Paşinyanın arzusu rellaşmayacaq

Paşinyanın arzusu rellaşmayacaq

Siyasət
08 Noyabr 2019, 16:59 569
Ölkə əhalisinin sayı azalmağa doğru gedir
 
Nikol Paşinyanın bir çox vədləri kimi, "demoqrafik inqilab” vədi də belə getsə, xülya olaraq qalacaq. Ermənistan əhalisinin sayı durmadan azalır. Əhalinin sayı oktyabrın 1-nə olan məlumata görə, 2 milyon 957 min nəfər təşkil edir. Bu barədə Milli Statistika Komitəsinin yaydığı məlumatda bildirilir. "Novosti Armenii” yazır ki, əhalinin sayında kifayət qədər azalma müşahidə edilir. Bundan əlavə, şəhər əhalisinin sayında da azalma var. "Joxovurd” qəzetinin "hökumət demoqrafik problemin həlli ilə bağlı hansı işləri görür və əhali sayının azalmasından narahatdırmı” sualına baş nazir Nikol Paşinyanın mətbuat katibi Vladimir Karapetyan "bununla bağlı yazılı müraciət edin” cavabını verməklə kifayətlənib.
Beləliklə, Nikol Paşinyan nə qədər şirnikləndirici vədlər versə də, əhali tüğyan edən işsizlik, sosial problemlər, iqtisadi böhran fonunda ölkəni tərk etməyə üstünlük verir. İlyarımlıq müddət də göstərdi ki, Ermənistanın hökumət başçısı ölkəyə investisiya cəlb edə bilmir, bu isə demoqrafik böhranı daha da dərinləşdirir. Paşinyanın "Ermənistan 2050 - İnkişaf Strategiyası” konsepsiyasını artıq indidən uğursuzluğa düçar olduğunu söyləmək olar. 2050-ci ildə əhalinin sayının beş milyon nəfər olacağını vəd edən Nikola artıq çoxları ciddi yanaşmır. N.Paşinyanın demoqrafiya strategiyası ilə bağlı çıxışını demoqraf Artak Markosyan ifşa edib. Ekspertin hesablamalarına görə, 2019-cu ilin doqquz ayı ərzində ölkəni tərk edənlərin sayında ciddi artım var. Özü də ölkəni tərk edənlər Ermənistan pasportundan imtina edərək, yaşadıqları ölkənin pasportuna üstünlük verirlər. A.Markosyan əlavə edib ki, təkcə 2019-cu ilin aprel-sentyabr ayları ərzində ölkəni 1000-dən artıq sakin tərk edib. Sözsüz ki, bütün bunlar Ermənistanın yürütdüyü işğalçılıq siyasətinin nəticələridir. Yəni işğalçılıq siyasəti, Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsində Yerevanın sərgilədiyi qeyri-konstruktiv mövqe Ermənistanı regional və beynəlxalq layihələrdən kənarda saxlayır. Bu, Ermənistan iqtisadiyyatını daha da bərbad hala salır, nəticədə isə əhali arasında işsizlik və sosial böhran dərinləşir.
Xatırladaq ki, Nikol Paşinyan bu yaxınlarda bildirib ki, ölkə əhalisinin sayı 2050-ci ilə qədər beş milyona qədər artacaq. Hətta ən optimist erməni ekspertləri belə, bunu məntiqsiz və cəfəng fikir adlandırır. Ekspertlərin fikrincə, N.Paşinyanın indidən 2050-ci ilin hədəflərini açıqlaması o deməkdir ki, bu illər ərzində verdiyi vədləri yerinə yetirə bilməyəcək. Özü də Ermənistan barədə pessimist fikirləri BMT kimi qurum da təsdiq edir. Qurum yaydığı məlumatda bildirib ki, 2100-cü ildə Ermənistan əhalisi bugünkü 3 milyon nəfərdən 2 milyonadək azalacaq. Hesabatda qeyd olunur ki, Ermənistan əhalisi 2030-cu ildə 2,9 milyona çatacaq, lakin 2050-ci ildə 2,8 milyon, 2100-cü ildə isə 2,039 milyon nəfərədək azalacaq.
Keçirilən rəy sorğuları da ölkədə vəziyyətin ağır olduğunu göstərir. "Sosial ədalət naminə” Partiyasının sədri, eyni zamanda "Xalqın səsi” ekspert qrupunun eksperti Arman Qukasyan keçirdiyi mətbuat konfransında bildirib ki, ölkə əhalisi üçün ən ümdə məsələ sosial-iqtisadi problemlərdir. İlk növbədə vətəndaşları narahat edən aşağı məbləğdə əməkhaqqı və pensiyalardır. Bura ərzaq məhsullarının yüksək qiyməti, iş yerlərinin olmaması, bank kreditlərinin yüksək faizi və əlverişsiz vergi siyasəti də daxildir. "Baş nazir Nikol Paşinyanın hökuməti birinci gündən iqtisadi inqilab vəd edirdi. İddia edirdi ki, bu proqram ölkə iqtisadiyyatında vəziyyəti köklü şəkildə dəyişəcək. Eyni zamanda hökumətin 2019-cu il üçün nəzərdə tutulan proqramında beş faizlik iqtisadi yüksəliş həddi müəyyən edilmişdi. Halbuki, əvvəlki hökumətlərin dövründə də bu rəqəm var idi. Hakimiyyətdə olduğu ilyarım müddətindəki fəaliyyəti ilə bağlı apardığımız tədqiqat çox ağır nəticələr ortaya qoyub”, - deyə partiya sədri bildirib. Daha sonra isə o, sorğunun nəticələrini açıqlayıb. Respondentlərin 84 faizi banklardan kredit almağın mümkünsüzlüyünü bildirib. Su ilə təchizatdan şikayət edənlər 77, iş yerlərinin olmadığını bildirənlər isə 72 faizdir. Məktəb və xəstəxanaların acınacaqlı olduğunu bildirənlər 63 faiz təşkil edib. Yol infrastrukturunun dözülməz olduğunu isə respondentlərin 47 faizi irəli sürüb. Ərzaq və yanacağın qiymətinin artdığını 32, yerli məmurların korrupsiyaya uğradığını isə 17 faiz respondent təsdiq edib. Rəyi soruşulanların 32 faizi Nikol Paşinyan hökumətinin işini müsbət hesab edir. 40 faiz qənaətbəxş, 23 faiz mənfi qiymətləndirib. O ki qaldı yerli hakimiyyət orqanları rəhbərlərinin (qubernatorlar) fəaliyyətinə - 27 faiz bunu müsbət, 32 faiz qaneedici, 22 faiz mənfi dəyərləndirib, 19 faiz isə cavab verməkdə çətinlik çəkdiyini bildirib. Ölkədə "iqtisadi inqilab baş verib” fikrində olanlar cəmi 14 faiz təşkil edib. 42 faiz isə heç bir iqtisadi inqilab baş vermədiyi qənaətində olduğunu bildirib. Respondentlərin 27 faizi hələ inqilabın baş vermədiyini, lakin uzaq perspektivdə baş verə biləcəyini, 17 faiz isə cavab verməkdə çətinlik çəkdiyini vurğulayıb.
"Bəs indiki siyasi sinfə necə münasibət bəsləyirsiniz” sualına respondentlərin 29 faizi indiki siyasətçilərdən və partiyalardan razı olduqlarını bildiriblər. Eləcə də indiki hakimiyyətin yürütdüyü xarici siyasətdən razı olub-olmadıqları barədə onlara sual ünvanlanıb. 39 faiz bu siyasətin onları qane etdiyini bildirib. 47 faiz isə onun qeyri-ardıcıl və ziddiyyətli olduğunu bildirib. Respondentlərin 7 faizi bu siyasətin milli maraqlara zidd olduğunu bildirib. Rusiyanı dost kimi görənlərin göstəricisi 53 faizdir. Cəmi beş faiz isə dost ölkə kimi ABŞ-ı göstərib.

Azər NURİYEV