• şənbə, 20 Aprel, 17:58
  • Baku Bakı 23°C

Paşinyan dəyişəcəkmi?

12.12.18 18:34 606
Paşinyan dəyişəcəkmi?
Ermənistanda növbədənkənar parlament seçkiləri keçirildi və demək olar ki, baş nazirin səlahiyyətlərinin icra edən Nikol Paşinyan öz arzusuna çatdı. "Mənim addımım” bloku ilə yanaşı, "Çiçəklənən Ermənistan” və "İşıqlı Ermənistan” partiyaları da parlamentdə təmsil olunmaq hüququ qazandılar. Bu iki partiya da Paşinyana yaxınlığı ilə seçilir. Yəni inqilabçı Nikol ölkədə hakimi-mütləqə çevrilib. Bu status ona bəzi radikal addımlar atmağa imkan yarada bilər. Bəsə görəsən yaranmış yeni situasiyada Paşinyan dəyişəcəkmi?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə bildirdi ki, N.Paşinyanın yeganə xilas yolu Ermənistanın xarici siyasətində köklü dəyişikliklər edib və Azərbaycanla tezliklə sülh sazişini imzalamaqdır: "Paşinyan sülh istiqamətində müvafiq addımlar atmasa, bu ölkə çox ağır problemlərlə üzləşəcək və onu hakimiyyətə gətirən qüvvələr fərqli həyat üçün verdiyi vədlərin niyə yerinə yetirilmədiyini soruşacaqlar. Əgər Paşinyan sülh sazişi ilə bağlı zəruri işlər görməsə, onun fəaliyyəti əvvəlki hakimiyyətdən heç nəyi ilə fərqlənməyəcək. Düşünürəm ki, belə olan halda o, gəldiyi üsullarla da iqtidardan gedəcək”.

A.Mollazadə Ermənistan-Türkiyə münasibətlərinə toxunaraq qeyd etdi ki, bu günlərdə çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən öz konkret mövqeyini sərgilədi: "Belə ki, Türkiyənin dövlət başçısı qeyd etdi ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini azad etməyənə qədər Türkiyə və Ermənistan arasında münasibətlər dəyişməyəcək. O ki qaldı Ermənistanın Rusiya ilə münasibətlərinə, faktiki olaraq Moskva bu ölkə üzərində hökmdarlıq edir. Hətta indiki Ermənistan Rusiyanın bir əyalətinə bənzəyir. Ona görə də düşünmürəm ki, Paşinyan bu münasibətlərdə nəyi isə dəyişdirə bilsin. Bir daha qeyd edirəm ki, Paşinyan qonşularla normal münasibətlər qurmasa, ərazi iddialarından çəkilməsə, heç nəyə nail ola bilməyəcək”.

Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov hesab edir ki, Paşinyanın seçkilərə qədər və sonrakı çıxışları arasında fərq müşahidə olunacaq: "Paşinyan artıq Dağlıq Qarabağ məsələsində və Rusiyaya qarşı çıxışlarında bir qədər mülayim ritorikadan çıxış edəcək. Çünki Ermənistan Rusiyaya çox bağlı ölkədir. Belə götürəndə Rusiya da Ermənistandan gedən deyil. Bu ölkə hazırda NATO və Rusiya arasında bufer zonasıdır və Ermənistanda olan rus hərbi bazası Moskva üçün çox vacibdir. Bütün bunlar olduğu təqdirdə Paşinyanın NATO-ya və yaxud Avropa İttifaqına üz tutması məsələsi mümkün olmayan bir məsələdir. İndiki məqamda Paşinyan üçün əsas məsələ daxili rəqiblərdən siyasi səhnəni boşaltmaqdır və hazırda bununla məşğuldur. Onun bir nömrəli düşməni Ermənistanda mövcud olan "Qarabağ klanı”dır və Paşinyan onlara qarşı vuruşacaq. Daha sonra isə "Sosna Tser” qruplaşmasının köməkliyi ilə qondarma "Dağlıq Qarabağda” indiki "Qarabağ klanı”dan olan Bako Saakyan və tərəfdarlarını "hakimiyyətdən” devirmək üçün mühüm gedişlər edəcəkdir. Güman etmək olar ki, o buna nail ola bilər”.

Azərbaycanlı əsir və girovların Ermənistan tərəfindən qaytarılması məsələsinə toxunan politoloq qeyd etdi ki, bu məsələ tez bir zamanda həllini tapmayacaq: "Çünki Paşinyan ümumiyyətlə erməni cəmiyyətini Qarabağ və digər məsələlərdə kompromisə hazırlamalıdır. Bunun üçün isə o ilk növbədə ölkəni daxili rəqiblərindən təmizləməlidir.

Türkiyə-Ermənistan məsələsinə gəlincə, Paşinyanın Türkiyə ilə bağlı verdiyi bəyanatı bundan əvvəl digər erməni siyasətçiləri də bildirirdi. Amma Türkiyənin şərti var. Belə ki, Dağlıq Qarabağ münaqişəsi çərçivəsində işğal altında olan Azərbaycan ərazilərinin azad olunmasından sonra Türkiyə və Ermənistan sərhədləri açıla bilər. Ona görə də indiki məqamda Türkiyə-Ermənistan münasibətlərinin normallaşması mümkün olmayan məsələdir”.

Z.Məmmədov vurğuladı ki, Rusiya 2018-ci ildə Ermənistanla bağlı siyasətini davam etdirəcək: "Bu da Paşinyanın davranışları ilə bağlıdır. Açığı, Paşinyanla Putin arasında qarşılıqlı şəkildə simpatiya yoxdur. Lakin faktiki olaraq, Rusiya hələ Ermənistanla kobud şəkildə davranmayacaq. Bu da hələ o demək deyil ki, Rusiya Paşinyana rəqib olacaq blok, siyasi partiya hazırlamayacaq. Bu illər ərzində Rusiya öz namizədini hazırlayacaq və Moldovada, Gürcüstanda, Ukraynada olduğu kimi Ermənistanda da ruspərəst qüvvənin gələcəkdə Paşinyanı devirərək hakimiyyətə gəlməsi və ya seçkilər vasitəsilə iqtidara sahiblənməsi istisna deyil. Paşinyanın özünü isə 2019-cu ildə çox çətin mərhələ gözləyir. Yəni, Rusiyanın Ermənistana təzyiq vasitələri o qədər çoxdur ki, bunun fonunda Paşinyanın manevr imkanları çətindir. Onu da qeyd edim ki, Rusiya Qarabağ kartından da Paşinyana təzyiq vasitəsi kimi istənilən vaxt istifadə edə bilər”.

BƏXTİYAR

banner

Oxşar Xəbərlər