• cümə, 29 Mart, 12:42
  • Baku Bakı 14°C

“Paşinyanın nə qədər enerjisi olsa da, bütün işlərin öhdəsindən gələ bilməyəcək”

10.01.19 19:32 588
“Paşinyanın nə qədər enerjisi olsa da, bütün işlərin öhdəsindən gələ bilməyəcək”
Ötən il Cənubi Qafqaz mürəkkəb, asan olmayan bir dövrü yaşadı. Ermənistanda "məxməri inqilab” və növbədənkənar seçkilər yaşandı. Gürcüstanda "planlı” prezident seçkiləri az qala Saakaşvili tərəfdarlarının hakimiyyətə gələcəyi ilə nəticələnəcəkdi. Seçkilərin nəticələrinə etiraz edən müxalifət prosesin saxtakarlıq şəraitində keçdiyini bildirib xalqı küçələrə səsləsə də, bu çağırışa qulaq asan olmadı. Rusiyanın "Moskovski komsomolets” qəzeti yazır ki, bu fonda Azərbaycan regionda sabitlik adası kimi qalır.

Qəzetə müsahibəsində MDB ölkələri institutunun direktor müavini Vladimir Yevseyev region üçün ötən ilin yekunları və perspektivdəki məsələləri sadalayıb. Onun sözlərinə görə, 2018-ci il Cənubi Qafqazda həddən artıq yüksək aktivliklə xarakterizə edilir. Bu, ilk növbədə Ermənistanda hiss olunur. Politoloq hesab edir ki, bu ölkədə baş verənlər gözlənilən idi. "Prezident, sonra isə baş nazir olan Serj Sarkisyana neqativ münasibət dayanmadan artırdı. Lakin bu proses onun baş nazir postunda qalmaq istədiyini bildirənə qədər nəzarət ediləsi idi. Əgər Sarkisyan bu addımı atmasaydı, çoxlarının inqilab adlandırdığı hadisələr də baş verməzdi. Mən hesab edirəm ki, Sarkisyanın getməsi Ermənistanın milli maraqlarına uyğundur”, - deyə politoloq bildirib. "Bəs Rusiyanın” - sualına politoloqun cavabı mənfi olub. O təəssüflə bildirib ki, Ermənistanın yeni rəhbərliyi dərhal yüksək təcrübə, peşəkarlıq nümayiş etdirə bilmədi: "Söhbət Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının baş katibi ilə bağlı yaşanan qalmaqaldan gedir. Bu mövzu həddən artıq siyasiləşdirildi. Bundan əlavə, onlar Ermənistanın milli maraqlarına cavab verməyən bəyanatlar səsləndirməyə başladılar. Məsələn, Ermənistandakı Rusiya hərbi bazası məsələsini, bu bazanın gərəkli olub-olmadığını qaldırdılar. Seçki kampaniyası gedişində isə Nikol Paşinyanın yaxın ətrafına daxil olan şəxslər hətta bəyan etdilər ki, inqilab Dağlıq Qarabağın təhlükəsizliyindən də vacibdir. Serj Sarkisyanın gedişini əsaslandıran hadisələr təəssüf ki, Rusiya ilə münasibətlərdə bir sıra gərginliklərə gətirib çıxardı”.
Jurnalistin "axı heç kim Rusiyanın Ermənistanı tərk etməsini demir” sualına V.Yevseyev belə cavab verib ki, o, həmin zaman Ermənistanda yüksək postlar tutan və Paşinyanın yaxın ətrafına daxil olan şəxslərə istinad edir: "Hətta müdafiə nazirinin də bəyanatı var idi. Düzdür, sonradan təkzib edilsə də, belə fikirlər mövcuddur”. Jurnalist fikrində israr etsə də, politoloq erməni rəsmiləri bu gün bir söz, sabah başqa fikir səsləndirməkdə günahlandırıb və misal çəkib: "Mən sizə adi bir misal çəkim. Paşinyanın lideri olduğu "Çıxış” bloku ötən çağırışda Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması barədə təşəbbüslə çıxış edib. Mən inanmıram ki, baş nazir olandan sonra Paşinyanın Aİİ, KTMT-yə, Qərbə münasibəti dəyişsin. Yeni rəhbərlik hesab edir ki, hər şeyi sıfırdan başlaya bilər və heç də həmişə öz ölkəsinin qanunlarına əməl etmir. Mən eks-prezident Robert Koçaryanın birinci və ikinci həbslərini nəzərdə tuturam. Bir çox korrupsionerlər azadlıqda qalır və onlara qarşı hər hansı real addımlar atılmır. Bütün bunlar onu deməyə əsas verir ki, korrupsiya ilə bağlı proses şou xarakterlidir və özlüyündə heç də korrupsiyanın aradan qaldırılmasına xidmət etmir. Bütün bunlar hökumətin praktiki iflic fəaliyyəti fonunda baş verir. Seçki kampaniyası da suallar doğurur. Bu səbəbdən də qısa müddətdə real müxalifət partiyaları hazırlıq işi görə bilmədilər və nəticədə hər hansı müxalifətin mövcud olmadığı bir parlament görürük. "Mənim addımım” – Paşinyanın partiyasıdır. Qaqik Çarikyanın "Çiçəklənən Ermənistan” bloku da tam şəkildə Paşinyanı dəstəkləyir. Parlamentə düşən üçüncü partiya – "İşıqlı Ermənistan” da vaxtilə "Çıxış” blokuna daxil olub. Beləliklə, parlamentdə, eləcə də hökumətdə müxalifət yoxdur. Belə bir nöqteyi-nəzər hökm sürür ki, hökumətdə peşəkarlar olmayacaq. Paşinyanın nə qədər enerjisi olsa da, bütün işlərin öhdəsindən gələ bilməyəcək. Bir sözlə, hər bir erməniyə çəpərini hansı rənglə rəngləmək göstərişini verə bilməz. Belə bir vəziyyətdə, bu inqilabdan sonra Paşinyanın əvəzinə daha radikal qüvvələr gələ bilər. Rusiyanı narahat edən budur. Özü də bütün bunlar Paşinyana əhali arasında dəstəyin azalması, sosial-iqtisadi problemlərin artması fonunda baş verir”.
Politoloq Paşinyana olan 70 faizlik dəstəkdə də qeyri-adi bir sensasiya axtarmamağa çağırır: "Sadəcə bunun səbəbi əvvəlki rejimə olan nifrətdən doğur. Paşinyan özü də seçkini tez bir zamanda keçirməyə tələsdi. O, çox gözəl anlayır ki, seçkilər yazda keçirilsə idi, onu ciddi problemlər gözləyə bilərdi”. V.Yevseyev hesab edir ki, mütləq hakimiyyətə çevrilən Paşinyanı ciddi sınaq gözləyir, bir növ bütün məsuliyyət onun üzərinə düşür. Onun qarşısında iki variant var. Ya peşəkarları dəvət etməli, ya da xarici düşmən tapmalıdır. Belə bir düşmən Rusiya elan edilə bilər və təbii ki, hər şeyə görə günahkar da o olacaq. Ekspertin qənaətincə, ABŞ və Britaniya hazırda Ermənistanda aktiv fəaliyyət göstərir və bu da neqativ faktordur.
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da sualı cavablandıram politoloq bildirir ki, əgər Ermənistan işğal etdiyi Qarabağı itirərsə, bu, tək ermənilər üçün deyil, həm də diaspora üçün fəlakət olacaq: "Heç kim ona kömək edə bilməyəcək. Nə NATO, nə ABŞ, nə də Britaniya. Ermənistan tək qalacaq. Özü də miqrasiyanın pik həddə olması şəraitində. Axı ölkə əhalisinin sayı 2,3 milyondan da azdır. Qarabağda isə 160 min insan yaşayır. Onlar altı (politoloq səhvən əhali sayını 6 milyon göstərir) milyonluq Azərbaycanın qarşısında tab gətirə biləcəklərmi? Yox”.
Politoloq müsahibəsində Gürcüstanla da bağlı məsələyə toxunub. Onun sözlərinə görə, Gürcüstanda da daxili siyasi dinamika hiss olunur, lakin Ermənistandakı kimi ciddi deyil. Hakim partiyanın prezident seçkilərində qələbəsi Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasını vəd edir. Əgər keçmiş iqtidar partiyası hakimiyyətə gəlsəydi, sözsüz ki, gərginlik artacaqdı. Onun qənaətincə, Gürcüstanı perspektivdə yaxşı heç nə gözləmir. Əgər ölkə ərazi bütövlüyünü bərpa etməyə çalışarsa, bu, növbəti müharibəyə gətirib çıxara bilər: "Hətta konfederasiya belə mümkün deyil. Gürcüstan NATO-ya üzv olmaq istərsə, bu, Abxaziya və Cənubi Osetiyanın onun tərkibinə daxil olmasını mümkünsüz edəcək. Gürcüstanın NATO-ya üzv olması faktiki olaraq Cənubi Osetiyanın Rusiyaya birləşdirilməsinə səbəb olacaq. Perspektivdə bu, tam şəkildə mümkündür”.
Politoloq daha sonra rəsmi Tbilisini şantaj etməkdən çəkinməyib. Bildirib ki, Gürcüstan qərbyönümlü kursu davan etdirməklə öz suverenliyini, xüsusən də iqtisadi perspektivini itirmiş olacaq.
V.Yevseyev sonda Azərbaycanla bağlı fikirlərini də bölüşüb. Onun qənaətincə, Azərbaycan Cənubi Qafqazda stabil dövlətdir: "Burada əsas məsələ Ermənistanda vəziyyətin hansı istiqamətdə inkişaf edəcəyidir”. Politoloqun qənaətincə, Ermənistanın separatçı qurumla münasibətlərinin, eləcə də ölkə daxilində vəziyyətin gərginləşməsi əlverişlidir: "Hər şey yeni erməni rəhbərliyinin yürüdəcəyi siyasətdən asılı olacaq. Biz Azərbaycanla strateji tərəfdaşıq. Ermənistanla isə müttəfiq. Lakin bu o demək deyil ki, Rusiya Qarabağ münaqişəsini həll edə bilər”. O ki qaldı Azərbaycanın KTMT-yə üzv olması barədə yayılan söhbətlərə, politoloq bunları şayiə adlandırıb.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər