• cümə, 19 Aprel, 19:51
  • Baku Bakı 24°C

Paşinyanın qeyri-müəyyən gedişləri ermənilərin milli probleminə çevrilib

11.09.18 19:47 490
Paşinyanın qeyri-müəyyən gedişləri ermənilərin milli probleminə çevrilib
Ermənistanda baş verən "küçə inqilabı”ndan sonra baş nazir postuna sahiblənən Nikol Paşinyan ötən müddət ərzində öz ölkəsinin problemləri, eləcə də xarici siyasəti ilə bağlı konkret konsepsiya ilə çıxış etməyib. Ölkəsində yaşanan inqilab eyforiyası aradan qalxdıqca, əslində Paşinyanın siyasi savadsızlığı, qeyri-müəyyən mövqeyi ortaya çıxır. Bu günlərdə ard-arda Dağlıq Qarabağ probleminin həlli ilə bağlı verdiyi ziddiyyətli açıqlamalar da sübut edir ki, Nikol Paşinyanın ümumiyyətlə danışıqlar prosesindən xəbəri yoxdur. Sadəcə olaraq, küçə tərəfdarlarının dediklərini dilə gətirir və bununla da özünü gülüş hədəfinə çevirir.
Heç təsadüfi deyil ki, belə addımlarına görə Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov Nikol Paşinyanı "KVN”-şik adlandırdı. Görünən isə odur ki, Paşinyanın əsas məqsədi nə olur-olsun hakimiyyətini əlində saxlamaq üçün keçiriləcək parlament seçkilərində qələbəyə nail olmaqdır. Bu qeyri-müəyyən mövqe ilə Paşinyan hara qədər gedə biləcək?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bildirdi ki, Nikol Paşinyanın qeyri-müəyyən mövqeyi ilə hara qədər gedəcəyi ilk növbədə Ermənistan əhalisindən asılıdır: "Digər tərəfdən isə, bu ölkəni himayə edən böyük dövlətlərdən asılıdır. Paşinyan sadəlövh, populistdir. Yəni siyasətdən başı çıxmayan insanlar çox şey danışa və istəyə bilər. Amma siyasətlə məşğul olan insanlar imkanlarının sərhədlərini görməlidir. Yerli camaat öz arasında nə deyirsə, Paşinyan da onu da dilinə gətirib, gic-gic danışır. Ola bilsin ki, o məhz Qarabağla bağlı dediklərini əhalidən seçkilərdə səs qazanmaq naminə edir. Ancaq bu yanaşma ilə masa arxasında oturmağa dəyməz. Çünki o mövqenin Dağlıq Qarabağ probleminin həlli ilə bağlı aparılan danışıqlarda müzakirə edilməsi mümkün deyil”.
R.Musabəyov qeyd etdi ki, Paşinyanın qondarma rejimlə bağlı dedikləri əsassızdır: "Qondarma Qarabağ rejimini heç tanıyan yoxdur ki, onun "konstitusiyası”ndan da danışılsın. Paşinyanın dediklərindən belə çıxır ki, ya Azərbaycan qondarma rejimlə danışıqlar aparsın, ya da Qarabağın Ermənistana birləşməsini qəbul etsin, o zaman mən gəlib onların əvəzindən danışıqlarda iştirak edib, ətraf rayonlar barədə müzakirə apara bilərəm. Belə bir əyalət məntiqi olan bir adamla danışıqlar masası arxasında oturmaq qeyri-mümkündür”.
Politoloq Tofiq Abbasov bildirdi ki, Paşinyan siyasi cəhətdən çox zəif və konkret konsepsiyası olmayan bir adamı xatırladır: "Ona görə də indi ölkənin daxilində mövcud olan demokratiya eyforiyası sovuşduqca, Paşinyanın kreativlik baxımından zəif və təklifsiz olması göz önünə gəlir. Çünki Ermənistan daxilində həqiqətən də vəziyyət ağırdır, baş nazir "Qarabağ klanı” ilə hələ də münasibətlərini qura bilməyib. Digər tərəfdən xarici investorları müəyyən etməkdən ötrü eksperimentlər aparır. Demokratiya eyforiyasının sonunda da nə isə görünmür ki, deyəsən bu adamın hansısa bir aydın, anti-böhran baxışları və ya niyyətləri var ki, həyata keçirə bilsin. Əsasən də ən böyük problem ondadır ki, Paşinyan Qarabağ məsələsi ilə bağlı daim spekulyasiyalar edir. Gah Qarabağın Ermənistana birləşdirilməsindən, gah da qondarma rejimin nümayəndələrinin danışıqlara qatılmasından danışır. Sonra da bəyan edir ki, Qarabağla bağlı danışıqlar aparmağa mənim səlahiyyətim yoxdur. Halbuki, o artıq Ermənistanın lideridir. 1994-cü ildə imzalanmış Bişkek protokolunda məhz rəsmi İrəvan Dağlıq Qarabağda yaşayan erməni azlığının qarantı kimi müəyyən edilib. Bəs necə olur ki, yeri gələndə deyirlər, guya Azərbaycan həmin protokolu imzalamaqla Dağlıq Qarabağı tamhüquqlu tərəf kimi qəbul edib. Lakin söhbət iş görməyə, işğalçı qoşunları Azərbaycan ərazilərindən çıxarmağa gələndə, Ermənistan rəhbərliyi səlahiyyətsiz olduğunu deyir? Burada təzadları biz görürük və bu da erməni siyasi liderinin yararsız mövqe tutmağından irəli gəlir. Bu mənada elə də böyük perspektiv görmürəm. Belə hərəkətləri ondan xəbər verir ki, Nikol Paşinyan hakimiyyətdə və siyasətdə uzunömürlü olmayacaq. Bilirsiniz ki, küçə hərəkatının imkanları ilə hakimiyyətə gəlmək asandır, amma onu əldə saxlayaraq səmərəli siyasət yürütmək, ölkəni böhrandan çıxarmaq deyə bir şey yoxdur.
Eyni zamanda hər kəsə bəllidir ki, Qarabağ probleminin yükü artıq Ermənistanı əzir. Əgər bunlar çıxış yolunu Dağlıq Qarabağ ətrafında gedən danışıqlardan yayınmaqda görürlərsə, onda bu ölkənin, xüsusilə bu hökumətin axırı yoxdur. Çünki istər-istəməz belə bir hökumət devriləcək”.

T.Abbasov qeyd etdi ki, Avrasiya İqtisadi İttifaqı iqtisadi blokdur və burada Azərbaycanın ərazi bütövlüyünün tanındığını Ermənistana anlatdılar: "Digər tərəfdən Ermənistan işğalçılıq meyllərini kənara qoymalıdır. Çünki bu ölkə hansısa bir blokun, assosiasiyanın üzvüdürsə, onun tərəfdaşlarından heç biri istəmir ki, Ermənistan özü ilə xəstə meylləri, naqislik sindromlarını translyasiya etsin. Bu, aydın bir məsələdir. İstər Avrasiya İttifaqında, istər KTMT çərçivəsində Ermənistan artıq sabitlik faktoru yox, qeyri-stabillik amilinə çevrilib. Heç bir tərəfdaş, eləcə də blok istəmir ki, belə ağır yüklər onun üzərinə düşsün. Çünki belə bloklar təhlükəsizlik, eləcə də iqtisadi səmərə güdən bloklardır. Onlara lazım deyil ki, Ermənistan öz problemlərini gətirsin və hamıya bunu yaşatsın. Bu baxımdan hesab edirəm ki, Paşinyanın qeyri-müəyyən, məğzi, mənası bilinməyən gedişləri ermənilərin milli səviyyədə probleminə çevrilib. Elita qeyri-müəyyən vəziyyətdə qalıb və bilmirlər ki, ermənilər bu minvalla hara gedib çıxa biləcək”.

Bəxtiyar MƏMMƏDLİ
banner

Oxşar Xəbərlər