• cümə, 19 Aprel, 22:38
  • Baku Bakı 24°C

Paşinyanın sayıqlamaları reallığa söykənmir

11.05.18 20:11 790
Paşinyanın sayıqlamaları reallığa söykənmir
Ermənistanda hakimiyyət dəyişikliyindən sonra baş nazir olan Paşinyan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı sərsəm bəyanatlar verməyə başlayıb. O, separatçı rejimin danışıqlarda əsas tərəf kimi iştirak etməsi ilə bağlı ziddiyyətli fikirlər səsləndirib. Halbuki ATƏT-in mart 1992-ci il Helsinki Nazirlər Şurasının qərarı ilə Minsk Qrupu yaradılıb, münaqişə tərəfləri kimi Ermənistan və Azərbaycan, münaqişədə maraqlı tərəflər kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları tanınıb.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, Paşinyanın inqilabi proseslər nəticəsində hakimiyyətə gəldikdən sonra xalqın düşdüyü ağır iqtisadi-sosial vəziyyətdən qurtuluşu naminə ciddi addımlar atacağı gözlənilirdi: "İlk növbədə iqtisadi böhranın aradan qaldırılması ilə bağlı hər hansı bir proqram xarakterli bəyanat verəcəyi ehtimal edilirdi. Amma belə olmadı. O, ən ucuz yol olan populizmi seçdi. Paşinyan ilk səfərini də separatçı rejimə etdi. Xankəndində isə populizmlə zəngin ziddiyyətli bəyanatlar verdi. Həmin bəyanatlar içərisində, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinə əsas tərəf kimi separatçı rejimin cəlb edilməsi ilə bağlı yanaşması heç bir tənqidə dözməyən yanaşmadır. Hər kəsə bəllidir ki, separatçı rejimi işğalçı Ermənistan dövləti yaradıb və münaqişə də Ermənistanla Azərbaycan arasındadır. Bu nöqteyi-nəzərdən separatçı rejimin danışıqlar prosesinə əsas tərəf kimi cəlb edilməsi nəticə etibarı ilə onun legitimləşdirilməsi istiqamətində bir addım olardı. Yəni, Ermənistanın da niyyəti odur ki, məhz rejimin legitim olması fonunu yaratsın. Bunun ardınca da növbəti addım o olsun ki, beynəlxalq ictimaiyyətdən münaqişənin tənzimlənməsi ilə bağlı artıq qanuni tərəf kimi çıxış edən qondarma rejimin tanınmasına nail olsun. Eyni zamanda, Paşinyan belə bir ifadə işlədib ki, qondarma rejimin tanınmasından sonra onun Ermənistana birləşdirilməsi məsələsinə baxılmalıdır. Göründüyü kimi, birinci addım kimi separatçı rejimin tanınması, ikincisi onun legitim olduğunu təsdiqləyib beynəlxalq birlik tərəfindən tanınmasına nail olmaq, üçüncü addım kimi isə qondarma rejimin Ermənistana birləşdirilməsini gerçəkləşdirməkdir. O, belə bir sxem üzrə hərəkət etmək istəyir və bu da qeyri-mümkün olan bir məsələdir. Azərbaycan tərəfi heç bir zaman buna gedə bilməz. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü heç bir zaman danışıqlarda müzakirə predmeti olmayıb. Bu dəyişməz mövqedir. Eyni zamanda dövlət başçısı ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümündə keçirilən tədbirdə də bir daha vurğuladı ki, Ermənistan tərəfi illüziyalarla yaşamasın, Azərbaycanın ərazi bütövlüyü danışıqların müzakirə mövzusu deyil”.
E.Nəsirov qeyd etdi ki, Paşinyan bu fikirlərindən sonra sülh danışıqlarından bəhs edir: "Məsələ ondadır ki, Paşinyan münaqişənin həlli ilə bağlı prosesdə özünü Sarkisyanın siyasətinin davamçısı kimi aparır. Baxmayaraq ki, o, Sarkisyanı dövlət başçısı kimi qəbul etməmişdi. Amma münaqişənin həlli ilə bağlı Sarkisyanı təkrar edir. Görünür hələ dərk edə bilməyib ki, bugünkü Ermənistanın bəlalarının kökündə bu ölkənin işğalçılıq siyasəti və onun yaratdığı bumeranq effekti durur. Belə getsə, bir müddətdən sonra xalqda bir məyusluq da yaranacaq. Çünki onlar yeni bir qüvvəni hakimiyyətə gətirdiklərini və iqtisadi problemlərin həll ediləcəyini zənn edirdilər. Lakin vəziyyət daha da ağırlaşmağa başlayıb. Ona görə də qənaətim belədir ki, əgər Paşinyan münaqişənin həlli ilə bağlı konstruktiv mövqe tutmasa, Sarkisyandan fərqli olaraq heç 10 ay da hakimiyyətdə qala bilməyəcək”.
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirdi ki, Dağlıq Qarabağda olarkən davranışı və verdiyi bəyanatlar N.Paşinyanın münaqişənin tənzimlənməsinin gedişi barədə tam məlumatsız olduğunu göstərdi: "Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan 10 il çalışdı, amma Dağlıq Qarabağ ermənilərini danışıqlar stolu arxasına qaytara bilmədi. Dağlıq Qarabağ erməniləri danışıq stoluna yalnız Dağlıq Qarabağ azərbaycanlıları ilə birlikdə qayıdacaq”.
Politoloq qeyd etdi ki, N.Paşinyan Dağlıq Qarabağ məsələsində əvvəlcə rəsmən məlumatlansaydı, daha düzgün olardı: "Beynəlxalq aləm Dağlıq Qarabağ azərbaycanlılarının deportasiyasına hüquqi don geydirə bilməz və Paşinyan bunu dərk etməlidir. Danışıqların iki əsas və iki maraqlı tərəfi var - Ermənistan və Azərbaycan əsas tərəflər, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları maraqlı tərəflərdir”.
M.Əhmədoğlu vurğuladı ki, Paşinyanın bəyanatları S.Sərkisyanın dediklərinin təkrarıdır: "Amma o, Sarkisyan deyil. Çünki Sarkisyan 10 illik prezidentliyi dövründə tədricən aktyora çevrildi. Paşinyan isə düşünür ki, elə indidən yalanı geosiyasi parametrə çevirə biləcək.
10 il bundan qabaq Azərbaycanla Ermənistan arasında hərbi, iqtisadi baxımdan fərq az idi. İndi isə iki ölkə arasındakı fərq hədsiz böyükdür. Ermənistan bütün parametrlər üzrə sürətlə geriləyir, bunun əksinə Azərbaycan irəliləyir. Paşinyan bu məsələ barədə düşünsə yaxşı olardı. Çünki erməni xalqı Sarkisyanın Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı danışdığı 10 illik yalanlardan bezdi. İndi isə Paşinyan Sarkisyanın yalanlarına sahib çıxır. Belə getsə, ermənilər Paşinyana heç 10 ay vaxt verməyəcək”.

Bəxtiyar MƏMMƏDLİ
banner

Oxşar Xəbərlər