• şənbə, 27 Aprel, 03:56
  • Baku Bakı 14°C

Paşinyanı Moskvaya niyə çağırmışdılar? - TƏHLİL

14.10.21 12:00 322
Paşinyanı Moskvaya niyə çağırmışdılar? - TƏHLİL
Politoloq Fərhad Məmmədov: "Rusiya çalışır ki, vasitəçilik missiyasını tam olaraq öz əlində saxlasın. Lakin qəbul edilən qərarlar həyata keçməyəndə alternativ oyunçular meydana çıxır, öz gündəliklərini, maraqlarını ortaya qoyurlar"
Ermənistanın Baş naziri Nikol Paşinyan ötən gün Rusiyaya işgüzar səfər edib. İctimaiyyətə açıqlanan məlumata görə, o, Prezident Vladimir Putinlə 10 noyabr 2020 - 11 yanvar 2021-ci il tarixlərində Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış bəyanatların icra vəziyyətini, bölgənin hazırki və uzunmüddətli perspektivdə tənzimlənməyə dair məsələlərini müzakirə edib.

Planlaşdırılmayan görüş

Bu səfərdə diqqət çəkən məqamlardan biri Paşinyanla Putin arasında keçirilən bu görüşün əvvəlcədən planlaşdırılmamasıdır. Nə Ermənistan, nə də Rusiya mediasında, həmçinin rəsmi dairələrində belə bir səfərin baş tutacağı, Moskvada görüşün keçiriləcəyi barədə əvvəldən heç bir məlumat olmayıb. Yəni, Kreml rəhbəri qəfil qərar qəbul edərək Ermənistanın hökumət başçısını Moskvaya çağırıb. Maraqlıdır, Rusiya dövlət başçısının belə bir addım atmasına səbəb nədir? Əsl gerçəklikdə Paşinyan Moskvaya niyə çağırılıb? Ermənistan Baş naziri Kremldən nə ilə qayıdıb?


Nəqliyyat və kommunikasiya əlaqələri

Mövzu ilə bağlı fikirlərini "Kaspi” qəzetinə bölüşən politoloq Fərhad MəmmədovBaş nazir Nikol Paşinyanın Rusiyaya səfər etməsi tarixinin xüsusi maraq kəsb etdiyini dilə gətirib. Deyib ki, əslində belə bir səfərin olması əvvəldən planlaşdırılmayıb. Onun sözlərinə görə, Kreml rəhbərinin tələbi qarşısında Paşinyan Moskvaya getmək məcburiyyətində qalıb: "Ermənistana Hindistanın xarici işlər naziri səfər edib. Amma Nikol Paşinyan məcburiyyət qarşısında qalıb Moskvaya gedib. İlk növbədə bu, regionda baş verən hadisələrlə bağlıdır. Məhz bu kontekstdə Paşinyanı dərhal Moskvaya çağırıblar. Buna birinci səbəb Ermənistanın qeyri-konstruktiv davranışıdır. Məhz bu davranış səbəbilə 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatların müddəalarının reallaşmasında uzun fasilə yaranıb. Təsadüfi deyil ki, Kreml 10 noyabr bəyanatından iki ay sonra təcili şəkildə nəqliyyat və kommunikasiya əlaqələrinin açılması barədə xüsusi sammit təşkil edib. Həmin sammitdə konkret tarixlər göstərilməklə əlaqələrin nə zaman açılacağını əks etdirən sənəd qəbul olunub. Lakin cari ilin fevral ayından indiyə qədər ötən vaxt ərzində Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib, bəyanatların müddəalarının həyata keçməsinə maneə törədib”.


Reallaşmayan müddəalar

Politoloq söyləyib ki, Paşinyan öz siyasəti, davranışları ilə Rusiyanın yeganə vasitəçilik missiyasına xələl gətirib, onun üzərinə kölgə salıb: "Üçtərəfli bəyanatların indiyə qədər reallaşmayan müddəaları var. Digər tərəfdən, bəyanatların qəbulundan bu vaxta kimi keçən zaman kəsiyində yeni-yeni ölkələr peyda olub və razılaşmalara yenidən baxılması təşəbbüslərini irəli sürüblər. Əgər yay aylarında ABŞ və Avropa İttifaqının bu istiqamətdə fəallığını müşahidə edirdiksə, avqust-sentyabr aylarında İran yeni oyunçu kimi razılaşmalara təzədən baxılması zərurətini ortaya qoyub. Hətta Ermənistan xarici işlər nazirini Tehrana çağırtdırıb və onun İran tərəfini razı salan bəyanatlar səsləndirməsinə müvəffəq olub. Bütün bunlar onu göstərir ki, Rusiya nə qədər ləngiyirsə o qədər çox alternativlər ortaya çıxır. Halbuki Rusiya bu dövr ərzində üçtərəfli formatda bir neçə istiqamətdə fəallıq nümayiş etdirib. Birincisi prezidentlər, ölkə rəhbərlərinin, ikincisi xüsusi xidmət, prokurorluq orqanlarının, üçüncüsü hökumətlərarası komissiyanın üçtərəfli formatı səviyyəsində görüşlər keçirilib. Srağagün və dünən isə dini rəhbərlər səviyyəsində görüş keçirilib”.


Hər hansı legetim səbəb yoxdur ki...

F.Məmmədovun qənaətinə görə, Rusiya çalışır ki, vasitəçilik missiyasını tam olaraq öz əlində saxlasın. Lakin qəbul edilən qərarlar həyata keçməyəndə alternativ oyunçular meydana çıxır, öz gündəliklərini, maraqlarını ortaya qoyurlar: "Baş verənlər Cənubi Qafqazın gündəliyi ilə ziddiyyət təşkil edir. Bu baxımdan Rusiya xarici işlər naziri Sergey Lavrovun Moskvada iranlı həmkarı ilə görüşdən sonra bəzi məqamları qeyd etməsi xüsusilə diqqət çəkir. Bunun davamı olaraq Rusiya Prezidenti Vladimir Putin Paşinyanı Moskvaya çağırıb, onun oyun oynamasının qarşısını almağa çalışıb. Qəbul edilən qərarların həyata keçirilməsinin zamanının yetişdiyini Ermənistan baş nazirinə başa salıb. Ermənistanda artıq daxili siyasi böhran yoxdur, seçkilər başa çatıb, hökumət formalaşıb. Hər hansı legetim səbəb yoxdur ki, Paşinyan onu əsas gətirib qəbul edilən qərarları yerinə yetirməsin”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər