• cümə, 26 Aprel, 21:45
  • Baku Bakı 22°C

Paşinyanın reytinqi sürətlə enir

04.10.19 15:45 1350
Paşinyanın reytinqi sürətlə enir
Nikol Paşinyan, hakimiyyətinin ilk vaxtlarında yaşadığı ən populyar lider statusunu, deyəsən, artıq itirmək üzrədir. İl yarımlıq müddət keçməsinə baxmayaraq, nə ölkədə ciddi bir dəyişiklik baş verir, nə verilən vədlərin yerinə yetirilməsi istiqamətində bir addım belə atılır. Bunun nəticəsidir ki, getdikcə inqilabçı hakimiyyətə dəstək, azalan xətt üzrə gedir. Yeri gəlmişkən, Ermənistan hakimiyyət orqanları siyasi qüvvə və xadimlərin reytinqini müəyyən etmək üçün mütəmadi olaraq daxili istifadə üçün məxfi sorğular keçirir. Sosial şəbəkələrdə baş nazir Nikol Paşinyanın reytinqini müəyyən etmək üçün keçirilən sorğunun nəticələri elan edilib. Bu sorğunun nəticələrinə görə, baş nazirin reytinqi 25 faizə qədər geriləyib. Lakin elə bu rəqəmin özü belə həqiqəti əks etdirmir. Belə ki, erməni kütləvi informasiya vasitələrinin məxfi rəsmi kanallarla əldə etdikləri məlumata görə, bir qədər əvvəl başqa bir sorğunun nəticələri mətbuata sızıb. Bəlli olub ki, baş nazirin reytinqi 45 faizə qədər düşüb. "Qraparak” qəzeti yazır ki, sosioloji sorğu güc strukturları rəhbərlərinin istefaları və baş nazir Nikol Paşinyanın Birləşmiş Ştatlara səfərindən əvvəl aparılıb. Lakin onun nəticələri hakimiyyət daxilində ciddi həyəcan təbili çalınmasına səbəb olub. Qəzet yazır ki, analitiklər Paşinyana vəziyyəti dəyişmək üçün nə etməli olduğunu anlatmağa çalışırlar. "Paşinyan hər vəchlə Rusiya-Ermənistan münasibətlərinin normallaşmasına çalışmalıdır”. "Aysor.am” internet nəşrinə müsahibəsində analitik Alla Aydiyan bildirib ki, Putinin səfəri tək erməni-rus münasibətlərinə deyil, bütövlükdə regionda geosiyasi münasibətlərə təsir etməlidir.
Erməni mediası başqa bir məsələni diqqətə alır. Söhbət baş nazirin bu yaxınlarda "Sasna Çrer” silahlı qruplaşmasının rəhbərliyi ilə görüşündən gedir. Politoloq Vigen Akopyan "Nyus.am” agentliyinə müsahibəsində bildirib ki, görüş ona işarədir ki, hakimiyyət daxilində dayaq dəyişikliyi baş verir. Onun sözlərinə görə, bu görüş onu deməyə əsas verir ki, Paşinyan artıq öz komandasına etibar etmir. Və komanda üzvləri İstanbul konvensiyası və "Amulsar” qızıl yatağı ilə bağlı tutduqları mövqeni davam etdirsələr, onda Paşinyan alternativ variantlar axtaracaq. "Bu, ona işarədir ki, ciddi dəstək ala bilməyən Paşinyan korrektələr edəcək”, - deyən politoloq əlavə edib ki, "Sasna Çrer” ilə görüş müxalifətin fəallaşmasına cavab kimi də qiymətləndirilə bilər: "Bu, bir növ həm də revanşistlərə yönəlmiş addım kimi dəyərləndirilməlidir”. Akopyan bildirib ki, bir çoxları bu görüşü güc strukturlarındakı istefalarla əlaqələndirirlər.
Bütün bunların nəticəsidir ki, artıq baş nazirə qarşı təhqir və tənqidlər pik həddə çatıb. Məsələn, Rusiyanın "Nyus Media” Nəşriyyat Evinin erməni əsilli rəhbəri Aram Qabrelyanov özünün "Facebook” səhifəsində Ermənistanın keçmiş polis rəisi Valeri Osipyanın baş nazirin müşaviri vəzifəsindən istefa verməsi barədə xəbəri paylaşaraq belə bir şərh yazıb: "Qəribə adamlardılar. Bu rütbəyə gəlib çıxıb, anlamır ki, hakimiyyətə saqqallı təlxək gəlib? Mən burada, Moskvada otura-otura onun təlxək olduğunu anladım. Onların isə bunu başa düşmələri üçün bir il vaxt keçməli idi?” Qeyd edək ki, Paşinyan sentyabr ayında Ermənistanın iki güc strukturunun rəhbərini – Milli Təhlükəsizlik Xidmətinin rəisi Artur Vanetsyanı və Ermənistan polisinin rəisi Valeri Osipyanı istefaya göndərmişdi. Sonradan Osipyan Baş nazirin müşaviri vəzifəsinə təyin olunmuşdu. Oktyabrın 3-də Ermənistan KİV-ləri Osipyanın bu vəzifədən getməsi barədə xəbər yayıblar. Aram Qabrelyanov "Life.ru” xəbər portalının daxil olduğu "Nyus Media” Nəşriyyat Evinin rəhbəri, "İzvestiya qəzetinin redaksiyası” ASC-nin direktorlar şurasının sədri, Moskvanın "Ararat” futbol klubunun sahibidir.
Hakimiyyət daxilində başqa bir ciddi problem Qarabağ klanıdır. Bu klanın nümayəndəsi Ermənistan Konstitusiya Məhkəməsinin sədri Qrayr Tovmasyan parlamentdə özünün impiçment məsələsinin müzakirəsində iştirakdan imtina edib. Tovmasyan bu məlumatı "Facebook” səhifəsində paylaşıb. O, həmçinin, impiçmentlə bağlı səsvermədə iştirakdan imtina edən "Çiçəklənən Ermənistan” Partiyasının deputatlarından da üzr istədiyini bildirib. Tovmasyan bu addımını hökumət nümayəndələrinin məhkəmə sistemi əleyhinə təhqiramiz ifadələrə yol verməsi, may ayında məhkəmə binalarını bağlamaları ilə əlaqələndirib. Qeyd edək ki, Konstitusiya Məhkəməsi sədrinin impiçmenti haqqında təşəbbüslə hakim "Mənim addımım” koalisiyası çıxış edib. Tovmasyan Qarabağ klanının əsas simalarından hesab edilir.
Bu arada Ermənistan Apellyasiya Məhkəməsi sabiq maliyyə naziri, dövlət gəlirlər komitəsinin keçmiş rəhbəri Gagik Xaçatryanı külli miqdarda mənimsəmə ittihamı ilə həbsdə saxlayıb. G.Xaçatryanın vəkili Erem Sarkisyan qeyd edib ki, Apellyasiya məhkəməsi Xaçatryanın həbsi ilə bağlı müraciəti rədd edib: "Ddaxili məhkəmələrə etibar edilmir və işi beynəlxalq məhkəmələrə verəcəyik. Təəssüf ki, bu qərar Avropa Məhkəməsində ciddi problemlər yaradacaq”. Bütün bunlar qarşıdakı dövr ərzində Ermənistanı kifayət qədər çətin günlər gözlədiyini deməyə əsas verir. Bir çoxları hesab edir ki, Paşinyanın sərsəmliyi ölkədə yeni etiraz dalğasına səbəb olacaq. "Politnaviqator” informasiya agentliyinin bu başlıq altında dərc etdiyi məqalədə Ermənistan baş nazirinin son vaxtlar verdiyi məntiqsiz qərarlarından və qəribə təyinatlarından söhbət açılır.
Ermənistanda hadisələrin inkişaf istiqaməti bu nəticəyə gəlməyə əsas verir ki, bütün qlobal və regional layihələrdən kənarda qalan işğalçı ölkə, hazırda sosial partlayış ərəfəsindədir. İlk növbədə, ona görə ki, əhalinin maddi gəlirləri aşağı düşdüyü bir vaxtda, inflyasiyanın səviyyəsi artır, kommunal xidmətlərə görə insanlardan daha böyük həcmdə vəsait tələb olunur. Bu fonda Ermənistanda əhalinin sosial durumu dözülməz bir həddə çatıb. Ancaq hakimiyyətə gəldikdən sonra xalqa verdiyi vədlərə sadiq qalmayan baş nazir Nikol Paşinyanı bunların heç biri maraqlandırmır.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər