin zəruriliyinə inandıra bilməyib. Əksinə, özü öz elan etdiyi prinsiplərə zidd gedərək, kütlənin düşüncəsində hakim olan barbar təfəkkürünün səviyyəsində qalıb. Digər tərəfdən, Paşinyan beynəlxalq güc mərkəzləri tərəfindən ölkəsinə və Qarabağ separatçı rejiminə son illərdə ard-arda diplomatik-siyasi, maliyyə cəhətdən vurulan zərbələri, kəsilən ianə və yardımları bu cür aqressiv, "patriotik" notlara söykənən çıxışlarla kompensasiya etməyə çalışır. Qarabağa Amerika Beynəlxalq İnkişaf Agentliyi (USAID) və digər kanallarla edilən yardımların kəsilməsi, Ermənistana edilən yardımların azalması, şübhəsiz ki, Paşinyanın nüfuzuna təsir göstərir və onun reytinqi xeyli azalıb. Bu cür çıxışlarla Paşinyan öz reytinqini artırmağa çalışır. O, siyasi proseslərin içərisindədir, real vəziyyəti yaxşı dərk edir. Ona görə də bilir ki, münaqişənin həlli heç də onun dediyi kimi, tamamilə Ermənistanın iradəsindən asılı deyil. Bu, heç şübhəsiz işğalçı dövləti məsuliyyətdən azad etmir, çünki Ermənistan öz üzərində həqiqətən də təzyiq hiss etsə və havadarlarından məhrum olsa, həmin əraziləri boşaltmağa məcbur olacaq”.
 
BƏXTİYAR

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.884
GEL 1 1 Gürcüstan larisi 0.5797
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0603
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1764
CHF 1 1 İsveçrə frankı 1.73
KWD 1 1 Küveyt dinarı 5.5892
TRY 1 1 Türkiyə lirəsi 0.2966