AZE | RUS | ENG |

Paşinyanın ayaqları altındakı mina

Paşinyanın ayaqları altındakı mina
Baş nazirin qızıl yatağı ilə bağlı qərarı Ermənistanı ikiyə böldü

Amulsar qızıl yatağı ilə bağlı qalmaqal erməni cəmiyyətini ikiyə bölüb. Bir qisim yatağın işlənməsi işlərini dayandırmağı çağırır, əks təqdirdə Sevan (Göyçə) gölü, eləcə də, Cermux kurort şəhərciyi və onun mineral suları üçün mümkün fəlakətli nəticələrə gətirib çıxaracağı təhlükəsinin yaranacağını iddia edir. Digər bir qisim isə hesab edir ki, təhlükənin artması ətraf mühitə və ekologiyaya hər hansı bir təsir etməyəcək. Ötən gün baş nazir Nikol Paşinyan sosial şəbəkədə bir saatlıq canlı yayımda yatağın işlənməsini müdafiə etdiyini bəyan edib. Bu yataq 2000-ci illərdə açılıb və 40 ton təmiz qızıl ehtiyatı ilə Ermənistanda ikincidir. Onun emalı ilə Britaniya-ABŞ şirkəti - Lidian-Armenia məşğul olur. "Nezavisimaya qazeta” yazır ki, baş nazir canlı yayımdakı çıxışında çoxluğu qızıl yatağının işlənməsinə inandıra bilməyib. Bu isə o deməkdir ki, Paşinyanın "xalq hökuməti” adlandırdığı hökumət xalqın ciddi bir hissəsinin narazılığı ilə üzləşə bilər. 

Amulsar problemi erməni mediasında da ciddi müzakirə olunur. "1in.am” yazır ki, bu problem bir növ sərhəd xətti anlamına gəlib və baş nazir də bu xətti keçərək inqilabi illüziya və ictimai gözləntiləri keçmişdə qoymuş olub. "1in.am” deputat Arman Babacanyanın sosial şəbəkədə yazdığı statusu dərc edib. Deputat yazır ki, "beləliklə də, Paşinyanın idarəçiliyini şərti olaraq iki mərhələyə bölmək olar – Amulsar yatağı ilə bağlı mövqe ortaya çıxana qədər və ondan sonrakı dövr. Baş nazir bu problem naminə böyük qurbana getməyə, öz siyasi kapitalını və ictimai etimadı at üzərinə çıxarmış olub. Bir çoxları vəziyyətin necə ciddi olduğunu təsəvvür edə bilmirlər. Nikol Paşinyan istənilən an partlaya biləcək minanı ayaqları altına qoyub. Bu isə o dərəcədə təhlükəlidir ki, əvvəlki rejimə və revanşistlərə qarşı mübarizə əvvəlki tək ictimai konsolidasiyanı təmin edə bilməyəcək. Yenə də baş nazirlik müddətinin sonu olsa idi, başa düşülərdi. Paşinyana etimad baş nazir olduqdan cəmi bir il sonra sürətlə itməyə doğru gedir”. Sonda isə qeyd edilir ki, "baş nazir özünün idarəçiliyi müddətində ən kobud səhvini buraxmış olub. Nəticəsi isə həddən artıq ağır ola bilər. Amulsar problemi faktiki olaraq bu hakimiyyətin transformasiyası üçün katalizatora çevrilib. Nikol Paşinyan hakimiyyəti avtoritarizmə doğru hərəkət edir və bu günlərdə baş verən hadisələr də bunun əlamətləridir”.

Saytda dərc olunan başqa bir məqalədə vurğulanır ki, "Amulsar məsələsi postinqilab dövrü Ermənistanında yeni daxili siyasi sərhədləri müəyyən edib, yeni yolun başlandığı daxili siyasi inkişafın göndərilmə nöqtəsinə çevrildi”. Müəllif bu qənaətə gəlir ki, bu məsələ inqilab meydançasında əməllicə çat yaratmış olub. İlk növbədə Paşinyanın rəhbəri olduğu "Mənim addımım” blokunda bunu bariz görmək mümkündür. 

"Nyus.am” isə yazır ki, Amulsar yatağının işlənməsi ilə bağlı ən optimal variantı Daşnaksütyun Partiyası yayıb. "Amulsar yatağının işlənməsi barədə qərar referendum yolu ilə həll edilməlidir”. Bu barədə partiyanın yaydığı bəyanatda deyilir. Bəyanatda bildirilir ki, "Amulsar yatağının işlənməsi ilə bağlı ictimai gərginlik hakimiyyətin ardıcıl olmayan və əsassız bəyanatları, eləcə də, əhalinin bütövlükdə yüksək gözləntilərinin baş tutmaması ilə izah edilir. Hakimiyyəti ekspert qrupunun yekun fikrini son qərar kimi qəbul etməməyə və əlavə müzakirələr aparılmasına çağırırıq.

"Amulsar yatağı məsələsində baş nazirin yaxın ətrafı onu  diskreditasiya məqsədilə çaşdırır”. Bu sözləri isə ekoloqlar Levon Qalstyan və Anna Şahnazaryan "Azatutyun”a müsahibəsində bildiriblər. "Bu şəxsi kobud şəkildə desək sadəcə aldadıblar. Kim? Onunla yanaşı duran nüfuzlu respublikaçılar, koçaryanovçular və başqaları. Nə qədər ki, onlar onun yanındadır, bu proses davam edəcək. Paşinyanı gülünc vəziyyətə salıblar. İndi hamı ona gülür”, - deyə Şahnazaryan bildirib. "Sputnik Armeniya” açıqlamasında politoloq Ayk Matirosyan isə bildirib ki, baş nazir ünvanına səslənən tənqidlərə cavab vermək əvəzinə, onu tənqid edənləri təhqir edir. Bir vaxtlar təbiəti mühafizə inspeksiyasının rəhbəri olan Martirosyan hakimiyyəti Amulsar məsələsində korrupsiyaya yol verməkdə də ittiham edib. 

"Aysor.am” isə yazır ki, Paşinyanın lideri olduğu "Vətəndaş müqaviləsi” Partiyasının əsasında yaradılan "Mənim addımım” blokundan olan deputatlar parlamentdə "yaşıllar” deputat qrupu yarada bilərlər. Bunu sosial şəbəkədə Paşinyanın sabiq müşaviri Arsen Xaratyan yazıb. Bu blok parlamentdə deputat sayının üçdə ikisinə sahibdir. Onların da bir qismi yatağın işlənməsinə qarşı çıxır. Hətta bildirilir ki, parlamentin vitse-spikeri Lena Nazaryan da yatağın işlənməsinə qarşıdır.

"Reqnum”un reaksiyası isə daha özünəməxsus olub. Müəllif yazır ki, Paşinyanın Amulsar qızıl mədənində işlərə icazə vermək qərarı onun sonrakı siyasi taleyində həlledici ola bilər. "Amulsar mədəninin istismarının haçansa qatı əleyhdarı, ekoloqların ruporu, müxalif Paşinyan bu gün artıq qızıl hasilatını yeniləməyə icazə verib, bununla da öz tərəfdarlarının kəskin mənfi qıcığını doğurub. Hələ ki hamının deyil. Tutduqları vəzifədən asılı olaraq fikir dəyişməyin Ermənistanın siyasətçi və məmurlarına xas olduğu çoxdan bəllidir”. Əlavə edir ki, baş nazir Tiqran Sarkisyanı yada salmaq yetərlidir – Avrasiya İqtisadi Komissiyası kollegiyasına başçılıq edənə qədər hesab edirdi ki, Rusiya, Belarus və Qazaxıstanla gömrük birliyində Ermənistanın görəcəyi bir iş yoxdur. T.Sarkisyan 2016-cı ildən isə Aİİ ilə tərəfdaşlığı genişləndirməklə məşğuldur. Bu örnək Ermənistanla birbaşa bağlı olsa da, bununla belə, onun məhəlliləşməsi ölkə hüdudlarından qıraqdadır. Lap təptəzə əhvalat başqa məsələdir – baş nazir Serj Sərksyanın məcburi istefası. Daha sonra qeyd edilir ki, öz postunu N.Paşinyana güzəştə gedən keçmiş baş nazir S.Sarksyan adi yalanla xalqı özünə qarşı qiyama itələdi: əvvəlcə söz verdi ki, baş nazir postuna namizədliyini verməyəcək və prezidentliyin ikinci müddətini başa vurub gedəcək, sonra isə, sadəcə, fikrindən daşındı. Baş nazir Paşinyanı hakimiyyətə gətirmiş xalq ondan, ən azı, qabaqkı hökumətin sosial-iqtisadi xəttini davam etdirməməyi gözləyirdi. Amma, bu, olmadı. Elə həmin pensiya islahatı, adamların cibini kəsən həmin vergiqoyma yenilikləri – və bütün bunlar pisləşən ekologiya fonunda. Durum o dərəcədə ciddiləşə bilərmi ki, N.Paşinyan postunu tərk etməli olar? Bəli, çünki çoxları onda xilaskar görürdülər, onun hər bir yeni hərəkəti isə məyusluq doğurur”.  Müəllif yazır ki, istisna deyil ki, etirazlar sürəkli olacaq, qışın gəlişilə fəallıq azalacaq, hakimiyyət də hər yolla onu boğacaq: həbslər, saxlamalar, aksiya keçirməyə qadağalar. "Bu, yeni inqilaba, ya da ola bilsin, hətta çevrilişə dönüşə bilərmi – hələlik hər hansı bir proqnoz vermək çətindir. Amma Paşinyan ekoloqların etiraz əhvali-ruhiyyəsiylə bağlı məsələni həll etməyəcəyi halda baş nazir kürsüsünü verməli olacaq”, - deyə müəllif fikrini tamamlayıb.
 
Azər NURİYEV


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8751
GEL 1 1 Gürcüstan larisi 0.5731
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1685
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1732
CHF 1 1 İsveçrə frankı 1.704
KWD 1 1 Küveyt dinarı 5.5979
TRY 1 1 Türkiyə lirəsi 0.287