• cümə axşamı, 28 mart, 15:25
  • Baku Bakı 16°C

Paşinyanı kim əvəz edəcək?

01.10.19 18:02 1199
Paşinyanı kim əvəz edəcək?
Hakimiyyətdaxili intriqa, mümkün çevriliş ssenariləri erməni siyasətinin, mediasının əsas mövzularından biri olaraq qalır. Bu məsələ hətta Rusiya prezidenti Vladimir Putinin Yerevana səfərini belə, arxa plana keçirib. "1in.am” saytında dərc olunan "Paşinyan kimlə əvəzlənəcək” başlıqlı məqalədə vurğulanır ki, Ermənistan ictimai və yaxud internet-dairələrində "əks-inqilab”, "revanş”, "hakimiyyətdaxili qəsd” barəsində fikir mübadiləsi ən sərt qiymətləndirmə və xarakteristikalarla davam edir: "Burada diqqət çəkən məqam odan ibarətdir ki, gərgin və qızğın müzakirələrdə bir məsələ açıq qalır - əksinqilabçıların konkret dairəsi. Nikol Paşinyanı devirdikdən sonra hakimiyyətə gələcək siyasi format diqqət çəkən əsas məsələdir”. Müəllif yazır ki, bu məsələ çox əhəmiyyətlidir: "Gəzən söz-söhbətlər artıq emosiya, qorxu, təşvişə çevrilir. Siyasi və yaxud politoloji müzakirə yox, tamam başqa məsələyə çevrilir. Başqa bir mühüm məsələ - Nikol Paşinyanın yerinə keçəcək yeni baş nazir kim olacaq? Parlament çoxluğunu kim təşkil edəcək? Nələrin baş verməsindən asılı olmayaraq, cəmiyyət gözləntidədir”.
"Baş nazir və hökumət istefaya getməli, parlament üzvləri evlərinə dağılışmalıdır. Onların idarəetməsi bütün erməniçiliyə təhlükədir”. Bu sözləri separatçı Dağlıq Qarabağ rejiminin "təhlükəsizlik şurası”nın keçmiş sədri Vitali Balasanyan "168.am” qəzetinə müsahibəsində bildirib. Balasanyanı indiki hakimiyyətin idarəçilik sisteminin yekunları qane etmir: "Vaxt gələcək və siz görəcəksiniz ki, bu hakimiyyət xalqı hansı duruma salıb”. Sabiq hərbçi Paşinyanın hakimiyyəti könüllü təhvil verəcəyinə inanmır: "Əgər xalq parlamentin buraxılmasını tələb etməzsə, nəticələr çox ağır olacaq. Xalq ayılmalıdır, tələb etməli, bütün deputatların mandatı geri vermələrinə nail olmalıdır. Əks təqdirdə, erməniçilik təhlükə altına düşəcək”. V.Balasanyan sözlərinə görə, Paşinyan tərəfindən 2018-ci ildə Dövlət Radiosunun ələ keçirilməsinin bir adı var - terrorizm. "Xüsusi dövlət əhəmiyyətli bina ələ keçirilib və bu fakt post-patrul alayının ələ keçirilməsinə bərabərdir. Atəş açılmadan silahla təzyiq edilib”, - deyə o, Paşinyanın hücumu ilə "Sasna Çrer” qruplaşması arasında paralellər aparıb. V.Balasanyan bildirib ki, "Sasna Çrer” ilə Paşinyan arasında əməkdaşlıq çoxdan mövcuddur. "Açıq şəkildə bildirirəm ki, "Sasna Çrer” qruplaşmasının lideri Qaregin Çukaszyan aclıq elan edib və Paşinyan da guya onunla aclığı dayandırmaq bəhanəsi ilə görüşüb. Əminəm ki, Çukaszyan onun qarşısında bütün quldur dəstəsini azad etmək şərtini qoyub”.
Erməni politoloq Stepan Danielyan öz Feysbuk səhifəsində hazırda Ermənistana cəmiyyətin bütün qatları ilə dialoqa gedəcək rəhbər lazım olduğunu yazıb: "Nikolun istəyib-istəməməsindən asılı olmayaraq, o, istefaya getməlidir. Bu o demək deyil ki, Ermənistanda hakimiyyət dəyişikliyi olmalıdır. Hakimiyyət baş nazirə yox, xalqa məxsusdur və yeni hökumətin formalaşdırılması hakimiyyətin dəyişməsi anlamına gəlmir. Nikol destruktiv şəxsdir. O cəmiyyəti konsolidasiya şanslarından istifadə edə bilmədi”, – deyə politoloq bildirib.
Digər bir nəşr – "Jamanak” isə yazır ki, N.Paşinyan keçmiş baş naziri Karen Karapetyanı da həbs etməyə hazırlaşır. Bu şəxsin də adı cinayət işində hallanır. Nəşrin məlumatına görə, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan istefa verdikdən sonra "Qazprom Armeniya”nın keçmiş iki baş direktoru Karen Karapetyan və Vardan Arutyunyanın işləri birdən-birə kəskin pisləşib: "Əldə etdiyimiz məlumata görə, onların adları bu yaxınlarda açıqlanacaq bir necə cinayət işində hallanır”. K.Karapetyan 1963-cü ildə Xankəndidə anadan olub. 2016-cı il aprelin 23-dən 2018-ci mayın 8-dək Ermənistanın baş naziri olub.
"Ermənistanda nəzarət vasitəsi kimi qorxu atmosferinin təsdiqlənməsinə yönələn klassik faşist rejimi tətbiq olunur”. Bu sözlər erməni analitik Artak Akopyanın "Zham.am” saytında dərc olunan məqaləsində yer alıb. O, Paşinyanın guya Mixail Saakaşvilinin yoluyla gedərək, qorxu atmosferi yaratdığını bildirib: "Saakaşvilinin öz siyasəti üçün aşağıdakı əsasları vardı. O, ölkəni Rusiyanın təsirindən, rus bazalarını Axalkalaki və Batumidən çıxarmağı bacarmışdı. Gürcüstan Milli Təhlükəsizlik Xidməti Georqvadzenin qaçışından sonra Moskvanın təsirindən çıxarılmış, Saakaşvili tərəfindən ABŞ və Türkiyənin kəşfiyyat sistemlərinə inteqrasiya olunmuşdu. Gürcü ordusu NATO standartlarına uyğunlaşdırılmışdı. Gürcüstan iqtisadiyyatının əsas hissəsi, xüsusilə enerji və rabitə sektoru Moskvanın təsirindən çıxarılmışdı”.
Akopyan Saakaşvilinin uğurunun səbəblərinin cəmiyyətin Moskvaya münasibəti, Azərbaycan və Türkiyə tərəfindən 2008-ci il savaşında Tbilisinin dəstəklənməsi və digərlərinin olduğunu söyləyib:"Başqa səbəb ABŞ-dan yardım xəttinin açılması oldu – bunun sayəsində Tbilisi Bakı-Ceyhandan qazanc əldə etdi. Məsələn, Tbilisi bu boru kəmərindən 10 il ərzində 4,5 milyard dollar qazanıb. Səbəblər sırasına Gürcüstanın əlverişli coğrafi şəraitini də əlavə etmək olar. Bu ərazi daimi olaraq Türkiyə və Azərbaycanın marağını cəlb edir ki, bu da Saakaşvilinin uğur qazanmasına yardım etdi”. Saakaşvilini "faşist” adlandıran Akopyan Paşinyanın onun qədər dəstəkçisi olmadığını və buna görə də edəcəyi istənilən cəhdin əks reaksiya doğuracağını vurğulayıb.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər