• cümə, 29 Mart, 19:13
  • Baku Bakı 14°C

Paşinyanın reytinqi sürətlə düşür

25.04.19 20:01 463
Paşinyanın reytinqi sürətlə düşür
Ermənistanın "inqilabçı” baş naziri Nikol Paşinyan dövlət çevrilişi yolu ilə hakimiyyətə gəlməsinin ildönümünü qeyd edir. Neçə gündür ki, Rusiya və dünya mediasında Paşinyanın hakimiyyətinin ildönümünə həsr olunan analizlər yer alır. Onların böyük əksəriyyətinin gəldiyi qənaət budur ki, dəyişən tək simalardır, sistem əvvəlki qaydada idarə olunur. Ölkəyə nə vəd edilən investisiya axını var, nə də Avropa ilə strateji yaxınlığın əlamətləri.
Keçirilən rəy sorğuları əvvəlki hakimiyyətlə indiki arasında elə də ciddi fərqin olmadığını üzə çıxarır. Məsələn, "Sputnik-Ermənistan”ın saytında "Ermənistanda məxməri inqilab”dan sonra nə dəyişib?” sorğusu başa çatıb. Nəticələr Paşinyan hakimiyyəti üçün əslində həyəcan təbili olmalıdır. Bir il bundan əvvəl reytinqi az qala 90 faizə yüksələn Paşinyanın reytinqi durmadan aşağı düşür. Respondentlərin 28 faizi bildiriblər ki, vəziyyətləri bu il ərzində pisləşib. 23 faiz isə bəyan edib ki, heç nə dəyişməyib. 18 faiz bu qənaətdədir ki, Ermənistanın beynəlxalq aləmdə nüfuzu yüksəlib. Cəmisi 6,5 faiz bəyan edib ki, onlar üçün yaşamaq daha da yaxşılaşıb.
Xarici siyasətə gəldikdə, Paşinyanın uğursuzluğu kifayət qədərdir. Ölkə əvvəlkitək forpost damğasını qoruyub saxlayır. Bu müddət ərzində Paşinyan nə qədər cəhd etsə də, Rusiya prezidenti Vladimir Putini ölkəsinə dəvət edə bilməyib, nə də rəsmi səfər dəvəti alıb. Baş nazir bəyan edir ki, bütün vədlərini yerinə yetirib, Ermənistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında saxlayıb. Halbuki, məhz o və onun siyasi hərəkatı Rusiyanın rəhbərlik etdiyi bütün strukturlardan imtina edilməsini tələb edirdi.
Artıq erməni saytları yazır ki, Ukraynadakı hadisələr Ermənistanda da gözlənilir. "Cənab Paşinyan Zelinski deyil, o, tipik Poroşenkodur”. Bunu "1in.am” saytına müsahibəsində ukraynalı analitik Vitali Portnikov deyib. "Paşinyan oliqarxik sistemin parçalanmasından sonra böyük ümid bəslənilən şəxsdir. Əhali görəndə ki ümidləri doğrulmur, o zaman Paşinyan Poroşenko kimi sevilməz ola bilər. Mən Ermənistanda baş verənlərlə Maydan arasında paralellər görürəm. Paşinyanın sizdə Maydan olmamasını sübut etmək üçün göstərdiyi bütün səylərə rəğmən deyə bilərəm ki, sizdə əsl Ukrayna Maydanı olub. Bizdə bu gün baş verənləri siz bir neçə il sonra görəcəksiniz”, – deyə o bildirib.
Yeri gəlmişkən, baş nazir bir illik idarəçiliyinin yekunları ilə bağlı "Nezavisimaya qazeta”ya müsahibəsində Rusiya ilə münasibətlər də daxil olmaqla bir çox məsələlərə aydınlıq gətirib. Onun sözlərinə görə, Ermənistan-Rusiya münasibətləri dəyişikliklərə məruz qalmayıb və əgər nəsə dəyişibsə, bu, pozitiv istiqamətdə baş verib. "Nezavisimaya qazeta”nın icmalçısı Yuri Simonyanın "Suriyaya hərbi humanitar yardımın aparılması ilə bağlı Vaşinqton tərəfindən Ermənistanın keçmiş hakimiyyəti indiki iqtidar qədər açıq şəkildə heç vaxt tənqid edilməyib. Siz ABŞ-la münasibətləri necə tarazlaşdırmağı planlaşdırırsınız” sualına o, belə cavab verib: "Mən vəd verdiyim kimi, bizim münasibətlərimizdə heç bir qaranlıq məqam yoxdur. Mövqeyimiz işgüzar görüşlərdə ictimaiyyət arasında sərgilədiyimizdən fərqli olmur. Bu, münasibətlərimizi yeni səviyyəyə qaldırmaq üçün yaxşı şansdır. Rusiya bizim strateji tərəfdaşımız və müttəfiqimizdir. Bizim Avropa İttifaqı ilə münasibətlərimiz daha aktiv olub. Rusiyalı həmkarlarımız bununla bağlı məlumatlandırılıblar”.
N.Paşinyanın sözlərinə görə, Ermənistan regional və beynəlxalq münasibətlərdən əlahiddə şəkildə mövcud ola bilməz.
Xatırladaq ki, Nikol Paşinyan bundan əvvəl Rusiyadan da gileylənmişdi. O, "Civilnet”ə verdiyi müsahibəsində demişdi: "Mən açıq danışmaq istəyirəm. Rusiya elitasının Ermənistanda baş verənlərlə bağlı problemləri var. Komandamızın üzvləri keçmişdə siyasi müxalifətdə olublar. Vətəndaş cəmiyyətini təmsil ediblər. Bu adamlar keçmiş hakimiyyətlə əməkdaşlıq etmək istəməyiblər. Vətəndaş cəmiyyəti sektorunu Rusiyanı sevməyən beynəlxalq təşkilatlar maliyyələşdırib. Bu səbəbdən də bizə etimadsızlıq var. Ancaq əminəm ki, zaman-zaman bu məsələ yoluna düşəcək”.
Maraqlıdır ki, baş nazir müsahibəsində ölkəsində ona qarşı çıxanların, eləcə də müxalif şəxslərin məhkəməsiz-sübutsuz həbs olunmasına toxunmayıb. Artıq onun bu siyasətindən narazı olanlar durmadan ölkəni tərk edir, ya da başqa ölkələrdən sığınacaq istəyir. Ermənistanın məhkəmə qərarlarının icrası xidmətinin keçmiş rəisi, ədliyyə generalı Miqran Poqosyan Rusiyadan siyasi sığınacaq istəyib. Poqosyan Ermənistan hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilmişdi və bu günlərdə onun Moskvada tutulduğu məlum olmuşdu. Rusiya tərəfi Poqosyanın ekstradisiyası ilə bağlı müraciətə baxarkən erməni general ölkəsinə verilməməsi üçün siyasi sığınacaq istəyib.
Miqran Poqosyanın adı "Panama sənədləri”ində açıqlanmışdı və onun xaricdə biznes aktivlərinin olduğu üzə çıxmışdı. Onun Rusiyadan sığınacaq istəməsi Ermənistanda fərqli reaksiyalara səbəb olub. Ermənistanın Dövlət Nəzarət Xidmətinin rəhbəri, hazırda korrupsiya ittihamı ilə istintaq altında olan David Sanasaryan Facebook-da yazıb: "Hər yoldan ötən cinayətkara və ağzından tüpürcək axana general rütbəsi verəndə belə biabır olmalıydıq. Ciddi zabit mədəniyyətinə malik ölkələrdə general rütbəsi daşıyanlar hətta işgəncə altında başqa ölkələrdən siyasi sığınacaq istəməzlər, öz ölkələrinə təslim olarlar ki, poqonlarını daşıdığı institutun divarları əlçatmaz olsun. Hərçənd Poqosyan kimiləri üçün şərəf yad anlayışdır”.
Parlamentin iqtisadi məsələlər komissiyasının rəhbəri Babken Tunyan isə deyib ki, ölkənin keçmiş yüksək rütbəli şəxsinin, dövlət sirlərinə çıxışı olan generalın başqa ölkədən siyasi sığınacaq istəməsi yaxşı hal deyil. Və o, vətəndaş kimi buna neqativ baxır. "Habelə, vətəndaş kimi mən Miqran Poqosyanın necə general olduğuna da təbəssümlə baxıram” - o bildirib.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər