• çərşənbə, 24 Aprel, 23:35
  • Baku Bakı 23°C

Paşinyanın Putinin təhdid xarakterli təbrikinə cavabı gecikmədi

04.09.19 17:06 1241
Paşinyanın Putinin təhdid xarakterli təbrikinə cavabı gecikmədi
Rusiya ilə Ermənistan arasında gərginliyə daha bir qalmaqal əlavə olunub. Nikol Paşinyan hökuməti Rusiya müxalifətçisi, ictimai-siyasi xadim Vitali Şişkinə qaçqın statusu və sığınacaq verib. Miqrasiya Xidmətinin bu barədə yaydığı bəyanatda deyilir ki, Rusiya Federasiyasına qaytarılacağı təqdirdə Şişkinin həyatına real təhlükə yarana bilərdi. Şişkinin özü bu barədə deyib: "Mən Ermənistanda qaçqın statusunu Rusiyada siyasi motivlərlə təqib olunduğuma görə almışam. Qaçqınlığın müxtəlif növləri var. Məsələn, müharibə qaçqını kimi. Amma mən əvvəlcədən keçmiş siyasi məhbus kimi siyasi sığınacaq almağa çalışırdım”. Azatutyun yazır ki, Şişkin Ermənistana 6 ay bundan əvvəl – 2019-cu ilin 22 yanvarında gəlib. Onun sözlərinə görə, son dəfə Ermənistanda 2011-ci ildə olmuşdu və o vaxtdan bəri ölkə xeyli dəyişib. O 2019-cu ilin yanvarında həbsxanadan çıxan kimi Ermənistana gəlib. Özünün dediyinə görə, siyasi motivlərlə həbs olunaraq 4 il həbsxanada saxlanıb: "Mənim xarici pasportumun müddəti qurtarmışdı. Yeni pasport almaq istəyəndə pasport masasındakı qızlar dedilər ki, mənə pasport müstəsna olaraq Federal Təhlükəsizlik Xidməti tərəfindən verilə bilər. Buna görə də mən Ermənistandan başqa heç yerə gedə bilməzdim. Burada bir qədər əvvəl çox gözəl hadisələr baş vermişdi. Mən də düşündüm ki, indi bura əvvəlkindən tamamilə fərqli ölkədir”. Şişkinin dediyinə görə, hazırda Rusiyada haqqında axtarış elan olunub. Lakin Ermənistan Baş Prokurorluğundan Azatutyuna bildiriblər ki, Şişkin bu axtarış əsasında aşkar olunub həbs edilmədiyinə görə, onun təslim edilməsi barədə heç bir ölkədən müraciət olunmayıb. Amma Rusiya müxalifətçisi deyir ki, Ermənistana gəldiyi günün ertəsi vətənində ona qarşı bir neçə maddə üzrə ittiham irəli sürülüb. Şişkin bildirir ki, bu ittihamlardan biri də onun qanunsuz olaraq Ermənistana gəlməsidir.
Azatutyun yazır ki, miqrasiya xidməti Şişkin barədə təfərrüatlı məlumat vermək istəməyib.
Xidmətdən bunun şəxsi informasiya olduğunu bildiriblər. Bu da qeyd olunur ki, Ermənistanın "Siyasi sığınacaq haqqında” qanunu ilk dəfə Şişkinə tətbiq edilib.
Şişkin Rusiya mediasında onun barəsində yayılan xəbərləri təbliğat adlandırır. Azatutyun yazır ki, indi Şişkin Ermənistanda qaçqın pasportu ala və istədiyi xarici ölkəyə gedə bilər.
Lakin o, buna qədər Ermənistanda faşist əlaltısı Qaregin Njdeyə həsr edilmiş kitabının təqdimatını təşkil edəcək. Bu da qeyd olunur ki, Rusiya Memorial insan haqları təşkilatı Şişkinii siyasi məhbus kimi tanımışdı.
Əksəriyyət bu qənaətdədir ki, onun Ermənistanda siyasi sığınacaq alması Rusiya hakimiyyətini qıcıqlandıracaq. Əslində Ermənistan kimi ölkənin Rusiyadan olan müxalifətçiyə, üstəlik ultrasağ mövqeli birinə siyasi sığınacaq verməsi Moskvaya meydan oxumaqdır. Xüsusən də Şişkinin indi bu statusundan istifadə edib Yerevanda erməni faşisti Qaregin Njde barədə kitabının təqdimatını keçirməsi əlavə qıcıqlandırıcı amildir. Vaxtilə Ermənistanda Njdeyə heykəl qoyulanda Moskva buna sərt etiraz bildirmişdi.
İki ölkə arasında gərginlikdən söz düşmüşkən, "1in.am” Rusiya prezidenti Vladimir Putinin həbsdə olan prezident Robert Koçaryanı təbrik etməsi və bununla bağlı yaşanan gərginliyə toxunub. Sayta açıqlamasında "Vətən və şərəf” partiyasının sədri Qarnik Marqaryan bildirib ki, təbrik çoxtəbəqəlidir. Onun sözlərinə görə, bu, Ermənistana təzyiq göstərilməsi deməkdir. "Aydındır ki, Ermənistana müəyyən təzyiqlər var. Mən ondan narahatam ki, yanvarın 1-dən qazın qiymətində artım ola bilər. Bundan əlavə, Rusiya investisiyalarının həcmi həddən artıq azalıb ki, bu da elə-belə baş vermir. Həbsdə olan şəxsə ciddi və əsaslandırılmış ittihamlar irəli sürülüb. İttiham irəli sürən hüquqşünaslar da uşaq deyillər. İndi Moskva öz təzyiqi ilə Koçaryanı azad etməyə çalışır”, - deyə Marqaryan "1in.am”a müsahibəsində bildirib. Əlavə edib ki, "Əgər Levon Ter-Petrosyan-Yeltsin zamanında hər şey müzakirə ilə həllini tapırdısa, Koçaryan dövründə bütün strateji obyektlər aşağı qiymətə Rusiyaya verildi. İndi mən qəti şəkildə bildirirəm ki, nədən biz obyektlərimizi Rusiyaya hədiyyə verdik, nədən strateji şirkətlərimiz Rusiyanın təsiri altındadır?”. Onun sözlərinə görə, son 30 ildə investisiya üçün indiki kimi əlverişli şərait yaranmamışdı: "Rusiya nə edir? Niyə investisiyalar yoxdur?”. Onlar Ermənistanı öz imperiyalarının bir hissəsi kimi görməyə alışıblar. Narazılıqlarını da bu formada ifadə edirlər. Marqaryan istisna etmir ki, Rusiya Ermənistana qarşı hibrid müharibəsi aparır.
Ermənistan parlamentinin deputatı Azat Arşakyan isə hesab edir ki, "Koçaryan Putinin təyin etdiyi şəxs olduğundan təbrik də adi qarşılanmalıdır. Bu, sadəcə tragikomediyadır. Koçaryan onların kadrı, tələbəsi, casusudur. Lakin indi onu atıblar, öz kadrlarını satdılar – bu, artıq faciədir. Gülməildir ki təbrik etdilər, faciədir ki satdılar. Bu, yaxşı olmayan bir haldır və Rusiya imperializminə sədaqətlə xidmət edənlər üçün dərs olmalıdır. Belələrinə dərs olmalıdır. Yadınıza salın Slobadan Miloşeviçi. O da həbsxanada təbriklər alırdı. Qəddafi, Səddam Hüseyn, indi də növbə Robert Koçaryan və Qırğızıstanın keçmiş prezidentinindir”. Deputat Koçaryanı da atılmışların siyahısına daxil edib. O ki qaldı Putinin Yerevana oktyabrda nəzərdə tutulan səfərinə, Arşakyan bildirib ki, Putin mütləq gələcək”.
Politoloq Artak Vardanyan da Koçaryanın müdafiəsini Putin rejiminin aqoniyası adlandırır. Onun sözlərinə görə, Ermənistanda baş verən inqilab Rusiyaya sərf etmir. Ermənistan onların təsir dairəsindən çıxır”. Politoloq istisna etmir ki, Putin ümumiyyətlə Yerevana gəlməyəcək: "Mənim başa düşdüyümə görə, onlar hətta şantaja da əl atıblar. Bildiriblər ki, əgər səfərə qədər Koçaryanı azad etməsələr, Putin Ermənistana ümumiyyətlə gəlməyəcək”. O, əlavə edib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqında üzvlük məsələsinə yenidən nəzərə salmalıdır: "Bu, yalan strukturdur. Mən ümumiyyətlə, Ermənistanı bu qurumdan çıxarardım. Rusiya hərbi bazasını isə ölkədən çıxarmağa ehtiyac var”
"İnformasiyalı vətəndaşlar ittifaqı” adlı QHT-nin lideri, Daniel İoannisyan da məsələyə münasibət bildirib. Qeud edib ki, Putin Köçəryanın yanına, həbsxanaya getmək istəyirsə öz işidir, amma gərək ehtiyatlı ola. Çünki "qapı arxadan bağlana” bilər.
"Əgər Vladimir Putin Robert Koçaryanla həbsxanada görüşmək istəyirsə, qoy ehtiyatlı olsun ki, qapını arxasınca bağlamasınlar”,- o yazıb.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər