• çərşənbə, 24 Aprel, 02:12
  • Baku Bakı 14°C

“Paşinyanın faciəsi”

08.04.19 18:52 714
“Paşinyanın faciəsi”
Ermənistanın nüfuzlu "1in.am” saytı baş nazir Nikol Paşinyanın Gümrü səfərindən bəhs edən məqalə dərc edib. Müəllif yazır ki, baş nazir şəhər küçələrini gəzib sakinlər ilə görüşlər keçirib. "Nikol Paşinyanın faciəsi” başlıqlı məqalədə müəllif vurğulayır ki, səfər standartlara uyğun olub.
Müəllif yazır ki, baş nazir insanların şikayətlərinə, onları narahat edən məsələlərə qulaq asır və həlli mümkün məsələləri həll etməyi tapşırır: "Bu iş stili sadə vətəndaşlara təbii ki, xoş gəlir. Onlar onilliklər boyü bundan məhrum olublar. Bu kimi hallar onun vətəndaşlar arasında reytinqinin artmasına xidmət edir. Lakin məsələ ondadır ki, bu cür səfərlərin yalnız və yalnız reytinq hesablamaları ilə bağlı olduğunu əsaslandırmaq düzgün deyil. Əslində problemlərin kökü daha dərindir. "Məxməri inqilab”dan bir ilə yaxın keçməsinə baxmayaraq, bütün sahələrdə əvvəlki vaxtlarda olan vəziyyət qalmaqda davam edir - küçələr bərbad gündə, müavinətlərin ödənilməməsi və s. bu kimi hallar. Yəni, Paşinyan faktiki olaraq özü hər şeyi görür və qiymət verməyə çalışır. Anlayır ki, dövlət idarəçilik strukturu faktiki olaraq ya işləmir, ya da həddən artıq qeyri-effektivdir. Və baş nazir də bu cür səfərlərlə bunu aradan qaldırmağa çalışır. Aydındır ki, baş nazir bütün məntəqələri, şəhər və qəsəbələri gəzə bilməz”.
Müəllif əlavə edir ki, Paşinyan sistemli qərarlar qəbul etmək iqtidarında deyil. Bu xüsusiyyət onda mövcud deyil. Eləcə də, baş nazirin bunun üçün müvafiq sistemi, vəzifəli şəxsləri, qaydaları mövcud deyil. Onun komandasında bütün başlıca vəzifələri inqilabçı kadrlar tutur. Həmin şəxslər isə keçən müddət ərzində qeyri-effektivsizliklərini ortaya qoyublar. Lakin Nikol Paşinyan öz kadr siyasətini dəyişmək niyyətində deyil, bu səbəbdən də onun problemləri qalmaqda davam edir. Müəllif onu da qeyd edir ki, bu gün dövlət idarəçilik sistemində vəzifəli şəxslər iki qrup üzrə ixtisaslaşıblar: "Birincisi, əvvəlki hakimiyyətdən qalma məmurlar - onlar hökumət proqramı və siyasətini sabotaj etməklə məşğuldurlar. İkinci qrup isə inqilabçılar - onlar da sadəcə necə işləmək lazım olduğunu bilmirlər. Belə bir vəziyyətdə də hökumət struktur dəyişikliklərinə hazırlaşır. Bu da dövlət idarəçilik sistemində daha böyük kataklizmlərə gətirib çıxara bilər. Beləliklə, gəlinən qənaət budur ki, dövlətdə effektiv işləyə biləcək bir şəxs var ki, o da baş nazirin elə özüdür. Nikol Paşinyan yüksək işgüzarlıq qaydaları tətbiq etmək istəyir, qlobal planlar irəli sürür. Lakin onun dövlət idarəçilik sistemi mövcud deyil. Bu səbəbdən də geniş mənada götürsək, Nikol Paşinyan üçün iki variant var – ya öz səylərini azaltmalıdır, bu isə ölkəni durğunluğa gətirib çıxara bilər. Ya da dövlət idarəçilik sistemini dəyişməli, qarşıya qoyulan məqsədlərə çatmaq üçün lazım olan kadrlarla əvəzləməlidir. Əks təqdirdə, dövlət idarəçiliyi getdikcə daha çox Paşinyandan, onun qoyduğu qaydadan, proqram və məqsədlərdən uzaqlaşmaqda davam edəcək. Bu, böyük mənada Paşinyanın bədbəxtçiliyidir və zaman keçdikcə daha da dərinləşməkdə davam edəcək. Kadr siyasətinə yanaşma və prinsiplər dəyişməsə, bu özünü daha bariz göstərmiş olacaq”.
Yeri gəlmişkən, Gümrüdə baş nazir maraqlı bir insidentlə də üzləşib. Baş nazir onun yanında söyüşərək əlbəyaxa olmaq istəyən mer və deputatı sakitləşdirməyə məcbur olub. Paşinyan ölkənin ikinci böyük şəhəri Gümrüdə jurnalistlərə müsahibə verərək, yol tikintisinin yubadılması və bunun da sakinləri narahat etdiyini bildirib. Bu zaman Gümrü şəhərinin meri Samvel Balasanyan və deputat Sarik Minasyan arasında qızğın mübahisə yaranıb. Onlar bir-birini təhqir etməyə başlayıblar və əlbəyaxa dava-dalaşa cəhd ediblər. Baş nazirin bir neçə dəfə xəbərdarlıq etməsinə baxmayaraq, mer və deputat ona məhəl qoymayaraq, söyüşləri və hədələri davam etdiriblər. Jurnalistlərin qarşısında bu biabırçı vəziyyətin davam etməsini görən Paşinyan deyib: "Siz hələ küçə dava-dalaşına da başlamaq istəyirsiniz. Dərhal sakitləşin!” Erməni mətbuatı yazır ki, baş nazirin əsəbi şəkildə irad bildirməsindən sonra mer və deputat ərazidən uzaqlaşdırılıb.
Paşinyanın problemləri iqtisadi sahədə də özünü göstərir. Məsələn, bəlli olur ki, Ermənistandan xaricə cari ilin yanvar-fevral aylarında həyata keçirilən özəl pul köçürmələrinin həcmi artıb. Bu məlumatı "Joxovurd” qəzeti yayıb. Məlumata görə, cari ilin iki ayında Ermənistandan kapital axını 194,538 milyon dollar (keçən ilin analoji dövründə 173,526 milyon dollar olub) təşkil edib.
Belə bir fikir də güclənir ki, artıq Paşinyanın öz komandasından narazılığı artmağa başlayıb. Məlumatlara görə, Paşinyanın komandasından narazılıq səbəblərindən biri də parlamentdə "Mənim addımım” bloku üzvləri arasında yaranan gərginlikdir. Bəzi dəyərləndirmələrə əsasən, Paşinyan hökuməti təkcə hər gün itirdiyi reytinq, iqtisadiyyatın çökməsi, investisiyaların yoxluğu ucbatından yox, həm də parlament ucbatından zəifləyir. Parlamentdə ciddi iş sayəsində hər dəqiqə yeni çoxluq formalaşdırmaq mümkündür. Bu iddialar son zamanlar Edmon Marukyan və erməni oliqarx Qagik Çarukyanın yaxınlaşması şayiələrindən sonra daha da güclənib. Qeyd edək ki, bundan öncə Ermənistan mətbuatı "Mənim addımım” blokunun deputatları arasında fikir ayrılığının güclənməsi barədə məlumat yayıb. Mətbuat fikir ayrılığının xüsusilə "Mülki Müqavilə” Partiyasına üzv deputatlarla partiyaya üzv olmayan deputatlar arasında olduğunu bildirib. Narazılığa əsas səbəb partiya üzvü olmayan deputatların blok rəhbərliyi ilə hesablaşmaq istəməməsidir.
Bütün bu yarıtmaz idarəçilik, səriştəsizlik və biabırçılıqların nəticəsidir ki, demək olar, hər gün ölkənin ən müxtəlif bölgələrində, o cümlədən paytaxtda etiraz aksiyaları keçirilir. Məsələn, dünən səhər tezdən Yerevanda "Spayk” şirkətinin işçiləri ilə polis əməkdaşları arasında toqquşma olub. Məlumatı Ermənistan KİV-i yayıb. Yerevanın ümumi yurisdiksiya məhkəməsinin binası önündə "Spayk” şirkətinin 500-dən çox əməkdaşı etiraz aksiyası keçirib. Etirazçılar "Spayk” şirkətinin direktoru David Kazaryanın sərbəst buraxılmasını və Ermənistanın baş naziri Nikol Paşinyanla görüş tələb edirlər. "Nikolu tələb edirik!”, "Ermənistanda ədalət yoxdur!”, "Günahsız insanları həbs etməyin!” şüarları səsləndirən etirazçılar bəyan ediblər ki, baş nazir onlarla görüşə gəlməyənədək məhkəmə binasının önünü tərk etməyəcək və aksiyanı davam etdirəcəklər. Məhkəmə binası ətrafına çoxsaylı polis qüvvələri cəlb olunub.
Son məlumatlara görə, baş nazir onları qəbul etməyib.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər