• çərşənbə axşamı, 19 mart, 13:20
  • Baku Bakı 8°C

Paşinyanın işğalçılığa haqq qazandıran bəyanatına Minsk qrupu niyə göz yumdu?

16.08.19 17:59 13617
Paşinyanın işğalçılığa haqq qazandıran bəyanatına Minsk qrupu niyə göz yumdu?
Bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal altında olan ərazilərinə səfəri zamanı verdiyi sərsəm bəyanatlar diqqət mərkəzində oldu. Paşinyanın bu bəyanatından sonra hər kəsin nəzəri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində birbaşa vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə yönəldi. Lakin təəssüflər olsun ki, Minsk qrupu həmsədrləri məsələnin üzərindən sükutla keçməyə üstünlük verdi. Şübhəsiz ki, uzun illərdir sülh danışıqlarında vasitəçilik edən Minsk qrupunun bu addımı işğalçının yeni sərsəm bəyanatlarına rəvac verəcək.
Görəsən hansı səbəbdən Minsk qrupu Paşinyanın işğalçı bəyanatına reaksiya vermədi?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Elşad Mirbəşiroğlu bildirdi ki, Paşinyan Koçaryan və Sarkisyandan fərqli olaraq sərsəm bəyanatlarında daha da qabağa getdi: "O, Ermənistanın işğalçı dövlət olduğunu açıq mətnlə ifadə etmiş oldu. Yəni, Paşinyanın Qarabağı "Artsax” adlandıraraq "Ermənistanındır” deməsi, şübhə yeri qoymadan sübut edir ki, Ermənistan işğalçı dövlətdir. Bu hər şeydən öncə Ermənistan-Azərbaycan münaqişəsinin birbaşa tənzimlənməsində iştirak edən, vasitəçilik funksiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrləri üçün ciddi bir siqnal olmalı idi. Çox təəssüf ki, biz bunu görmədik. Yəni, biz həmişə dünyaya çatdırmağa çalışmışıq ki, Ermənistan işğalçı dövlətdir, Azərbaycanın tarixi ərazilərini işğal altında saxlayır. Lakin işğalçı dövlətin başçısı bunu birbaşa etiraf etdi. Hesab edirəm ki, burada əlavə arqumentlərə ehtiyac qalmır. Paşinyanın çıxışına reaksiya verilməməsi və ardınca Ermənistana qarşı sərt tədbirlərin görülməməsi bir daha sübut edir ki, ATƏT-in Minsk qrupu münaqişənin tənzimlənməsi istiqamətində real addım atmaq iqtidarında və istəyində deyil. Uzun illərdir qeyd edilir ki, Minsk qrupunun fəaliyyəti deklarativ xarakter daşıyır və münaqişənin tənzimlənməsi istiqamətində hər hansı bir nəticənin əldə olunmasını şərtləndirmir”.
E.Mirbəşiroğlu qeyd etdi ki, ATƏT-in sərt sanksiyalar tətbiq etmək imkanları məhduddur: "Amma məsələnin digər tərəfi ondan ibarətdir ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri məsələyə münasibət bildirməli idilər. Təbii ki, digər instansiyalar qarşısında məsələni qaldırmaq imkanları mövcuddur. Tutaq ki, BMT Təhlükəsizlik Şurası səviyyəsində məsələni qaldırıb, işğalçı dövlətə qarşı tədbirlərin görülməsi istiqamətində addımlar atıla bilər. Hesab edirəm ki, bütün hallarda Azərbaycanın mövqeyi ona dəlalət edir ki, münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində tənzimlənməsini şərtləndirəcək əsas addımları Azərbaycan özü atmaq iqtidarındadır. Son dövrlər beynəlxalq müstəvidə Azərbaycanın ərazi bütövlüyünün daha intensiv şəkildə dəstəklənməsi də sübut edir ki, ölkəmiz özünün siyasi, iqtisadi, hərbi potensialı ilə ədalətli mövqeyini qəbul etdirməkdədir. Təbii ki, bu reallıqlar istər-istəməz münaqişənin tənzimlənməsi ilə məşğul olan subyektləri də düşündürməlidir. Çünki regionda kifayət qədər ciddi nəqliyyat, enerji layihələri həyata keçirilir. Bu layihələrin təhlükəsizliyi baxımından münaqişənin həllində mövcud status-kvonun saxlanması ciddi təhdid yaradır. Əgər münaqişənin tənzimlənməsində ciddi addımlar atılmazsa, Azərbaycan hərbi vasitələrə əl atmalı olacaq ki, bu da bütövlükdə regionda çox ciddi problemlərə gətirib çıxara bilər. Bu baxımdan düşünürəm ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri və digər instansiyalar ciddi düşünməlidirlər və işğalçı ölkəyə layiq olduğu cavabı verməlidirlər”.
Politoloq Nəzakət Məmmədova bildirdi ki, hüquqda olduğu kimi, beynəlxalq öhdəliklərin icrası zamanı qeyri-qanuni hərəkətlə yanaşı hərəkətsizlik də qanun pozuntusu əməlidir: "İşğal cinayəti və onun nəticələrinin legitimləşdirilməsinə yönəlmiş çağırışlara göz yummaq, lazımi tədbirlər görməmək, öz öhdəliyinə səhlənkar yanaşmaq Minsk qrupu həmsədrlərinin də beynəlxalq hüququn, ATƏT-in özünün 1975-ci il Helsinki Yekun Aktının müddəalarının kobud şəkildə pozulması prosesində məsuliyyət daşıması deməkdir. Paşinyanın bəyanatlarına cavab verilməməsi onların işğalçı ilə işğala məruz qalanı eyni mizan-tərəziyə qoymaq cəhdi kimi qəbul oluna bilər. Nəinki eyni görmək, bu, işğalçının özbaşınalığına göz yumub, açıq-aşkar işğala məruz qalanın haqqının tapdanmasına şərait yaratmaq, işğala bəraət qazandırmaq deməkdir. Minsk qrupu 27 ildir ki, öz üzərinə götürdüyü öhdəliklərə zidd olaraq danışıqlar prosesində destruktiv mövqe tutan tərəfi nəinki sanksiyalarla və digər vasitələrlə cəzalandırma, məcburetmə aksiyalarına əl atmır, əksinə, işğalçıya maddi yardımlar edilir, onun dövlət kimi öz mövcudiyyətini saxlaması qayğısına qalınır, işğalçının həddini aşan hərəkətlərinə hüquqi qiymət verilmir”.
N.Məmmədova vurğuladı ki, müasir beynəlxalq münasibətlər sistemində mövcud olan aşınma prosesləri yeni dünya nizamının yaradılması prosesinin böyük güclərin qarşıdurması şəraitində baş verməsi ilə müşahidə olunmaqdadır: "Eləcə də beynəlxalq təşkilatlarda hökm sürən ziddiyyətlər, ayrı-ayrı güc mərkəzlərinin öz merkantil maraqlarını həmin təşkilatların nizamnamələrində təsbit olunmuş beynəlxalq sülh və təhlükəsizlik ideyalarından daha üstün görmələridir. ATƏT-in Minsk qrupu da bu baxımdan nəinki istisna deyil, əksinə, ən uğursuz missiyalardan biridir. Hər halda, İran kimi nüvə silahı hazırlamaq ambisiyaları olduğu iddia edilən, Şimali Koreya kimi nüvə silahına malik olduğu iddia edilən dövlətləri ram edən dövlətlərin, hansı ki, onlar arasında Minsk qrupunun həmsədrləri də var, Ermənistan kimi zəif, dövlətəbənzər qurumu beynəlxalq hüquqa tabe etdirə bilməməsi, əlbəttə mümkünsüzdür. Problem Minsk qrupu missiyasına daxil olan dövlətlərin təşkilatın nizamnaməsini görməzdən gələrək, onların öz aralarında regionda güc savaşı aparması və burada bütün səylərin Qarabağ münaqişəsinin həllinə yönəlməsi deyil, münaqişə tərəflərindən öz maraqları naminə istifadəyə cəhd etməsidir.
Qarabağ münaqişəsi Minsk missiyasının mövcud heyətdəki həmsədrləri tərəfindən regionda öz nüfuz dairələrini genişləndirmək baxımından bir vasitə kimi qəbul edildiyindən və Cənubi Qafqazı öz təsir dairəsinə daxil etmək istəyən böyük güclərə hər üç bölgə ölkəsi ilə anlaşma labüd olduğundan, ATƏT-in müvafiq missiyasına həmsədrlik edən dövlətlər Ermənistanın qanunazidd əməllərini görməzdən gəlirlər. Lakin münaqişə ədalətli həllini tapmayınca, heç bir böyük güc mərkəzi burada öz maraqlarını sabit və etibarlı şəkildə təmin edə bilməz. Regionun rifahı, sabitliyi və burada böyük dünya güclərinin maraqlarının etibarlı təminatı sülh və təhlükəsizliyin möhkəm şəkildə təşəkkül tapmasından bilavasitə asılıdır”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər