• çərşənbə axşamı, 19 mart, 11:42
  • Baku Bakı 8°C

Paşinyanın beş aydan sonrakı fiaskosu

17.10.18 17:36 477
Paşinyanın beş aydan sonrakı fiaskosu
Baş nazir Nikol Paşinyanın istefası ilə Ermənistanda növbədənkənar parlament seçkilərinə start verilmiş oldu. Seçkilərin dəqiq tarixi məlum olmasa da, baş nazir prosesin dekabrın birinci ongünlüyündə baş tutacağının ehtimal olunduğunu bildirib. Ermənistan parlamentinin bütün dörd fraksiyası, o cümlədən, sabiq hakim partiya - Ermənistan Respublika Partiyası baş nazir vəzifəsinə öz namizədlərini irəli sürməməyi vəd ediblər. Bəzi erməni təhlilçiləri düşünürlər ki, baş nazir hazırda reytinqinin pik həddini yaşasa da, xalq bu gün dəstəklədiyi Paşinyana bir müddət sonra "get” də deyə bilər. Ermənistan Milli Məclisinin xarici əlaqələr komissiyasının sabiq sədri, siyasi təhlilçi Ovannes İgityan hesab edir ki, bu seçkilər, əslində, bir növ, Paşinyan və antipaşinyan qüvvələri arasında mübarizədir. Başqa bir ekspert - "Arminfo” informasiya agentliyinin təhlilçisi Aleksandr Avanesov Paşinyanın başçılıq etdiyi icra hakimiyyəti ilə qanunverici hakimiyyət arasında "uyğunsuzluğ”un ölkədə iqtisadi inkişafı "qeyri-mümkün” etdiyini düşünür. "Bu gün Ermənistana, müxtəlif mənbələrdən vəd edilən 1 milyard dollar həcmində sərmayədən yalnız 200 min dolların yatırım ediləcəyi təsdiqlənib. O da vədlər səviyyəsində. Xalqın etimadını qazanan yeni inqilabi hakimiyyət və keçmiş hakim qüvvənin üstünlük təşkil etdiyi parlament arasında ziddiyyət aradan götürülməyincə, qeyri-sabitlik, əslində isə hakimiyyət böhranı investorları qorxudur”, - Avanesov deyib. "Paşinyanın tərəfdarları qalib gələr, o, yenidən baş nazir seçilər və vəziyyət sabitləşər", - deyə Avanesov bu stabilliyin nə qədər davam edəcəyinin də narahatlıq doğurduğunu qeyd edib. "1991-ci ildə Levon Ter-Petrosyan da əhalinin 80 faizindən çoxunun səsi ilə prezident seçilmişdi, lakin iki il keçmədi ki, həmin əhali küçəyə çıxıb onun istefasını tələb edirdi. Paşinyan hakimiyyəti də bunu unutmamalıdır", - Aleksandr Avanesov əlavə edib.
"Nikol Paşinyan qürurlanır ki, "Frankofoniya” kimi (yeri gəlmişkən bu tədbirin keçirilməsi barədə qərar Serj Sarkisyanın hakimiyyəti dövründə qəbul edilib-müəl.) möhtəşəm tədbirin keçirilməsinə ev sahibliyi edib. Halbuki, Ermənistanı bu müddət ərzində bir sıra vacib əhəmiyyətli tədbirlərdən sıxışdırıb çıxarıblar”. Bunu isə "İravnuk” qəzeti yazıb. Materialda vurğulanır ki, Ermənistanda bu günlərdə keçirilməli olan bir çox tədbirlər ləğv edilib. Ən əsas tədbirlərdən biri isə Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının Parlament Assambleyasının plenar iclası idi. Əldə olunan məlumata görə, iclas başqa ölkədə keçiriləcək. Qəzet yazır ki, tədbirin təxirə düşməsinin əsas səbəblərindən biri qurumun baş katibi Yuri Xaçaturovun həbsi barədə qərar olsa da, Nikolun parlamentə hücum etməsi münasibətlərin pisləşməsinə ciddi təsir etdi.
Sabiq prezident Robert Koçaryan isə Paşinyanın istefa barədə qərarını şərh edərkən "Ermənistanda yeni siyasi monopoliya qurulur” sözlərini işlədib. O, növbədənkənar parlament seçkilərinin keçirilməsinin ölkədə siyasi monopoliyanın formalaşmasına səbəb ola biləcəyini deyib. "Taktiki planda hər şey aydındır – populyarlığın zirvəsində uğur qazanmaq. Strateji planda isə problemlər görürəm. Yəni siyasətçi kimi sən qalib gəlirsən, amma dövlət xadimi kimi hələ düşünməlisən ki, bunu indi etməyə ehtiyac varmı?”– deyə Koçaryan bildirib. Eks-prezident hazırkı eyforiya şəraitində layiqli parlamentin formalaşdırılacağına şübhə ilə yanaşdığını qeyd edib. O, dövlət maraqları nöqteyi-nəzərindən yeni siyasi monopoliyanın qurulmasının düzgün olmadığı qənaətində olduğunu söyləyib:"Tam hakimiyyət, tam məsuliyyət deməkdir. Yəni yeni hakimiyyət, formalaşdıqdan sonra ölkədə baş verən bütün hadisələrə cavabdeh olacaq”. Onun fikrincə, bu birtərəfli parlament ölkədə yeni siyasi monopoliya olacaq.

Yeri gəlmişkən, Paşinyanın beş aylıq hakimiyyəti ilə bağlı tənqidlər də ara vermir. Xüsusi vurğulanır ki, bu müddət ərzində daxildə dəstək güclənsə də, iqtisadi islahat və xarici siyasətdə qürrələnəsi uğur yoxdur. Rusiya ilə münasibətlərdə inamsızlıq yaranıb, Qərbdən gözlənilən siyasi və maliyyə dəstəyi isə əldə edilmədi. Məsələn, keçmiş baş nazir Qrant Baqratyan əmindir ki, 2019-cu ilin dövlət büdcəsində korrupsiya daha iri miqyasda "planlaşdırılıb”. Sabiq baş nazir "Facebook” səhifəsində bildirib ki, nəhayət, parlamentə təqdim olunan gələn ilin büdcəsi ilə tanış ola bilib: "Yeri gəlmişkən, belə deyirlər ki, yeni büdcə növbədənkənar seçkilər üzündən müzakirə olunmayacaq. Bu, təbii ki, yaxşıdır. Belə bir büdcəni müzakirə etmədən qəbul etmək olmaz. Lakin yeni "xalq” parlamentinin daha "təkmil” büdcə hazırlayacağına kim təminat verə bilər? Ölkədə əsas olan odur ki, korrupsiyaya qarşı hər hansı bir real mübarizə aparılmır. Əksinə, daha böyük miqyasda korrupsiyalar "planlaşdırılıb”. "Ümid etmək olar ki, Paşinyan bunu məqsədli şəkildə etməyib”, yazan sabiq nazir əlavə edib: "Cənab baş nazir, seçkilərlə bağlı qərarınızı tezləşdirin. Əks təqdirdə, bir neçə aydan sonra sizin reytinqdən heç nə qalmayacaq”.

Azər

banner

Oxşar Xəbərlər