• çərşənbə, 24 Aprel, 18:07
  • Baku Bakı 23°C

Paşinyanın ABŞ fiaskosu

26.09.19 15:34 1206
Paşinyanın ABŞ fiaskosu
Erməni baş nazir Nikol Paşinyanın Birləşmiş Ştatlara səfəri və Los-Ancelesdə erməni diasporunun üzvləri ilə görüşü ekspert və jurnalistlər tərəfindən uğursuz və fəlakətli adlandırılıb. Onların qənaətincə, erməni baş nazirin ABŞ-a səfərinin effektiv olacağı barədə arzuları reallaşmayıb. Çünki, Paşinyanın Vaşinqtonda rəsmi şəxslərlə görüşməyə müvəffəq olmayıb. Eləcə də, ABŞ-da dünyanın ən varlı diasporlarından biri kimi tanınan erməni icması ilə bağlı qarşısına qoyduğu məqsəd və hədəfləri reallaşmayıb. Yalnız Los-Ancelesdə diaspora nümayəndələrinin iştirakı ilə mitinq keçirə bilib. Maraqlıdır ki, Paşinyan ümid edirdi ki, aksiyada 35 minə yaxın erməni iştirak edəcək, əvəzində isə görüşə cəmi 10 min adam təşrif buyurub. Mitinqə dəvət olunan 53 konqresmendən isə cəmi biri – prezident Donald Trampın ən qatı düşmənləri siyahısında qərarlaşan Adam Şiff dəvətə müsbət cavab verib. Baş nazir bu uğursuzluğun qisasını Birləşmiş Ştatlardakı diplomatlarından almağa hazırlaşır. "Qraparak” erməni qəzeti yazır ki, səfərdən dərhal sonra Ermənistanın ABŞ-dakı səfiri və Los-Anceleksdəki baş konsulu öz vəzifələrilə vidalaşa bilər. Qəzet yazır ki, baş nazir erməni icmasının nümayəndələri ilə görüşü uğursuz hesab edir.
Yeri gəlmişkən, həmin icma nümayəndələri ilə görüşdə Paşinyandan soruşublar ki, niyə köhnə sistemin korrupsiyada adı hallanan məmurlarını həbs etmir və xalqdan oğurlanan pulları geri qaytarmağa cəhd göstərmir. Paşinyanın cavabı isə maraqlı olub. Baş nazir də bildirib ki, 4-5 aydır ki, durmadan vurğulayır ki, ölkədə korrupsiyaya qarşı mübarizənin tempi ona qane etmir. Əlavə edib ki, "hüquq-mühafizə orqanlarında aparılan kadr islahatlarının səbəblərindən biri də budur. Həmin orqanlarda vaxtı uzatmaq, prosesi daha bir neçə ay gecikdirmək istəyirdilər. Lakin mən bununla razı deyildim. Cinayət işləri sərt müqavimət şəkildən aparılır. Lakin oğurlanan pullar qəpiyinə qədər erməni xalqına qaytarılmalıdır”.
"Lragir” erməni saytı dərhal Paşinyanın çıxışına reaksiya verib. Müəllif yazır ki, baş nazirin çıxışı gurultulu sözlər və populizmdən başqa bir şey deyil: "Əsl Paşinyan həm də budur . O bəyan edir ki, "biz kilsəni diz üstə çökdürəcəyik. Əvvəlki hakimiyyətin Ermənistanda heç bir perspektivi mövcud deyil. Onların yeri tarixin zibil qutusudur. Vaneçyan öz paqonlarını zibil vedrəsinə atıb. Heç bir kompromis olmayacaq. Oğurlanan pulları qəpiyinə qədər qaytaracağıq, status-kvo 1998-ci il vəziyyətinə qaytarılmalıdır və s. Budur Paşinyan”.
Müəllif əlavə edir ki, faktiki olaraq Paşinyan "qara” qüvvələrlə müharibədə üçüncü cəbhə açır. Və yaxud ola bilsin beşinci. Açığını desəm, mən artıq bu qara qüvvələrin sayını-hesabını itirmişəm. Çünki, baş nazir mütəmadi olaraq cəbhələr açır. Sonuncu cəbhə də Los-Ancelesdə açıldı və indi görürsünüz ki, keçmiş hakimiyyət nümayəndələrini tarixin zibil yeşiyində boğmağa hazırlaşır. Lakin bunun üçün ABŞ-a getməyə gərək var idimi? Bunu üçün bizim vergilər hesabına 300-400 min dollar sərf etmək lazım idimi? Axı o bizim soydaşlarımız üçün yeni nə dedi? "Köhnələrin” tam izolyasiyası Ermənistanın təhlükəsizliyi üçün zəruridirmi? Xahiş edirəm daha Ermənistanın təhlükəsizliyi ilə bağlı danışmayın. Ermənistanı sizlərdən təhlükəsiz etmək gərəkdir. O zaman vətən sizə sağ ol deyər. İl yarımdır ki, baxırıq - ortada isə heç nə yoxdur”.
Yeri gəlmişkən, N.Paşinyan və həyat yoldaşı Anna Hakobyan ABŞ prezidenti Donald Trampın adından BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirak edən nümayəndə heyətlərinin rəhbərləri şərəfinə Nyu-Yorkda təşkil olunmuş ziyafətdə iştirak ediblər. Bu barədə Ermənistan baş naziri aparatının mətbuat xidməti məlumat yayıb. Ermənistanın baş naziri isə öz Facebook səhifəsində ABŞ prezidenti Trampla fotosunu yerləşdirib. Paşinyan fotoya belə bir şərh də yazıb: "ABŞ prezidenti və birinci xanımla şəkil çəkdirdik". "Regnum” nəşri qeyd edir ki, artıq ikinci ildir Ermənistanın baş naziri ilə ABŞ prezidenti arasında görüş təşkil etmək mümkün olmur. Baxmayaraq ki, Ermənistan Xarici İşlər Nazirliyi dəfələrlə belə bir görüşün təşkili üçün səy göstərdiyini bildirmişdi. Yeri gəlmişkən, sentyabrın 6-da Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan da Paşinyan və Tramp arasında görüşə hazırlaşdıqlarını təsdiqləmişdi.
Bu arada Paşinyanın reytinqi yenidən geriləyib. Bu məlumatı da "Qraparak” qəzeti yayıb. "Sonuncu məxfi sosial sorğuya əsasən, Paşinyanın reytinqi 45%-ə düşüb. Bu sorğu Paşinyanın ABŞ-a səfəri və güc strukturlarındakı son istefalardan sonra keçirilib”, – deyə qəzet yazıb. Qeyd edək ki, bundan öncə Paşinyanın reytinqinin 56% təşkil etdiyi haqqında məlumat yayılmışdı.
Ən maraqlısı isə Rusiya prezidenti Vladimir Putinin Yerevana nəzərdə tutulan səfəri ilə bağlı erməni mediasının yazdıqlarıdır. Avropa Partiyasının sədri Tiqran Xzmalyan hesab edir ki, səfər Koçaryanın işi, Vaneşyanın istefası və Ermənistana qarşı aparılan hibrid müharibəsi çərçivəsində aparılanlarla bağlıdır. "Putin Koçaryan faktorundan rıçaq kimi istifadə etdi. Görəndə ki, Ermənistan müqavimət edir, Putin növbəti kartı götürür. Mən deyirdim ki, bu, dövlət çevrilişinə cəhd idi. Bir neçə gün əvvəl isə baş nazir də bunu təsdiq etdi”.
Rus politoloq Modest Kolerov bildirib ki, Putinin Ermənistana səfəri kifayət qədər soyuq olacaq: "Bir şeyi diqqətdə saxlayın, Putin Ermənistana yox, Avrasiya İttifaqının Ali Şurasının İrəvanda keçirilən iclasına gəlir. Yəni gündəmdə Avrasiya İttifaqıdır. Vacib olan erməni tərəfinin dəqiq gündəm formalaşdırmasıdır. Siz gündəminizi deyin, Rusiya tərəfi qərarını versin. Rusiya tərəfi hər zaman siyasi avans təqdim edir”, – deyə o bildirib.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər