• cümə axşamı, 25 aprel, 09:24
  • Baku Bakı 14°C

Paşinyanin anti-Rusiya komandası

08.06.18 16:27 762
Paşinyanin anti-Rusiya komandası
Sözdə Rusiya ilə strateji müttəfiqlik və mehriban münasibətlər quracağını, yəni forpost ölkə kimi qalacağı vədlərini verən Nikol Paşinyan əməlində tam bunun əksini həyata keçirməkdədir. Bunu onun yeni komandasına təyin etdiyi şəxslərin kimliyi, karyerası da dolayısı ilə təsdiq edir. Əslində belə də olmalı idi. Məsələ ondadır ki, bu şəxsin bütün fəaliyyəti müddətində antirus mövqeyi əsas xətt kimi keçib. Dəfələrlə ölkənin Rusiyadan həddən ziyadə asılılığını qabardıb. Paşinyan həmin adamdır ki, müxalifətdə olanda təmsil olunduğu blok Ermənistanın Avrasiya İqtisadi İttifaqından və Gömrük İttifaqından çıxması barədə qanun layihəsi hazırlayıb. Qərbdəki müəyyən qüvvələr də məhz bunu nəzərə alaraq onu hakimiyyətə gətirdilər. Onun vəzifəyə gətirdiyi kadrlar da bu ehtimalın həqiqət olduğunu bütün çılpaqlığı ilə üzə çıxarır. Təyin edilən kadrlara nəzər salaq. Ölkənin ən yüksək postlarından biri - Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsini Armen Qriqoryan daşıyır. Bu şəxs vaxtilə Soros Fondunun maliyyələşdirdiyi "Transparency International” təşkilatında koordinator vəzifəsini tutub. Yerevan Dövlət Universitetini, sonra isə Ermənistanın Amerika Universitetini (EAU) bitirib. Bu universitet 1991-ci ildə Ermənistan hökuməti, Ümumerməni Xeyriyyə İttifaqı (AGBU) və Kaliforniya Universitetinin əməkdaşlığı sayəsində yaradılıb və keçmiş SSRİ ərazisində ABŞ-da akkreditasiyadan keçmiş yeganə təhsil müəssisəsidir.
Xarici işlər naziri təyin olunan Zoqrab Mnatsakanyan Viktoriyanın Mançester Universitetinin politologiya fakültəsində magistr dərəcəsi alıb. 2011-2014-cü illərdə o, XİN başçısının müavini kimi, Ermənistanla Avropa İttifaqı arasında assosiasiya razılaşması ilə bağlı danışıqlarda əsas nümayəndə kimi çıxış edib. O zaman son anda sazişi imzalamaqdan imtina edən prezident Serj Sarkisyan Mnatsakanyanı nazir müavini vəzifəsindən azad edərək Ermənistanın BMT-dəki daimi nümayəndəsi təyin edib. O zaman çoxları bunu Avropa İttifaqı ilə sazişdə israr edən diplomatın "sürgünə göndərilməsi” kimi qələmə vermişdi. "Aravot” qəzeti isə yazırdı ki, "Zoqrab assosiasiya prosesində çox zəhmət çəkdi və nəticədən olduqca məyus oldu”.
Digər strateji post - müdafiə naziri vəzifəsinə təyin edilən David Tonoyanı da Qərbin admaı kimi qələmə vermək olar. O, 1998-2004-cü illərdə NATO əməliyyatları komandanlığında müxtəlif vəzifələr tutub, 2004-2007-ci illərdə Ermənistan SQ-nin NATO-da nümayəndəsi olub. Ermənistan müdafiə nazirinin müavini olduğu dövrdə mətbuat onu "NATO-nun adamı” kimi təqdim edib. Gürcü ekspert, "Qruzinform”un baş redaktoru Arno Xidirbeqişvili hələ ötən ilin sonlarında verdiyi müsahibəsində David Tonoyanın 2005-ci ildən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsilə əməkdaşlıq etdiyini söyləmişdi. Onun sözlərinə görə, ABŞ-ın bioloji laboratoriyalarının Ermənistandakı layihələrinə də məhz Tonoyan rəhbərlik edir. Bəzi rus mənbələri ABŞ-ın hərbi attaşesi, mayor Erik Larsenin ona kuratorluq etdiyini yazırlar.
Ermənistanın Dövlət Nəzarəti Xidmətinin rəisi David Sanasaryan da ABŞ-a bağlı bir fiqurdur. O, ABŞ-ın Cons Hopkins Universiteti nəzdində fəaliyyət göstərən Vaşinqtonun Beynəlxalq Tədqiqatlar Məktəbinin (SAİS) məzunudur. Soros Fondunun Ermənistandakı proqramlarından birinin koordinatoru olub. Ermənistanın Gömrük İttifaqı və Avrasiya İttifaqına üzvlüyünə qarşı çıxan qərbyönümlü "İrs” partiyasında (partiyanın sədri ABŞ-da doğulmuş Raffi Ovannisyandır) təmsil olunub. Dəfələrlə ölkə ərazisindəki rus hərbi bazasının çıxarılması tələbi ilə Rusiyanın Yerevandakı səfirliyi qarşısındakı aksiyalarda iştirak edib, 2014-cü ildə Yerevanda Ukrayna "Maydanına” dəstək aksiyalarında iştirak edib.
Təhsil və elm naziri Araik Arutunyan da qərbyönümlü siyasətçidir. O, 2005-2006-cı illərdə İnsan Haqları üzrə Helsinki Assosiasiyasında proqram rəhbəri olub, 2008-ci ildə NİMA gənclər təşəbbüsünün təsisçilərindən biri kimi Ermənistanda xarici, ilk növbədə, rus məktəblərinə qarşı mübarizə aparıb, 2014-cü ildən "Transparency International” beynəlxalq təşkilatında çalışıb.
Diaspor nazirinin müavini Babken Ter-Qriqoryan Parisdə doğulub, ABŞ-da böyüyüb təhsil alıb, Ermənistanda Soros Fondunun maliyyələşdirdiyi bir sıra proqramlarda, o cümlədən "Transparency International”, BMT-nin İnkişaf Proqramı, The NALO Trust layihəsində çalışıb, Açıq Cəmiyyət Fondunun layihə rəhbəri olub. Erməni ictimaiyyəti Ter-Qriqoryanı əlində Putinin ünvanına ana söyüşü olan şüar qaldırmasından sonra tanıyıb.
Əmək və sosial məsələlər naziri Mane Tandilyan da Ermənistan Amerika Universitetində menecment ixtisası üzrə təhsil alıb, Əsasən Qərb şirkətlərində işləyib, sonuncu iş yeri ABŞ-ın "Sinopsis Armenia” şirkətinin maliyyə direktoru vəzifəsi olub. Parlamentə qərbpərəst "Elk” blokundan seçilib.
Yeni Seçki Məcəlləsinin hazırlanmasına rəhbərlik edən Daniyel İoannisyan "Məlumatlandırılmış vətəndaşlar İttifaqı” QHT-nin koordinatorudur. Bu QHT Soros və bir sıra digər Amerika fondları tərəfindən maliyyələşir. Təşkilatın sponsorları sırasında Gürcüstan və Ukraynadakı "inqilab”ları maliyyələşdirən ABŞ-ın Demokratiyaya Milli Dəstək Fondu (NED) təşkilatı da var. D.İoannisyanın rəhbəri olduğu QHT Ermənistanın Avrasiya İttifaqına qoşulmaması, Avropa İttifaqı ilə sıx inteqrasiyasının təbliği ilə məşğuldur.
Baş nazirin müavini Tiqran Avinyan Yerevandakı Slavyan Universitetini bitirsə də, magistr dərəcəsini Londonun Kuin Meri Universitetində alıb. 2014-cü ildən təsis etdiyi və proqramlaşdırma ilə məşğul olan "Sayber Vijn” şirkətinin rəhbəridir. "Sayber Vijn” əsasən ABŞ, Böyük Britaniya, Avstraliya və Sinqapur şirkətləri ilə əməkdaşlıq edir. Parlamentə qərbpərəst "Elk” blokundan seçilib.
Baş nazirin birinci müavini Ararat Mirzoyan Beynəlxalq Seçki Sistemlər Fondunun koordinatorudur. Bu fond Amerikanın məşhur QHT-si olan "Demokratiyaya dəstək fondu” (NED) ilə əlaqəlidir. 2014-2017-ci illərdə Mirzoyan Niderland Çoxpartiyalı Demokratiya İnstitutunun siyasi partiyalar və strateji planlaşdırma üzrə eksperti olub.
Diaspor naziri Mxitar Ayrapetyan ABŞ-ın mənzil qərargahı Nyu-Yorkda yerləşən "Vətəndaş təhsili və gənclik” QHT-nin Ermənistan filialının prezidentidir. Son illərdə o, qeyri-formal təhsil çərçivəsində onlarla beynəlxalq təhsil proqramlarında iştirak edib.
Maliyyə naziri Atom Cancuqazyan 1996-2000-ci illərdə ABŞ-ın Təhsil Departamenti tərəfindən təşkil olunan müxtəlif proqramlarında təlim keçib.
Kənd təsərrüfatı naziri Artur Xaçatryana gəldikdə o da Ermənistan Amerika Universitetinin məzunudur. Sonradan təhsilini Londonda davam etdirib. Bir neçə il Beynəlxalq İnkişaf Agentliyinin (USAID) müxtəlif proqramlarına rəhbərlik edib. Ədliyyə naziri Artak Zeynalyan Ermənistan Səhiyyə Nazirliyi ilə MAKROinternacional təşkilatının (ABŞ) birgə proqramının rəhbəri olub. 2004-cü ildə Dövlət Departamentinin "Beynəlxalq qonaq” proqramının dəvətilə Birləşmiş Ştatlarda prezident seçkisi kampaniyasında iştirak edib. Əmək və sosial məsələlər naziri Mane Tandilyan Ermənistan Amerika Universitetini bitirib. "Çiçəklənən Ermənistan” partiyasında sədr müavini olmuş Tandilyan sərt rusofob mövqeyi, Ermənistanın NATO və Aİ-yə üzvlüyünün qəti tərəfdarı kimi tanınır.
Mədəniyyət naziri Lilit Makuns isə ABŞ-ın Taftsa Universitetinin Fletçer məktəbini bitirməklə yanaşı, Birləşmiş Ştatların Sülh Korpusunda çalışıb.
İqtisadi inkişaf və investisiya naziri təyin olunan Artsvik Minasyan da ABŞ-ın Massaçusets Texnologiyalar İnstitutunun professorudur. Manisyan uzun illər orada yaşayıb.
Təbiətin mühafizəsi naziri Erik Qriqoryan ömrünün böyük hissəsini Ermənistandan kənarda Amerika və Avropanın qrantları hesabına yaşayıb. "Vətəndaş müqaviləsi” QHT-nin inkişafı üçün Amnesty International vasitəsilə 273 min 697 dollar əldə edib.
Bütün bunlardan belə nəticəyə gəlmək olur ki, Sorosun yaxından dəstəyi ilə hakimiyyətə gələn Paşinyan gec-tez Ermənistanı Rusiya orbitindən çıxarmağa çalışacaq. Lakin indi bu addımı atmağa tələsməyəcək. Böyük ehtimalla, əvvəlcə növbədənkənar seçkilər keçirəcək və parlamentdə çoxluğu ələ keçirdikdən sonra bu siyasətini reallaşdırmağa çalışacaq.Amma bacaracaqmı?

Azər NURİYEV
banner

Oxşar Xəbərlər