• çərşənbə axşamı, 19 mart, 06:58
  • Baku Bakı 8°C

Paşinyanın Brüssel fiaskosu

16.07.18 17:58 573
Paşinyanın Brüssel fiaskosu
Daha çox populist bəyanatlar səsləndirən və sadə ermənilər arasında nüfuzunu yüksəltməyə çalışan Ermənistanın baş naziri Nikol Paşinyanın Brüssel səfəri uğursuzluqla nəticələnib. Və bu fiaskosunu özü də rəsmən etiraf edib. Məsələ ondadır ki, Paşinyan, NATO-nun Brüssel sammitinə böyük xəyallarla yollansa da, Qərb ölkələrindən ölkəsinə investisiya layihələri ilə dönəcəyi haqda ümidləri puç olub, şahidi olub ki, "korrupsiya ilə mübarizə” və digər populist addımlarına Avropa İttifaqı tərəfindən etimad göstərilmir. Ermənistanın "1in.am” saytının yazdığına görə, baş nazir keçirdiyi mətbuatı konfransında Avropa İttifaqını ittiham edib. Onun sözlərinə görə, Ermənistanın ünvanına Avropa İttifaqından xoş sözlər səslənsə də, heç bir dəyişiklik hiss olunmur. "Beynəlxalq tərəfdaşlar Ermənistanda baş verənləri diqqətlə izləyir. Lakin bir məsələni qeyd etmək istərdim - Avropa İttifaqının ölkəmizə qarşı siyasəti əvvəlkindən heç nə ilə fərqlənmir. Biz hesab edirik ki, ya ölkəmizə ünvanlanan bəyanatların tonunu azaltmalı, ya da siyasəti köklü şəkildə dəyişmək gərəkdir”, - deyə baş nazir bildirib. Maraqlı olan odur ki, Paşinyanın iradı tək Avropa İttifaqı ölkələrinə qarşı deyil, həm də Birləşmiş Ştatlaradır. Məsələ ondadır ki, ABŞ-ın Ermənistandakı səfiri bu yaxınlarda bildirib ki, ölkəsi Paşinyana dəstək verməyə hazırdır. Lakin baş nazir açıq şəkildə bildirməsə də, sözlərindən bəlli olub ki, Vaşinqtonun mövqeyi də Aİ-dən fərqlənmir. Müqayisə üçün bildirək ki, Brüssel sammitində Paşinyanla yanaşı, prezident İlham Əliyev də iştirak edib. Və ondan fərqli olaraq, Azərbaycan Aİ ilə ciddi əməkdaşlıq sazişinə imza atıb. Bu da qurumun ölkəmizə verdiyi önəmin göstərici hesab edilməlidir. Ermənistanla bağlı mövqenin dəyişməməyinin tək və yeganə səbəbi odur ki, bu ölkə Rusiyanın forpostu kimi qəbul edilib və ediləcək də. İstər Paşinyan olsun, istər digəri. Kreml bu ölkənin, heç bir halda müstəqil siyasət yürütməsinə yol verməz. Bu səbəbdən də Paşinyan Avropadan özünün də ifadə etdiyi kimi, yalnız boş vədlərlə dönüb. "1in.am”da dərc edilən "Aİ Paşinyanın ümidlərini doğrultmadı” başlıqlı digər məqalədə müəllif yazır ki, Brüssel səfərinin yekunlarına qiymət verən Paşinyan, sərt ifadələr səsləndirib. Sayt yazır ki, baş nazir ümid edir ki, beynəlxalq tərəfdaşların dəstəyi ilə demokratik islahatları tez bir zamanda həyata keçirə biləcək. Lakin bu, baş vermədi. Siyasi texnoloq Vigen Akobyan saytın əməkdaşı ilə söhbətində bildirib ki, Paşinyan inqilabın ilk günlərində və elə sonrakı müddətdə daha çox Rusiyaya diqqət ayırıb. Rusiya ilə bağlı ona sual ünvanlananda, bildirirdi ki, hər hansı bir dəyişiklik baş verməyəcək. Qərbdə də bütün bu açıqlamalar diqqətlə izlənilib. Onların əsas hədəfi odur ki, Ermənistan bütünlüklə Rusiyadan ayrılsın. Bunu isə ermənilər heç vaxt edə bilməzlər. Rusiyadan imtina - işğal altında olan torpaqların əldən çıxması deməkdir. Müəllif də xüsusi qeyd edir ki, inqilabdan sonra beynəlxalq strukturların Ermənistana yardım edəcəkləri barədə gözləntilər özünü doğrultmayıb. Paşinyan özü də əmin olub ki, Ermənistana konkret heç nə vəd edilmir. "Hər kəs Ermənistanın nə vəd etdiyini gözləyir. Yalnız sözdə bəyanatlar verilir” - deyə sayt yazır. Siyasi texnoloq xüsusi qeyd edib ki, Ermənistan heç Aİ-nin yadına da düşmür: "Başı daxili problemlərə qarışan Aİ Rusiya və ABŞ-la problemləri həll etməyə çalışır. Paşinyan özü də hiss edib ki, artıq məsələləri daha sərt şəkildə qoymağın vaxtı çatıb”. Siyasi texnoloqun qənaətincə, Paşinyan Aİ-nin əvvəlki rejimlə yeni hakimiyyət arasında fərq qoyacağını gözələsə də, səfər zamanı dəqiq geosiyasi mövqe müşahidə etməyib. Əlavə edib ki, Avropa İttifaqı üçün Ermənistanla münasibətlərə yenidən baxılması başlıca məsələyə çevrilməyib. Paşinyan da bunu hiss edib. Politoloq Qaqik Ambaryanın qənaətincə, baş nazir ümid edirdi ki, inqilabların baş verdiyi bütün ölkələr kimi, Ermənistana da münasibət eyni olacaq: "Ukrayna, Gürcüstan və Qırğızıstana inqilablardan sonra Avropa İttifaqı böyük həcmdə maliyyə yardımı ayırdı. Ermənistanla bağlı isə bunu hiss etmədik. Yalnız inqilabın qansız başa çatması ilə bağlı təbrikləri aldıq. Brüssel səfəri Paşinyanı qane etmədi”. Onun sözlərinə görə, Paşinyan gözləyirdi ki, Aİ ağır sosial-iqtisadi durumda olan Ermənistana maliyyə yardımı ayıracaq, dərhal investorları ora göndərəcək. "Bu, niyə baş vermədi? Sadə izahı var. Ermənistanda inqilab baş verdi, lakin biz yaddan çıxarmamalıyıq ki, Ermənistan Rusiyanın bir nömrəli strateji müttəfiqidir və dünyada Rusiya hərbi bazasının yerləşdiyi üçüncü ölkədir. Aİ ölkələrinin Paşinyanın inqilabından gözləntiləri çox olsa da, qarşı tərəf bu istiqamətdə heç bir addım atmır”.
Ondan fərqli olaraq, Ermənistan Siyasi və Beynəlxalq Tədqiqatlar Mərkəzinin eksperti Ruben Meqrabyan Paşinyanın səfərinə ümidlə baxır: "İstisna deyil ki, bizim hökumət və ölkə Rusiya təbliğatının ən zəhərli (toksik) hücumuna məruz qalsın. Lakin reallıq budur ki, Ermənistan Rusiya deyil və heç zaman Rusiyanın olmayacaq”. Başqa bir erməni ekspert Kayç Minasyan isə hesab edir ki, Brüssel səfəri Ermənistandan çox Paşinyana nəsə vəd edir. O da hesab edir ki, erməni tərəfi Rusiya ilə sərt davranmalıdır. Əlavə edir ki, ruslarla rusofob taktika ilə deyil, sadəcə, sərt danışmaq lazımdır.
Beləliklə, bütün bunlardan belə nəticəyə gəlmək olar ki, Nikol Paşinyanın Qərbə olan ümidləri özünü doğrultmur. Baş nazir elə düşünürdü ki, Qərb dünyası inqilab etdiyinə görə, kisənin ağzını açıb ona milyonlar paylayacaq. Lakin gözləntilər özünün də ifadə etdiyi kimi, doğrultmayıb. Qonşusu Azərbaycan isə Brüssel sammitində, yürütdüyü balanslaşdırılmış xarici siyasət nəticəsində daha ciddi uğurlara imza atıb.

Azər NURİYEV

banner

Oxşar Xəbərlər