• şənbə, 20 Aprel, 02:06
  • Baku Bakı 15°C

Paşinyanı terrorçularla ittifaqa girir

09.09.19 18:05 723
Paşinyanı terrorçularla ittifaqa girir
Daxili və xarici qüvvələrin yaşatdıqları problemlər üzündən çıxılmaz duruma düşən baş nazir Nikol Paşinyan isterik addımlar və bəyanatlar səsləndirməkdədir. Rusiya ilə yaşananlar, həbsdə olan Robert Koçaryanın yaratdığı problemlər, separatçı qurumla münasibətlərindəki gərginlik, ölkəni bürüyən etiraz aksiyaları Paşinyanı spontan, qeyri-adi addımlar addımlar atmağa sövq edir. Bu dəfə baş nazirin "Sasna Çrer” terror qruplaşmasının lideri Jirayr Səfilyanla görüşü medianın diqqət mərkəzinə düşüb. Səfilyanın görüşlə bağlı "factor.am erməni saytına müsahibəsindən aydın olur ki, onların təması Paşinyanın təşəbbüsü ilə reallaşıb. "Biz köhnə sistemin qoyub getdiyi problemlərdən bəhs etdik. Ən əsası odur ki, biz müşahidə etdiyimiz və edəcəyimiz təhlükələr barədə bir-birimizi məlumatlandıracağıq. Ümid edirəm ki, bu istiqamətdə ünsiyyətimiz öz faydasını verəcək. Biz hamımız çox gözəl müşahidə edirik ki, köhnələr necə revanşa hazırlaşırlar. Biz isə bu revanşın baş tutmamasına çalışan qüvvəyik. Yerdə qalan detalları gələcəkdə elan edəcəyik”, - deyə Səfilyan vurğulayıb. Məlumat üçün bildirək ki, bu qruplaşma 2016-cı ilin 17 iyulunda Yerevan post-patrul xidmətinin binasını ələ keçirib, girovları öldürməklə hədələyib. Əsas tələbləri də o vaxtkı prezident Serj Sarkisyanın istefası olub. Yaraqlılar hücumdan iki həftə sonra təslim oldular. Lakin Nikol hakimiyyətə gələn kimi bütün terrorçular həbsdən azad etdi. Bu azmış kimi "Sasna çrer” qruplaşması siyasi partiya kimi də qeydiyyatdan keçirildi. Aparıcı erməni analitiklərinin qənaətincə, ölkədə siyasi vəziyyətin gərginləşməsi və N.Paşinyanın Qarabağ qruplaşması ilə münasibətlərinin gərginləşməsi hakimiyyəti özünə sadiq silahlı dəstələr formalaşdırmağa məcbur edir. Səfilyanın bəyanatı da erməni cəmiyyətinin müxalifətçi hissəsinə bir xəbərdarlıq siqnalıdır. Bu o deməkdir ki, Paşinyan öz hakimiyyətini qorumaq üçün ən qəti addımlar ata bilər.
Bir faktı da qeyd edək ki, Paşinyan terror aktından sonra "Sasna Çrer” terror qruplaşmasının müdafiəsinə yönəlik ictimai kampaniyaya rəhbərlik edib. İndi də adıçəkilən qruplaşma hakim isteblişmentin dayağı kimi çıxış etməyə başlayır. Məhz bu qüvvələr Yerevanda hakimiyyət uğrunda Robert Koçaryanla mübarizənin qəti final hissəsinə hazırlaşır.
Bir faktı da qeyd edək ki, Paşinyanla görüşdə, Soros fondunun Ermənistanda ən aktiv nümayəndəsi kimi tanınan Qaregin Çuqaszyan da iştirak edib. Bu şəxs radikal inqilabçıları maliyyə məsələlərində əcnəbi qüvvələrlə bağlayan bir halqa kimi nəzərdən keçirilir. Erməni mediası onu erməni Parvus (bu şəxs bolşevik inqilabı zamanı Almaniya xüsusi xidmət orqanlarının himayəsi altında fəaliyyət göstərirdi) adlandırır. Jirayr Səfilyan və rəhbərlik etdiyi struktur anti-Rusiya xəttin qatı tərəfdarı kimi ad çıxarıblar. Onlar Rusiya hərbi bazasının Ermənistandan çıxarılmasını tələb edir, öz fəaliyyətlərinə hərbi-vətənpərvərlik donu geyindirməyə çalışırlar. Onların daha çox Birləşmiş Ştatların strateqlərinin hazırladıqları plana uyğun hərəkət etdikləri irəli sürülür. Bu plan isə iddia edildiyinə görə, Ermənistanın ant-Rusiya və anti-İran layihələrə cəlb edilməsindən ibarətdir. Ən əsası, Qarabağın Azərbaycana güzəştə gedilməsindən də söhbət gedir. Əvəzində isə Ermənistan üçün bütün bağlı kommunikasiyaların açılır. Daha sonra "çrer”çilərin liderlərindən biri olan Ara Papyanın səsləndirdiyi bir fikir misal gətirilir. Belə ki, o bildirib ki, Amulsar qızıl yatağı məsələsi Dağlıq Qarabağdan da vacibdir. "Aysor.am” yazır ki, seçkilərdən sonra qruplaşma ilə Paşinyan arasında münasibətlərdə bir qədər problemlər yaşanmışdı. Lakin indi baş nazirin onlara müraciət etməsi o anlama gəlir ki, Paşinyan özünü gücsüz hiss edir və bu səbəbdən də hətta beş faizlik baryeri keçməyə müvəffəq olmayan marionet qüvvələrlə belə əməkdaşlığa getməyə hazırdır. Maraqlısı odur ki, baş nazir "Vətəndaşın seçimi” partiyasının nümayəndələri ilə də görüşüb. Onlar da ideyaca "Sasna çrer” qruplaşmasına yaxındır və anti-Rusiya təbliğatı aparır.
Rusiya ekspert dairələrində də Paşinyanın bu son görüşləri müzakirə olunur. "Tert.am” əməkdaşı ilə söhbətində rusiyalı politoloq Stanislav Tarasov bildirib ki, "baş nazir bir-biri ilə ziddiyyət təşkil edən bəyanatlar səsləndirir. Biz anlaya bilmirik ki, o nə demək, nəyi başa salmaq istəyir”. Onun sözlərinə görə, Səfilyanın Moskvanın Paşinyandan yaxa qurtarmağa çalışması kimi bəyanatı dezinformasiyadır. Lakin əlavə edib ki, "Rusiya hakimiyyət orqanlarının Ermənistanın indiki hökumətinin bir sıra əhəmiyyətli məsələlərlə bağlı mövqeyi anlaşılan deyil”. Ekspert qeyd edib ki, Paşinyanın aparatında müşavirlər çox zəifdirlər, analitik xidmət isə mövcud deyil. Belə bir təəssürat yaranır ki, onlar hansısa kitabları oxuyublar və indi oxuduqlarını həyata keçirmək istəyirlər. Bu gənclər müasir fikirli insanlar olsalar da, öz düşüncələri ilə Serj Sarkisyan komandasından geri qalırlar.
"Ermənistan rəhbərliyi ictimaiyyətin diqqətini ölkədəki ciddi sosial-iqtisadi problemlərdən yayındırmaq üçün artıq effektiv olmayan üsullardan istifadə edir”.Bu fikri isə Yerevanda keçirdiyi mətbuat konfransında politoloq Viqen Akopyan səsləndirib. O qeyd edib ki, hakimiyyət informasiya və siyasət gündəmini yeni mövzularla doldurmağa cəhd edir: "Bu, siyasət, iqtisadiyyat və idmanla bağlı məsələlərdir. Məsələn, Paşinyan Ermənistan-İtaliya futbol matçı zamanı "Facebook”da xüsusi bölmə də yaradıb. Halbuki ölkədə Amulsar mədəni, İstanbul Konvensiyası, Qarabağ münaqişəsində mövqeyimiz və Xankəndilə münasibətlər kimi ciddi və hökumət tərəfindən həllini gözləyən problemlər mövcuddur. Məhz bu səbəbdən onlar diqqəti yayındırmaq məqsədilə müxtəlif texnologiyalardan istifadə edirlər”.
Politoloq əlavə edib ki, cəmiyyətin başını qatmaq üçün ən çox istifadə olunan vasitələrdən biri də keçmiş məmurların həbsidir. O, sabiq maliyyə naziri və Yerevan merinin həbsini misal gətirərək qeyd edib ki, artıq bu addımlarla insanların diqqətini yayındırmaq metodu öz təsirini itirib. "Bu piar aksiyaları ötən ilin yayında işləyirdi. Cəmiyyətdə "qolçomaqların” üzə çıxarılması tələbi var idi, amma artıq bunun da vaxtı keçib”, -deyə politoloq vurğulayıb. Onun sözlərinə görə, 2019-cu ilin aprel-mayından bəri "inqilab” hay-küyü yatıb və insanlar artıq öz həyat səviyyələri, ölkənin sosial-iqtisadi vəziyyəti, məişət problemləri ilə maraqlanır, konkret həll planı tələb edirlər. Erməni politoloq əlavə edib ki, bu səbəbdən sabiq maliyyə nazirinin həbsi xəbəri gündəmdə cəmi 1-2 gün qaldı. Bu mövzunu dərhal iqtidarın öz daxilində olan problemlər əvəz edib.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər