• çərşənbə axşamı, 23 aprel, 20:40
  • Baku Bakı 20°C

Paşinyanın açıqlaması xanımını da şoka saldı

15.11.19 15:36 1394
Paşinyanın açıqlaması xanımını da şoka saldı
O, Milli Təhlükəsizlik Xidmətinə QR-kodun şeytanla əlaqəsi barədə araşdırma aparmağı tapşırıb

Populist bəyanatlarla gündəmdə qalmaq istəyən Ermənistanın baş naziri Nikol Paşinyan son açıqlaması ilə hətta ən yaxınlarını belə şoka salıb. "2016-cı illə müqayisədə, 2018-2019-cu ildə miqrasiyanın tendensiyası təqribən 90 faiz azalıb”. Erməni nəşrləri yazır ki, baş nazirin bu sözləri hətta yanında oturan xanımı Anna Akopyanın da təəccübünə səbəb olub. "Axı miqrasiyanın tendensiyasının azalması deyəndə baş nazir nəyə nəzərdə tutur? Özü də yalnız ona bəlli olan konkret rəqəm də göstərir. Rəsmi statistika bunun əksini göstərir. 2016-cı il oktyabrın 1-ə olan əhali sayı 2.939.900 nəfər 2018-ci ildə 2.969.200 nəfər, bu il isə bu rəqəm 2. 957.500 nəfər təşkil edib”, - deyə erməni nəşri "Aysor.am” yazır. Müəllif yazır ki, bu rəqəmləri tutuşduranda açıq görmək olur ki, Paşinyan ya yalan danışır, ya da faizləri hesablamaq qabiliyyətində deyil: "İstisna etmirik ki, hər iki variantla eyni zamanda üz-üzə qalmışıq”.
Öz növbəsində "Vestnik Kafkaza” yazır ki, hakimiyyət, baş nazirin əhali sayının 5 milyon nəfərə qaldırılması barədə dediyi hədəfə heç cür çata bilməyəcək. Mərkəzi Bankın keçmiş rəhbəri Baqrat Asatryan bildirir ki, son 10 ildə Ermənistan 500 min yaxın insanı birdəfəlik itirib. Hətta iş o yerə çatıb ki, ermənilər dünyaya gətirdikləri uşaqları, dolana bilmədiklərindən, əcnəbilərə satmağa başlayıblar. Artıq Ermənistan hakimiyyəti xaricilərin ermənistanlı uşaqları qanunsuz övladlığa götürməsi ilə bağlı saysız-hesabsız işləri araşdırmağa başlayıb. "Ermənistanın iki vətəndaşı yerli doğum evlərindən birində, bir sıra agentlik və uşaq evlərində əlaqələrindən istifadə edərək İtaliya vətəndaşları tərəfindən 30-dan artıq körpənin övladlığa götürülməsini təşkil edib və bu zaman Ermənistan qanunları kobud şəkildə pozulub”,– Milli Təhlükəsizlik Xidmətinin bəyanatında deyilir. Bəyanatda qanunsuz övladlığa götürmələrin 2016-2018-ci illərdə həyata keçirildiyi bildirilir, ancaq uşaqların indiki durumu ilə bağlı informasiya verilmir. Prosesin 2018-ci ildən sonra da dayanmadığı vurğulanır. Həmin müddət ərzində Ermənistanda ümumilikdə 54 uşaq əcnəbilər tərəfindən övladlığa götürülərək xaricə aparılıb. Uşaqları daha çox İtaliya və Birləşmiş Ştatların vətəndaşları övladlığa götürüb. Ermənistanın hökumət orqanları nadir hallarda belə bir informasiya açıqlayır və bu, orqan satışı ilə bağlı spekulyasiyaya yol açıb. "Hal-hazırda orqan satışı barədə heç bir məlumat yoxdur. Bu kontekstdə əlavə informasiya çıxarsa, açıqlanacaq”,– Təhlükəsizlik Şurasının katibiArmen Qriqoryandeyib. Ermənistanın səhiyyə naziriArsen Torosyanda təhlükəsizlik xidmətinin bəyanatına reaksiya verib. O deyib ki, belə qanunsuz sxemlərdə iştirak etmiş, yaxud edəcək istənilən tibb ocağı qanunun tam gücü ilə məsuliyyətə cəlb olunacaq.
Paşinyanın yürütdüyü siyasətdən narazılığını İctimai Şuranın rəhbəri Vazgen Manukyan da bəyan edib. Bildirib ki, hakimiyyət orqanları, onun cəmiyyətdə həmrəylik yaratmaq səylərinə ciddi diqqət ayırmır. Əksinə, öz addımları ilə cəmiyyəti parçalamaqda davam edir. Məsələn, ötən gün mətbuat konfransı keçirən parlament aparatının rəhbərinin keçmiş müavini Arsen Babayan bildirib ki, ona qarşı siyasi təqib həyata keçirilir. Böyük Britaniyanın "Capx” nəşri də artıq bu narahatçılığı bölüşür. Bildirilir ki, hakimiyyət getdikcə, əvvəllər verdiyi vədlərdən əl çəkməyə başlayıb. Konkret misallar da çəkilir. Məsələn, baş nazir tərəfdarlarını məhkəmə binalarını mühasirəyə almağa çağırıb. AŞPA monitorinq komissiyası, insan haqları üzrə ombudsman və ABŞ-ın ölkədəki səfiri bu aksiyanı pisləyib. Eləcə də, hakimiyyət, Konstitusiya Məhkəməsinin sədri Qrayr Tovmosyanın səlahiyyətlərindən məhrum edilməsinə çalışır. Eks-prezident Robert Koçaryanla yaxınlığı əsas gətirilərək, ona qarşı hücumlara start verilib. Müəllif yazır ki, Ermənistan indi kritik mərhələdədir və ölkənin avtoritarizmə yuvarlanması təhlükəsi yaranıb. "Beynəlxalq cəmiyyət Ermənistan hakimiyyətini qayda-qanunun qorunub saxlanılmasına və inqilabın başlıca prinsiplərinə əməl etməyə məcbur etməlidir”, - deyə müəllif yazıb.
Öz növbəsində "Aysor.am” saytı yazır ki, Nikol dəfələrlə iddia edirdi ki, "məxməri Ermənistan” müasir dünyanın ən demokratik dövlətidir. Nəşr yazır ki, Paşinyanın bütün çıxışları pafos üzərində qurulub. Ölkənin taleyüklü məsələlərini həll etmək əvəzinə, Nikol əcaib tapşırıqlar verməklə məşğuldur. Məsələn, Paşinyan Milli Təhlükəsizlik Xidmətinə QR-kodun şeytanla əlaqəsi barədə araşdırma aparmağı tapşırıb. Bu haqda Paşinyan, hökumətin iclasında bildirib. Paşinyanın sözlərinə görə, o, Milli Təhlükəsizlik Xidmətinə "müəyyən dairələrlə şeytan arasında əməkdaşlığın yollarını və formasını” aydınlaşdırmaq barədə göstəriş verib. "Budur, siz gülürsünüz, amma problem varsa, onu aydınlaşdırmaq lazımdır. Bu, milli təhlükəsizlik məsələsidir”, - baş nazir deyib. QR-kod ingiliscəResponseCode deməkdir və ştrix kodlar kimi əmtəə tanınma nişanıdır, ilk dəfə Yaponiyanın avtomobil sənayesi üçün işlənib hazırlanıb. Milli Təhlükəsizlik Xidmətinin direktorunun səlahiyyətlərini icra edən Eduard Martirosyan təsdiq edib ki, Paşinyandan belə tapşırıq alıb və araşdırmanın nəticələrini ona təqdim edəcək. Qeyd olunur ki, QR-kodla şeytan arasında əlaqəni hökumətin iclasında ətraf mühit naziri Erik Qriqoryanın çıxışından sonra müzakirə etməyə başlayıblar. Online ov icazəsi layihəsini təqdim edən nazir deyib ki, vətəndaşlar internet üzərindən öz işlərini yerinə yetirməyə həvəsli deyillər. Paşinyan da bununla razılaşıb və internet-sövdələşmələrin səviyyəsinin aşağı olmasını, insanların məlumatsızlığı ilə əsaslandırıb.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər