• şənbə, 20 Aprel, 00:11
  • Baku Bakı 15°C

Paşinyanın fiaskosu

11.09.18 19:00 650
Paşinyanın fiaskosu
Erməni mediası baş nazir Nikol Paşinyanın Rusiya paytaxtında keçirdiyi qapalı görüşləri, müzakirə olunan məsələlərin təfərrüatlarını açıqlamaqdadır. Və gəlinən qənaət budur ki, bu səfər Ermənistanın forpost imicini möhkəmləndirməklə yanaşı, düşdüyü vəziyyəti daha da ağırlaşdırmağa xidmət edəcək. Məsələn, bəlli olur ki, Paşinyan erməni hərbçilərinin Suriyaya göndərilməsinə razılıq verib. Bununla da ermənilərin qəzəbinə tuş gəlib. Erməni ekspert Ruben Meqrabyan bildirir ki, erməni hərbçilərinin Rusiya bayrağı altında Suriyaya göndərilməsi Qərb və ərəb dünyası ilə münasibətlərinə ciddi zərbə vura bilər. Onun qənaətincə, bu, proseslərin ən arzuolunmaz inkişaf ssenarisidir. Eləcə də, Ermənistanın bu addımı ona verilən kreditlərin həcmini də azalda bilər. Ekspert hesab edir ki, erməni hərbçiləri Suriyada yalnız və yalnız beynəlxalq mandat altında xidmət edə bilərlər: "Əks təqdirdə Ermənistanı sanksiyalar gözləyə bilər. Ərəb dünyasındakı erməni icmaları da problemlərlə üzləşə bilərlər”. Bundan əlavə, bir müddət bundan əvvəl Rusiya ilə münasibətlərdə problemlərin olduğunu bəyan edən baş nazir indi fərqli fikirlər səsləndirir. Hətta iddia edir ki, iki ölkə arasında münasibətlər indiki kimi yüksək səviyyədə olmayıb. Erməni baş nazir həyasızcasına iddia edir ki, ölkədə Rusiyaya qarşı rəğbət pik həddədir. Elə isə necə olur ki, ölkədə cəmi bir neçə rus məktəbi fəaliyyət göstərir, Rusiya hərbi bazasına qarşı çıxışlar artıb.
Maraqlı olan həm də başqa məsələdir. Bir müddət əvvəl eks-prezident Robert Koçaryanı açıq şəkildə ittiham edən Paşinyan indi daha yumşaq mövqe sərgiləyir. Bildirir ki, Koçaryanın məhkəmə işində siyasi komponent yoxdur. Sabiq prezident bu günlərdə bildirib ki, 2008-ci il hadisələrində ən böyük müqəssir məhz Paşinyandır və baş nazir kimi ona qarşı etdikləri qisasçılıqdan qaynaqlanır. Sözsüz ki, Paşinyanın mart qırğınının baiskarına qarşı belə bir yumşaq mövqe nümayiş etdirməsində Moskvanın rolu var. Rusiya prezidentinin son 10 ildə ilk dəfə olaraq Koçaryanı təbrik etməsi Paşinyana ciddi zərbə idi və erməni baş nazir də bundan dərs çıxardı. Lakin erməni cəmiyyəti yaxşı bilir ki, 2008-ci ilin qanlı hadisələrinin arxasında məhz Koçaryan Sarkisyan durur. Ermənilərin ümidlə baxdıqları Paşinyanın geri çəkilməsi isə baş nazirin nüfuzuna ciddi zərbə olacaq. Bu səbəbdəndir k, parlamentin xarici münasibətlər üzrə komissiyasının sərdi Armen Aşotyan Paşinyanı erməni-rus münasibətlərinin möhtəşəm olduğu barədə bəyanatlar səsləndirməməyə çağırıb. Onun sözlərinə görə, hakimiyyət öz bəyanatlarında ardıcıl olmalıdır. "Məsələn, bəlli deyil ki, Paşinyan Panindəki insident barədə nəsə bildiribmi? Halbuki, baş nazir bunu suverenliyə qarşı təxribat adlandırmışdı”, - deyə komissiya sədri bildirib. Onun qənaətincə, Paşinyan bir tərəfdən iddia edir ki, Ermənistandakı siyasi proseslər onun daxili işidir, digər tərəfdən Rusiya lideri ilə daxili siyasi məsələləri müzakirə edir”.
Politoloq Artur Kazinyan isə "Nyus.am”a açıqlamasında maraqlı bir sualla çıxış edir – "Maraqlıdır, Nikol Rusiyaya sadiqliyini sübut etmək üçün daha hansı addımı atmalıdır?” Onun qənaətincə, Sarkisyan belə, vaxtilə Suriyaya əsgər göndərmək istəməmişdi. Paşinyan isə bu adımı atmaqla Ermənistanın təhlükəsizliyinə problem yaratmış oldu: "Ötən gün isə bəyan edib ki, rusiyalı mütəxəssisləri ABŞ laboratoriyasına buraxacaq”.
Öz növbəsində Ermənistanın nüfuzlu "Joxovurd” qəzeti etibarlı mənbələrinə istinadən məlumat yayıb ki, Paşinyanın Moskvada erməni iş adamları il görüşü heç də yaxşı keçməyib və o, Yerevana əliboş qayıtmalı olub. Qeyd olunur ki, Moskvadakı görüşdə əsasən, Ermənistanın əvvəlki hökuməti – Serj Sarkisyanla xüsusi bağlara malik, ona sadiq erməni biznesmenlər iştirak ediblər və Paşinyanla üzbəüz oturmaq onlarda narahatlıq yaradıb. "Erməni iş adamlarından çoxu Paşinyanla görüşə sadəcə izləyici kimi gəldilər, oturdular və getdilər. Digərləri isə Paşinyana bəyan etdilər ki, daha Ermənistana pul ötürməyəcəklər. Çünki Yerevandakı yeni hökumətin onlar üçün əlavə başağrısı yaradacağından qorxurlar. Belə olduqda, onların yaxın təcrübədə olduğu kimi, şantaj və saxta ittihamlar yolu ilə həbsə atılmamaq üçün Ermənistana "investisiya” ayırmaq niyyətləri yoxdur”, – deyə "Joxovurd” yazıb. Həmçinin vurğulanıb ki, Moskvadakı görüşdə "Üçlər dialoqu”nun keçmiş sahibi Ruben Vardanyan Paşinyanla olduqca sərt danışıb. Səbəb isə Vardanyanın Yerevandakı yeni hökumətdən narazı olmasıdır. "Joxovurd”un məlumatına görə, Qəyyumlar Şurasında Rubenin də təmsil olunduğu "Strateji təşəbbüslər mərkəzi” Fondunun Ermənistandakı fəaliyyətinə son qoyulub. Bununla da, Paşinyan hökuməti Vardanyanın "ayağını tapdalayıb”. Bu cür davam edərsə, Paşinyan Rusiyadakı erməni biznesmenlərin Yerevandan üz döndərməsinə səbəb olacaq. Bu isə gələcəyi qeyri-müəyyən olan Ermənistanın iqtisadi və strateji maraqlarına böyük zərbə vuracaq.
Son məlumatlara görə, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru və Xüsusi İstintaq Xidmətinin rəhbərinin sensasion səs yazısı yayılıb. Erməni mediası xəbər verir ki, səs yazısı Ermənistan Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryan və Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan arasında Ermənistanın ikinci prezidenti Robert Koçaryan və KTMT-nın baş katibi Yuri Xaçaturovun həbsi barədə danışıqlardan ibarətdir. Vanetsyan ona hakimlə söhbəti haqda danışır, bildirir ki, artıq Koçaryanın həbsi ilə bağlı təlimat verilib. Sonra Xaçaturova keçir. Deyir ki, KTMT-nın baş katibinə heç bir halda toxunmaq olmaz, çünki Rusiya ilə münasibətləri korlamaq təhlükəsi var. Paşinyan da "Facebook”da canlı yayımı zamanı Sasun Xaçatryan və Artur Vanetsyan arasında Koçaryan və Yuri Xaçaturovun həbsi barədə səs yazısını təsdiqləyib. Bildirib ki, Vanetsyanı yanına çağıraraq mətbuat üçün açıqlama verməsinə dair göstəriş verib. "Biz bu izahlara hələ qayıdacağıq. İndi mən başqa şey demək istəyirəm. Bunu kim və niyə etdi? Hansı siyasi hədəflə?”, - Paşinyan bildirib. Onun sözlərinə görə, həmin şəxslərin danışığı siyasi sabotaj məqsədi ilə dinlənilə bilərdi. "1 martda insanların qətlində günahkar olanların hamısı məhkəmə qarşısında cavab verəcək. Xalqdan oğurladıqlarının hamısını xalqa qaytaracaqlar - Robert Koçaryan, Serj Sarkisyan, Ovik Abramyan, Manvel Qriqoryan, Taron Markaryan, Qaqik Xaçatryan… Müxtəlif kalibrli məmurlar bunu hiss edir və bilirlər ki, bu vaxt gəlir. Və onlar buna mane olmaq üçün hər cür vasitəyə əl atırlar”, - Paşinyan bildirib.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər