• cümə, 29 Mart, 16:04
  • Baku Bakı 14°C

Paşinyanın altına qoyulan mina

25.09.19 17:12 1198
Paşinyanın altına qoyulan mina
Nikol Paşinyanın idarə etdiyi Ermənistanda hakimiyyət daxili vəziyyət kritik həddə çatıb. Ölkənin birinci şəxsi ilə xüsusi xidmət orqanının keçmiş rəhbəri arasında ölkə tarixində ilk dəfədir presendentsiz hal yaşanır. Erməni mediası yazır ki, qarşılıqlı ittihamlar tərəflər arasında gərginliyi günbəgün artırır. Erməni mediası artıq Vanetsyanı Paşinyan hakimiyyətinin "altına qoyulan minaya” bənzədib. "1in.am” yazır ki, ki, "təsəvvür edin ki, keçmiş yüksək rütbəli məmur ölkənin baş nazirini hədələyir”. "Uzaq Moskoviya çöllərində olan şəxs Rusiya mənşəli erməni oliqarxın himayəsi ilə dövlət başçısına hədə-qorxu gəlir. Bizim proqnozlar artıq reallığa çevrilib. Keçmiş polis rəisi Valeri Osipyanın "müxalifətçi” və "qəhrəman” olması üçün resursları yoxdur. Daha çox erməni mənşəli rus kriminalları ilə əlaqədədir. Vanetsyan artıq dövlətlə, baş nazirlə şantaj dilində danışır, beynəlxalq qüvvə rolunu oynamağa, Rusiya təsiri altında olan kriminal oliqarxiya, kriminal dünya olmağa çalışır. Vanetsyan hədə-qorxu ilə danışır və hamımızdan də bir növ tələb edir ki, biz onu danışmağa məcbur edək”, - deyə müəllif yazır.
Daha sonra müəllif belə bir sualla çıxış edir - bəs görəsən, Vanetsyanın əlində faktlar varmı, yoxsa o, sıravi şantajla məşğuldur: "Bu suala birmənalı cavab vermək çətindir. Çünki, qarşımızda əvvəlki vəzifəsi dövlət əhəmiyyəti kəsb edən bir çox faktlara giriş imkanı olan şəxs durub. Bunlar tək daxildə deyil, Qarabağla da bağlı ola bilər. Axı necə ola bilir ki, bu şəxs heç bir maneə olmadan ölkəni tərk edə bilir və baş nazirə qarşı "səlib yürüşü” elan edir? Keçmiş hakimiyyət təmsilçilərinin sevinci başadüşüləndir, axı onların "sıravisi” Vaneçyan qəfildən Paşinyanın yanında general rütbəsinə kimi yüksəlib və bütün qəsdçilərin qarşısında sədd olacağını bəyan edib”. Müəllif başqa bir maraqlı məsələyə toxunur - mühüm olan odur ki, dövlət informasiyalarının daşıyıcı olan şəxs necə olur ki, dövlət nəzarəti olmadan xaricdədir. "Axı o, düşmən olan ölkələrin hədəfinə çevrilə, Ermənistan və Qarabağ üçün təhlükə ola bilər. Bir neçə ay bundan əvvəl Nikol Paşinyan bəyan edib ki, 1 mart hadisələri il bağlı materiallar Milli Təhlükəsizlik Xidmətindən yoxa çıxıb. Bu da araşdırılmalıdır”, - deyə müəllif bildirib.
Hüquq-müdafiəçisi Janna Aleksanyan is bu qənaətdədir ki, belə götürəndə Vanetsyanın cavabı Nikol Paşinyan üçün təhlükə deyildi. "Bu, sadəcə həll ediləsi vacib bir məsələ idi. Paşinyan-Vanetsyan münaqişəsini gərginləşdirmək yox, nizamlamaq gərək idi”, - deyə hüquq-müdafiəçisi bildirib. Onun sözlərinə görə, bu münaqişə bir səbəbdən qızışıb ki, güc strukturlarının rəhbərləri vəzifədən çıxarılarkən cəmiyyətə hər hansı bir səbəb göstərilməli idi: "Hakimiyyət tərəfindən mütləq izah verilməlidir. Əgər Vanetsyan və Osipyanın qovulmalarının səbəbi göstərilsəydi, belə vəziyyət də yaranmazdı. Cəmiyyət Vanetsyanın nədən istefaya göndərilməsini bilərdi, Vaneçyan da belə bir sərt açıqlamalar verməzdi. Bunlar olmadığından vəziyyət çox ağrılı nəticələrə gətirib çıxara bilər. Əgər qarşılıqlı təhqirlər, hədələr davam edəcəksə, bu, milli təhlükəsizliyə təhlükə yarada bilər. Çox həyəcanlı vəziyyətdir”. Hüquq-müdafiəçisi ümid edir ki, Vanetsyan vaxtilə ona həvalə edilən qurumun xəbərlərini geniş ictimaiyyətə açıqlamayacaq. "Vətəndaşın qərarı” partiyasının funksioneri Qaregin Miskaryan isə bu qənaətdədir ki, Vanetsyan Moskvadan gələn kimi dərhal həbs olunmalıdır.
Politoloq Armen Badalyan isə Vanetsyanın Paşinyana qarşı yeni siyasi hərəkat yarada biləcəyi qənaətindədir. Onun qənaətincə, Vanetsyan Paşinyan hökumətinə yaxşı alternativ ola bilər. Və Vanetsyanın yeni siyasi güc mərkəzi kimi ortaya çıxmasında Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları mühüm rol oynaya bilər. Badalyan bildirib ki, Ermənistanın sabiq prezidentləri Robert Koçaryanın və Serj Sarkisyanın əks siyasi qütbə rəhbərlik etmək şansları yoxdur və bu məsələdə tamamilə yeni siyasətçilər önə çıxmalıdırlar. Bundan başqa, onların tərəfdarlarının təmsil olunduğu Respublika Partiyasının da sıraları getdikcə seyrəlir. Politoloq bu amillərə söykənərək iddia edib ki, Vanetsyanın qarşısında dura biləcək heç bir siyasi güc olmayacaq. MTX-nin sabiq sədri reytinqinə görə Paşinyandan geri qalmır, onun kifayət qədər imkanları və xarici dəstəyi var. Rusiyanın timsalında Vanetsyanın ciddi dəstəyə malikdir. MTX sədrinin öz istefası ilə bağlı açıqlamasında "Biri sanki mənə "dayan” deyir!” sözləri də vacib məqamlardan xəbər verir. Bütövlükdə isə yekun qənaət budur ki, Paşinyanın kosmetik addımları iqtidarın daxilində getdikcə güclənən ziddiyyətlərin qarşısını ala bilməyəcək. Əksəriyyətin gəldiyi qənaət budur ki, Paşinyan Ermənistanda heç bir rəhbərin arzu etmədiyi vəziyyətə düşüb. Baş nazirin atdığı bütün addımlar uğursuzluğa düçar olur. Götürək elə Rusiya prezidenti Vladimir Putinin Yerevana nəzərdə tutulan səfərini. "Oktyabrın 1-də Yerevanda keçiriləcək Avrasiya İqtisadi İttifaqı sammitinə cəmi bir neçə gün qaldı, lakin həm görüş, həm də yüksək səviyyəli qonaqların gəlişi ilə bağlı bir çox qarışıq hadisələr baş verir: xüsusilə Putinin qarşıdakı səfəri erməni isteblişmentini qəfil yaxalayıb. Bunu "Qraparak” qəzeti yazıb. "Əvvəllər heç vaxt olmayıb ki, Vladimir Putin Ermənistanda planlaşdırılan tədbirə hətta yarım saniyə belə geciksin, bu dəfə görüşü səhər başlamağı planlaşdırırdıq, amma indi uzağı günortaya planlaşdırılır, Putin günortadan sonra gələcək və ehtimal var ki, iclas günorta saatlarında başlayacaq”,- deyə Xarici İşlər Nazirliyindəki mötəbər mənbə nəşrə bildirib.
Nəşrin yazdığına görə, erməni tərəfi hər şeyi edib ki, V.Putin Ermənistana, gecəni qalmaqla, bir gün əvvəl gəlsin, lakin heç iclasın səhər keçirilməsi barədə də razılıq əldə olunmayıb: o, sammitin plenar iclasında iştirak edib, geri qayıdacaq.

Azər

banner

Oxşar Xəbərlər