• cümə, 29 Mart, 15:59
  • Baku Bakı 14°C

Paşinyanı gözləyən təhlükə

26.12.19 16:32 461
Paşinyanı gözləyən təhlükə
"EurAsia Daily” "On minlərlə insan baş nazirin siyasətindən narazılıq etmək üçün küçələrə çıxa bilər”

"Gələn il Ermənistanda hakimiyyətlə müxalifət arasında gərginlik artacaq və institusional xarakter alacaq”. "EurAsia Daily” yazır ki, bu barədə qonşu ölkədə fəaliyyət göstərən VERELQ informasiya-analitik mərkəzinin ekspertləri gəliblər. Ekspertlərin qənaətincə, müxtəlif siyasi partiyalar, ictimai təşkilatlar Paşinyana qarşı mübarizə aparmaq, vahid qütb yaratmaq üçün birləşəcəklər. Hadisələri qabaqlayan ekspert qrupu hesab edir ki, bununla da baş nazir öz potensialını gücləndirmiş olacaq. Resurs bildirir ki, başa çatmaqda olan ildə Nikol Paşinyan status-kvonu qoruyub saxlayıb, prezident İlham Əliyevlə bir neçə görüş keçirməyə, müharibənin başlanmasının qarşısını almağa müvəffəq olub. İqtisadi sahədə Paşinyanın komandası vəd etdiyi kimi, milyardlarla dollar investisiyanı cəlb edə və iqtisadi inqilab həyata keçirə də bilməyib. Nə yeni iş yerləri yaradılıb, miqrasiya davam edir, cəmiyyətdə yeni hakimiyyətdən gözləntilər sıfıra enib, sosial vəziyyətin yaxşılaşdırılmasından söhbət gedə bilməz. Bunun nəticəsidir ki, minlərlə insan Rusiya Federasiyası vətəndaşlığı almaq üçün müraciət edib, ya da "qrin-kart” almağa çalışıb. Bu problemlərin həll edilməməsi nəticəsində N.Paşinyanın reytinqi ciddi şəkildə aşağı düşməkdədir. 2020-ci ildə Paşinyanın opponentləri onu məhz bu uğursuzluqlara görə tənqid etməkdə davam edəcəklər. Nəticədə on minlərlə insan baş nazirin siyasətindən narazılıq etmək üçün küçələrə çıxa bilər. Vətəndaşlar artan narazılıq fonunda yeni hökumət üzvlərinin cah-cəlallı həyatından, mükafat və əmək haqlarının artırılmasından, bahalı maşınlar əldə etmələrindən dərin apatiya vəziyyətinə düşəcəklər. Məqalədə xüsusi vurğulanır ki, Paşinyanın canlı efirləri də ona kömək etməyəcək. Müəllifin qənaətincə, hökumət böyük layihələri həyata keçirməlidir, sosial vəziyyətin yaxşılaşdırılması üçün şərait yaratmalıdır. İnflyasiyanı qoruyub saxlamalı və vəd edilən iqtisadi inqilabı reallaşdırmalıdır. Bunun xüsusən də miqrasiyanın geniş vüsət aldığı ərazilərdə həyata keçirmək gərəkdir. "Beləliklə, Paşinyan 2020-ci ildə ya hakimiyyətini gücləndirəcək və iqtisadi islahatlarla reytinqini artıracaq, ya da ölkə antipaşinyan koalisiyanın qızışdıracağı sosial üsyanla üzləşəcək”, - deyə müəllif vurğulayıb.
Son günlər müxalif düşərgədə növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə çıxışlar səslənir. Respublika Partiyasının lideri Aram Sarkisyan hesab edir ki, bu, yalnız fors-major hallarda, ya da Paşinyanın istəyi ilə mümkündür. Robert Koçaryan və tərəfdarlarının, eləcə də, Ermənistan Respublika Partiyası üzvlərinin növbədənkənar seçkilərin keçirilməsi tələblərini şərh edən siyasətçi hesab edir ki, bu tələb ilk növbədə hakimiyyətin maraqlarından irəli gəlir: "Əminəm ki, "Mənim addımm” parlamentdə çoxluğu əldə edəcək. Paşinyan isə baş nazir kürsüsünə yiyələnəcək. Mən istisna etmirəm ki, baş nazir hakimiyyətinin sonuncu ilində növbədənkənar seçkilərə gedəcək”.
Öz növbəsində Ermənistan Respublika Partiyasının keçmiş deputatı, partiyanın mətbuat katibi Eduard Şarmazanov seçkilərin olmasını zəruri sayır. Onun qənaətincə, növbədənkənar seçkilər ölkədə siyasi bərabərlik və ideya mübarizəsi aparmaq üçün zəruridir: "Bu gün müxalifətin bir dənə də təsir vasitəsi mövcud deyil və bu da qeyri-normal haldır. İndiki hakimiyyətin əsas rəqibi Ermənistan Respublika Partiyasıdır. Keçirilən rəy sorğuları da bunu deməyə əsas verir”.
Ekspert Vaqe Ovanisyan isə əmindir ki, "hakimiyyətin ölkə iqtisadiyyatının mövcud vəziyyəti barədə real mənzərəsi yoxdur. Dövlət idarəçilik sistemi konsepsiya və strateji inkişaf strategiyası hazırlamaq iqtidarında deyil. Dövlət idarəçilik sistemində və baş nazirin yaxın ətrafında təcrübəli və geniş təcrübəyə malik insanlar qıtlığı yaşanır. Təhsil sistemində də problemlər kifayət qədərdir – yalnız erməni dili və tarixi, ədəbiyyatı ilə kifayətlənilir. Nəhayət, korrupsiyaya qarşı mübarizə dövlət idarəçilik sisteminə uyğun formada aparılmır. Ən əsası, dövlət idarəçilik sistemi Paşinyanın həyata keçirdiyi inqilaba qarşı müqavimət üzrə köklənib. Xalq səs verib ki, ölkədə dəyişikliklər baş versin, əvəzində isə yerində fırlana-fırlana gedirlər”. Ekspertin qənaətincə, dövlət sistemi proqram və cari məsələlərin həlli üçündür, inqilab üçün yox.
Problemlər mətbuat sahəsində də var. Son ilyarım ərzində Ermənistanda kütləvi informasiya vasitələrinəqarşı ötən on ildəkindən daha çox məhkəmə iddiası qaldırılıb. Bunu isə "Qraparak” qəzeti yazıb. Bildirilib ki, Paşinyan ötən gün bir qrup KİV nümayəndəsini qəbul edib. Məlumata görə, o, KİV-in hökumətə problem yaratdığını bildirsə də, onun hakimiyyəti dövründə mətbuatın daha çox təqib və təzyiqə məruz qaldığını etiraf etməyib.
Yeri gəlmişkən, Paşinyandan narazılıq bütün sahələr üzrə davam edir. Dünən ölən əsgərlərin yaxınları Ermənistan hökumət binası yaxınlığında aksiya keçirib. Ölən əsgərlərin ailələri ölüm işlərinin şəffaf araşdırılmasını tələb edib və Paşinyanla görüşmək istəyib. Xatırladaq ki, dekabrın 2-də Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində erməni əsgər Artur Acamyan naməlum şəraitdə güllə yarasından ölüb. Digər hərbçi David Melikbekyan isə yaralanıb. İstintaq Komitəsi Ermənistan Cinayət Məcəlləsinin 104-cü maddəsinin 1-ci hissəsi (iki və ya daha çox şəxsi öldürmək) ilə cinayət işi açıb. Hökuməti binası yaxınlığında polis əməkdaşları ilə öldürülən əsgərin yaxınları arasında dava düşüb. Əsgər anası Paşinyanla görüşmək üçün binaya girməyə cəhd edib. Polis qapının qarşısında dayanaraq qadının binaya daxil olmasının qarşısını alıb. Aksiya iştirakçıları polis kordonunu yarmağa çalışıblar. Nəticədə tərəflər arasında qarşıdurma yaranıb. Həmin vaxt isə Nazirlər Kabinetinin iclası keçirilib. Daha sonra əsgərin qohumları Respublika meydanında avtomobil yolunu bağlayıb, nəqliyyatın hərəkətini məhdudlaşdırıblar. Hadisə yerinə vətəndaşların qəbulu şöbəsinin müdiri Aleksandr Kazaryanın gəlişindən sonra gərginlik bir qədər səngiyib. "Paşinyana deyin ki, camaat onunla görüşməyi tələb edir. Qoy bizim yanımıza gəlsin”, - aksiya iştirakçıları Kazaryana deyib. Buna cavab olaraq Kazaryan iclas keçirildiyini və indi tələblərinin yerinə yetirilməyəcəyini bildirib. Ölən əsgərin yaxınları isə görüşün sonuna qədər gözləməyi qərara alıblar. Hökumət başçısı onlarla görüşməyəcəyi təqdirdə yolları bağlayacaqlarını bəyan ediblər. Qeyd edək ki, ölən əsgərin qohumları və dostları bundan əvvəl də günahkarların tapılıb cəzalandırılması tələbi ilə parlament binası qarşısında aksiya keçiriblər.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər