• cümə axşamı, 25 aprel, 04:56
  • Baku Bakı 19°C

Paşinyanın növbəti “blefi”

21.01.19 19:05 743
Paşinyanın növbəti “blefi”
Səkkiz aylıq hakimiyyəti dövründə populist bəyanatları ilə sadə ermənilərin beynini dolduran baş nazir Nikol Paşinyan indi də beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. Davos forumunda iştirak etməzdən əvvəl forumun saytında erməni inqilabının başvermə səbəbləri, inqilabdan sonrakı hadisələr barədə danışıb. O, baş verənləri tarixi hadisə adlandırsa da, konkret hansı dəyişikliklərin baş verdiyinə aydınlıq gətirə bilməyib. Avropalıları Ermənistanda demokratiyanın bərqərar olduğunu inandırmağa çalışıb, hərəkatın nəinki ölkə vətəndaşlarını, bütövlükdə diasporu da birləşdirdiyini bəyan edib. Lakin Paşinyanın iddialarını elə erməni müxalifəti, ekspertlər təkzib edirlər. Keçmiş iqtidar partiyası - Ermənistan Respublikaçılar Partiyasının rəsmilərindən biri, keçmiş vitse-spiker Eduard Şarmazanov Paşinyana xitabən "nə vaxta kimi, manipulyasiyalarla, gözbağlayıcılıqla məşğul olacaqsınız” deyə bəyan edib. Sosial şəbəkədə yazdığı statusunda o bildirib ki, "Paşinyan bu günlərdə sevincək halda belə bir "xəbər” yaymağa tələsib ki, bəs ötən ilin birinci rübündə Ermənistana investisiyaların həcmi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 50 faiz artıb. O bildirir ki, biz müxalifətçilər onu investisiyaların azalmasına görə tənqid edirik. İndi mən birbaşa zərbə ilə topu Paşinyana və onun hakimiyyətinə ötürürəm. Əl çəkin yalan məlumatlar yaymaqdan. Bəli, sizin hakimiyyətiniz dövründə investisiyaların həcmi azalıb. Sizə də təqdim olunan məlumata əsasən, 2018-ci ilin ilk rübündə investisiyalar 94,2 milyon dollar, üçüncü rübdə isə cəmi 75,5 milyon dollar təşkil edib. Yəni 20 milyon dollar azalıb”, -deyə E.Şarmazanov vurğulayıb. Keçmiş hakim partiyanın funksioneri qeyd edib ki, Paşinyan hakimiyyəti sağa-sola optimallaşdırmanı, çox sayda vətəndaşın işdən azad edilməsini xərclərin azaldılması ilə izah edir: "Xərclərin azaldılması vətəndaşlara aiddir, hakimiyyət nümayəndələrinə yox”.
Öz növbəsində Ermənistan Jurnalistlər İttifaqının sədri Satik Seyranyan hesab edir ki, əgər parlament seçkilərinə qədər Paşinyan bütün uğursuzluqları keçmiş hakimiyyətin üzərinə ata bilərdisə, artıq bu, mümkün olmayacaq. N. Paşinyanın ölkədə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin böyük əksəriyyətinin keçmiş hakimiyyətə xidmət eməsi barədə bəyanatını şərh edən Seyranyan bu bəyanatın yersiz olduğu qənaətindədir. "Qolos Armenii” yazır ki, bu gün Ermənistanda bütün hakimiyyət Paşinyana tabedir: "O isə yenə də əvvəlki kimi düşmən axtarışına çıxıb. Bu dəfə hədəf kimi kütləvi informasiya vasitələri seçilib. Belə yerdə Ermənistanın ikinci prezidenti olmuş Robert Koçaryanın səsləndirdiyi məşhur söz yadıma düşür – "yaxşı rəqqasa oynamağa nə mane olur?”
Politoloq Aqasi Yenokyan də hesab edir ki, 2019-cu il Ermənistanda kütləvi informasiya vasitələrinə təzyiq ilinə çevriləcək. "Ekspertlər Nikol Paşinyanın Dağlıq Qarabağ məsələsinə görə təzyiqlərə davam gətirə biləcəyinə şübhə edirlər. Nəticədə o, ciddi güzəştlərə gedəcək. İstisna deyil ki, güzəştlər bir qədər də dərinləşəcək. Bu da gələcəkdə Ermənistanın mövcudluğunu şübhə altına almış ola bilər. Lakin Ermənistan vətəndaşları bu məsələləri müzakirə etmirlər. Bunun əvəzində ictimai gündəliyə tamam başqa məsələləri daxil edirlər - ekologiya, korrupsiya, insan haqları, ölümə məhkum edilənlər, cinsi azlıqların hüquqlarının müdafiəsi və s. Bütün bunlar düzdür, Ermənistanın inkişafı üçün vacibdir. Lakin o halda ki, Ermənistan öz mövcudluğunu qoruyub saxlayacaq”, -deyə politoloq bildirib. O hesab edir ki, N.Paşinyanın institusional opponenti mətbuat ola bilər: "Bu səbəbdən də bu ilin əvvəlindən mətbuatı "əzməyə” doğru istiqamət götürüb. "Xaş məclisi ilə bağlı çoxsaylı materialların dərcindən sonra Paşinyan bildirib ki, medianın 90 faizi keçmiş hakimiyyətin əlində cəmləşib. Bir sözlə, mətbuata qarşı ov mövsümü başlayıb”.
Yeri gəlmişkən, Paşinyanın başqa bir yalanı üzə çıxır. Məsələn, o, bəyan edir ki, ölkədə hansısa bir qisas siyasəti aparılmır. Belə olanda necə olur ki, onun himayəsində olan "Sasna Çrer” qruplaşması əvvəlki hakimiyyətə qarşı total hücuma keçməyi təklif edib. Hətta "erməni Nürnberqi” təşkil etməyi zəruri sayır. Qruplaşmanın liderlərindən olan Varujan Avetisyan hesab edir ki, ölkə daxilində təmizləmə aparılmalıdır. "Xalqımızın demək olar ki, yarısının ölkədən getməsinə səbəb olmuş, korrupsiyaya uğramış şəxslər məsuliyyətə cəlb edilməlidirlər”, - deyə o bildirib. Xankəndində keçirdiyi görüşdə o bildirib ki, satqınçılıq və çoxsaylı ölümlərə səbəb olmuş şəxslər mütəşəkkil cinayətkar qruplaşmanın üzvləri kimi məhkəmə qarşısında durmalıdırlar. Əlavə edib ki, "bu gün Ermənistanın məhkəmə sistemi erməni xalqının milli maraqlarını ifadə etmir”.
Onu da qeyd edək ki, Paşinyan bu qruplaşmadan səxavətini əsirgəmir. Ötən gün Ermənistanın Kassasiya Məhkəməsi sabiq prezident Serj Sarkisyan hakimiyyətinə qarşı silahlı qiyam qaldırmış, lakin daha sonra zərərsizləşdirilərək həbsə atılmış "Sasna Tsrer” qruplaşmasının üzvü Vardan Qeravetyanın Ermənistan hökuməti əleyhinə şikayətini təmin edib. Bunu jurnalistlərə açıqlamasında Qeravetyanın vəkili David Gürcyan deyib. Onun sözlərinə görə, məhkəmə Qeravetyanın şəxsi azadlıq və ədalətli məhkəmə icraatı hüquqlarının pozulduğunu təsdiqləyib. "Bununla da məhkəmə təsdiqləyib ki, ən azı 2017-ci ilin oktyabrında həbs edildiyi andan başlayaraq sərbəst buraxıldığı vaxtadək Qeravetyan qanunsuz qərarla azadlıqdan məhrum edilib. Onun qanunsuz həbsinə görə dəymiş ziyanın ödənilməsi üçün hazırda dövlətdən təzminat tələb olunması məsələsinə baxılır”, - deyə vəkil vurğulayıb. Qeravetyan Ermənistan polis polkunu silahla ələ keçirməkdə, girovlar götürməkdə, qanunsuz silah saxlamaqda və külli miqdarda maliyyəni mənimsəməkdə ittiham edilir. Onunla bağlı məhkəmənin həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə əlaqədar Qeravetyan hazırda azadlıqdadır.
Xatırladaq ki, 2016-cı il iyulun 17-də "Sasna Tsrer” qruplaşması S.Sarkisyanı hakimiyyətdən getməyə məcbur etmək üçün silahlı qiyam qaldırmış və Yerevanda Post-Patrul Xidmətinin binasına hücum edərək 6 nəfəri girov götürmüşdü. Girovlar arasında polis rəisinin müavini, general-mayor Vartan Yegizaryan da olub. Həmin hadisələrdə əhali də qiyamçıların tərəfində olub və blokadada olan qruplaşma üzvlərini ərzaqla təmin etməyə çalışıb. Lakin bir neçə gündən sonra qiyamçılar hökumət qüvvələrinə təslim olublar.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər