AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Paşinyanın növbəti mifi - TƏHLİL

Paşinyanın növbəti mifi - TƏHLİL

Cəmiyyət
22 Sentyabr 2020, 21:00 205
Ermənistanı iki ildən artıqdır ki, idarə edən Nikol Paşinyan bu müddət ərzində nə ilə yadda qalıb?
Bu sual bu gün sadə erməni ilə yanaşı, cəmiyyətin ən müxtəlif təbəqəsində təmsil olunanları da düşündürür. Dövlət və dövlətçiliyin, hakimiyyətin nə olduğunu bilməyən bu küçə adamı daha çox populist bəyanatlar, avantürist çıxışlar, hətta əvvəlki rəhbərliyin belə cürət edib dilə gətirmədiyi cəfəng fikirləri ilə diqqət çəkib. Artıq bu gün hamı görür ki, inqilabçı hökumət rəhbəri üzərinə düşən hüquq və vəzifələri də dərk etmir, hansı funksiyanı daşıdığını belə anlamır. Saxta vədlər, səsləndirdiyi sərsəm açıqlamalarla tək özünə deyil, ölkəsinə necə ciddi fəlakətlər törətdiyinin fərqinə varmır.
Məhz bu "qabiliyyəti"nə görə, o, demokratiya və dözümlülük prinsipini əlində dəstəvuz edərək bütün rəqiblərini sıradan çıxarmağa müvəffəq oldu. Hətta ona qarşı çıxanları "asfalta döşəyəcəyini” deməkdən belə çəkinmədi. Təsadüfi deyil ki, bu gün erməni siyasətçilərindən biri Paşinyanı dünyanın ən uğursuz siyasətçilərindən biri kimi xarakterizə edib. Reallıq budur ki, bu gün Ermənistanın özündə hökumətin rəhbərindən kəskin narazılıq var. Ölkədə yaşamaq dözülməz hal alıb. Əhali maddi problemlərdən və işsizlikdən şikayətlənir. Siyasətçilər və media onun əleyhinə inqilabın yetişdiyini açıq şəkildə bəyan edirlər. Baş nazir isə bütün bunların fonunda öz ampluasındadır. Əvvəlki kimi təhrikçi, avantürist açıqlamalar verərək, əhalinin diqqətini əsas problemlərdən yayındırmağa çalışır.
Ermənistan mətbuatı yazır ki, ölkə hökumətinin başçısı xalqa verdiyi vədlərin heç birinə əməl etməyib, insanlar aclıq və səfalət içində yaşayırlar. Yeni iş yerləri açılmır, gənclər və orta yaşlı insanlar işləmək üçün xarici ölkələrə üz tuturlar.
Həqiqətən, Ermənistanda əhalinin böyük əksəriyyəti N.Paşinyana inanmır. Rəy sorğuları da bu qənaəti bölüşür. Son sorğulardan birində respondentlərin 75 faizi hökumətə etimad göstərmədiyini üzə çıxarıb. Bu da onu deməyə əsas verir ki, Paşinyanın qeyri-ciddi, populist siyasəti iflasa məhkumdur. Baş nazir də bunları qulaqardına vuraraq erməniləri kosmosa çıxarmaqdan, futbol üzrə dünya birinciliyini ələ almaqdan dəm vurur. Ölkəsinin 2050-ci ilə kimi transformasiya strategiyasını təqdim edən Nikol növbəti dəfə erməni mediasının, müxalifət partiyalarının, siyasilərinin gülüş obyektinə çevrilib.
"Məxməri inqilab” liderinin strategiyasından bəzi tezislərə nəzər saldıqda, hətta ən optimist insanın belə üzündə gülüş yaranır. Məsələn, əhali sayını minimum beş milyona çatdırmaq, 1 milyon 500 min iş yeri yaratmaq və iş yerləri açmaqla yoxsulluq həddini aşmaq. Ümumdaxili məhsulun həcmini 20 dəfə artırmaq, orta aylıq əmək haqqını 7 dəfə yüksəltmək, erməniləri 90 yaşa kimi yaşatmaq və buna bənzər s. populist fikirlər... Baş nazir bütün bu cəfəngiyyatı səsləndirərkən bir yerdə də olsun hansı resurslarla buna nail olunacağını açıqlamır. Hətta strategiyasını canfəşanlıqla elan etməkdən də çəkinmir. Ən maraqlı və gülüş doğuran hal isə onun futbolla bağlı səsləndirdiyi fikirlərdir - Olimpiya oyunlarında minimum 25 qızıl medal əldə etmək, futbol üzrə Ermənistan millisini dünya, yaxud Avropa birinciliyinin mükafatçısı etmək və nəhayət turizmi genişləndirmək, il ərzində 15 milyon turisti ölkəyə cəlb etmək. Maraqlıdır ki, hətta Gürcüstan kimi turizm üzrə ixtisaslaşan bir ölkə bu rəqəmi səsləndirməyə cürət etməyib.
Bəs Nikolun belə bir populist strategiyanı ortaya çıxarmaqda məqsədi nədir? Axı, bunu reallaşdırmağa nə insani, nə maddi resurs mövcuddur. Amma insaf naminə deyək ki, başı bir qədər də olsa işləyir. Strategiyanı nə az - nə çox, düz 30 ilə reallaşdırmağı planlaşdırır. Yəni, ay erməni vətəndaşı, bu müddət ərzində səni kosmosa uçuracağam, narahat olma!
Ən optimist erməni şərhçiləri belə baş nazirin ambioz planlarının kütləyə hesablandığını bildirir, hətta nəşrlərdən biri onu məşhur nağıl qəhrəmanı baron Münhauzenə bənzədib. Həmin münasibətlərdən biri diqqət çəkdiyindən ona toxunmaq istədik. Məşhur erməni politoloq Ara Papyan Paşinyanın strategiyasına əməllicə "gül” düzüb. Strategiyanı məşhur bir lətifə ilə eyniləşdirib. Bildirir ki, qız və oğlan küçə ilə gedir və bu zaman oğlan qıza deyir ki, ona ayı, ulduzları hədiyyə edəcək. Qız isə "sənin cibində siçanlar oynayır, gəl gedək bir stəkan kofe içək”. Ardınca Nikolun kosmosa çıxmaq planını alt-üst edən politoloq "baş nazir ay və ulduzlardan danışır, halbuki, ən elementar məsələləri həll etmək iqtidarında deyil. Nikol Paşinyan öz işi ilə məşğul olmalıdır. Öz qarşısında realistik proqramlar qoymalı və hakimiyyətdə olduğu dövrdə onları həll etməlidir”.
Beləliklə, görünən odur ki, baş nazir hələ inqilab eyforiyasının təsirindən qurtulmayıb. Hələ də bədbəxt vəziyyətinə salınan erməni xalqının başının altına yastıq qoyur. Lakin anlamalıdır ki, onu küçədən hakimiyyətə gətirən həmin kütlə hər an onu küçənin ortasına da ata bilər.