Paşinyanın növbəti təxribatı və ya “Qarabağ klanının” başına gələn Köçəryan
Avropa İttifaqının Şərq Tərəfdaşlıq Proqramına üzv
ölkələrin onlayn konfransı Ermənistan baş naziri Nikol Paşinyanın növbəti təxribat
çəhdi ilə yadda qaldı. Zabit Ramil Səfərovun Azərbaycan bayrağını aşağılayan
erməni zabitini Macarıstanda cəzalandırması hadisəsi ermənilərin yaddaşına elə
həkk olunub ki, bu hadisəni harda gəldi özlərinə uyğun şəkildə səsləndirirlər.
Paşinyan məlum hadisəni bu dəfə də onlayn konfransda xatırladaraq Avropadan dəstək
almağa çalışdı. Ancaq yenə alınmadı. Çünki Azərbaycan prezidentinin vaxtilə
Parisin Orli hava limanında partlayış tərədən və günahsız fransalıların da
ölümünə səbəb olan erməni terrorçunun Ermənistana ekstradisiya edilərək qəhrəman
kimi qarşılanması olayını xatırlatması məsələyə nöqtə qoydu.
Nikol Paşinyan bu mövzuda üstünlük qazanmayacağını
anlayaraq keçdi Qarabağ mövzusuna və özünün illərdir təkrarladığı fikri yenə səsləndirdi: "Dağlıq Qarabağ münaqişəsinin həlli Arsax,
Ermənistan və Azərbaycan xalqlarının maraqlarına uyğun olmalıdır”. Paşinyan
eyni cümləni bir gün əvvəl, yəni iyunun 17-də parlamentdəki çıxışı zamanı dilə
gətirmişdi.
Paşinyan bu cümləni hakimiyyətə gələndən bu yana təkrarlayır.
O, düşünür ki, cümləsinə "Azərbaycanın da maraqları nəzərə alınmalıdır” sözlərini
əlavə etməklə guya güzəştə gedir və bu cümləsiylə o keçmiş prezidentlər Robert
Köçəryan və Serj Sərkisyanın Dağlıq Qarabağ münaqişəsinin həllindəki mövqelərindən
fərqlənir. Əlbəttə, Köçəryan və Sərkisyan Paşinyan kimi "münaqişənin həlli Azərbaycan
xalqının da maraqlarına cavab verməlidir” fikrini işlətməyiblər. Ancaq problem
ondadır ki, işğal məsələsində Paşinyan Köçəryan və Sərkisyandan geri qalmır və
bəlkə də onlardan daha irəlidədir.
Paşinyanın işğal altındakı Şuşada "andiçmə” mərasimi
təşkil etməsi, işğal altındakı bölgələri məsşkunlaşdırması və Dağlıq Qarabağa
işğal altındakı rayonlarımız üzərindən üçüncü yol çəkməsi təxribatların davamlı
şəkil almasının bariz nümunəsidir. Bütün bunlar Azərbaycanın əleyhinədir. Ona
görə də Paşinyanın "münaqişənin həlli Azərbaycanın maraqlarına cavab verməlidir”
sözləri onun əməli ilə tərs mütənasibdir. Paşinyan sadəcə, ifadələrlə söz oyunu
aparır, əməldə isə devirdiyi və həbs etdidiyi keçmiş liderlərin işğalçılıq
siyasətini var gücüylə davam etdirir.
Nikol Paşinyan parlamentdəki çıxışı zamanı Azərbaycanda
müharibə çağırışlarından narahat olduğunu da vurğulayıb. Görəsən Paşinyan Azərbaycandan
ayrı nə gözləyir ki? Azərbaycan işğal altında torpaqlarında Paşinyanın
separatçılarla birgə təxribatlarına seyrçimi qalmalıdır? Torpaqları işğal
altında olan dövlətin müharibə çağırışları təbiidir və bu çağırışları Ermənistandan
başqa kimsə anormal qarşılamır.
Bu arada, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü
Mariya Zaxarovanın bu iyunun sonuna qədər münaqişə tərəflərinin onlayn müzakirələr
aparacağını istisna etməyib. Zaxarova deyib ki, Azərbaycan və Ermənistan xarici
işlər nazirlər daima təmasdadırlar və onlayn rejimdə müzakirə aparırlar. Onun
sözlərinə görə postkoronavirus dövründə üz-üzə görüşlər həyata keçiriləcək.
Bu açıqlamada yeni heç nə yoxdur. Əgər illərdir üz-üzə
görüşlər nəticə verməyibsə, onlayn müzakirələrdən nə gözləmək olar? Danışıqlar
keçmiş illərdə nəticə vermədiyi kimi onlayn rejimdə keçirilən müzakirələrdə də
irəriləyiş yoxdur. Zaxarova münaqişənin həllinin sürətləndirilməsi vacibliyi
barədə bir kəlmə də deməyib. Onun növbətçi sözlərinin isə əhəmiyyəti yoxdur.
Digər tərəfdən Paşinyanın onlayn konfransdakı çıxışı göstərir ki, onun xarici
işlər naziri də onlayn konfransda yeni heç nə deməyəcək.
Nikol Paşinyanın daxildə dərdi artır. Paşinyanı bir
tərəfdən koronavirus pandemiyası çökdürür, digər tərəfdən Ermənistanda "istefa”
şüarları artır. Ən gülməlisi odur ki, İrəvan bu vəziyyətdə başqa dövlətdəki ermənilərə
kömək edəcəyi barədə bayağı açıqlamalar verir. Məsələ burasındadır ki, Yaxış Şərq
dövləti olan Livan ağır iqtisadi böhrana yuvarlanıb. Livanda yaşayan ermənilərin
də durumu ağırlaşıb. Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakyan
parlamentdəki çıxışı zamanı deyib ki, Livandakı ermənilərin ağır vəziyyətinə
biganə deyillər. Deputatlardan biri nazirə "Ermənistan Livandakı ermənilərə nə
kimi kömək göstərə bilər” sualını ünvanlayıb. Mntasakyan cavabında ümumi sözlərlə
kifayətlənib. Ermənistanın nəyi var ki, Livandakı ermənilərə kömək etsin? Bunun
əvəzinə erməni nazir deyib ki, guya Livandakı ermnəilərin durumunun
ağırlaşmasında Türkiyə maraqlıdır. Ermənilərin növbəti cəfəngiyyatıdır.
Nikolal Paşinyan və onun hökumət üzvləri Livan erməniləri
haqqında düşünərkən həbsdən azan olunan eks-prezident Robert Köçəryanla necə
başa gələcəklərini düşünməlidirlər. Appelyasiya məhkəməsi Köçəryanı azad etdi.
Paşinyan yenə məhkəmə sisteminə qəzəbləndi. Köçəryanı azad edən hakimlər
Paşinyanın təzyiqindən çox Rusiyanın təzyiqindən qorxduqları üçün
eks-prezidenti azad etdilər. Hakimlər düşünüblər ki, Paşinyan bu gün var, sabah
yoxdur, Köçəryanı dəstəkləyən Rusiya isə daima var. Ona görə də hakimlər Rusiya
amili ilə hesablaşdı.
Paşinyan ötən dəfə olduğu kimi Köçəryanı yenə həbsə
göndərməyə çalışacaq. Bu alınmasa Köçəryan "Qarabağ klanının” başına keçəcək.
"Qarabağ klanı” başsız qalıb. Keçmiş prezident və baş nazir Serj Sərkisyan
"Qarabağ klanına” rəhbərlik edə bilmir. O Köçəryandan zəif fiqurdur. Köçəryan Sərkisyandan
fərqli olaraq hakimiyyətini küçədən gələn Paşinyana verməzdi. Köçəryan öz
klanını gücləndirməyə və ətrafında yeni qüvvələri toplamağa çalışacaq.
Arxasında dostu Rusiya prezidenti Vladimir Putinin də dəstəyini alan Köçəryan
Paşinyanı eyni yolla devirməyə çalışacaq.
Elxan Şahinoğlu
"Atlas”
Araşdırmalar Mərkəzinin rəhbəri