• cümə axşamı, 28 mart, 23:18
  • Baku Bakı 13°C

Paşinyanı dəstəkləyənlərin peşmançılığı

06.12.19 13:51 779
Paşinyanı dəstəkləyənlərin peşmançılığı
Ermənistanın baş nazirinə qarşı ciddi cəbhə formalaşır
Bir vaxtlar Ermənistanın baş naziri Nikol Paşinyanın əsas dəstəkçilərindən hesab edilən şəxslər indi ona qarşı ciddi ittihamlar səsləndirməyə başlayırlar. Bu sırada siyasi partiya funksionerləri, iş adamları ilə yanaşı, din xadimləri də var. "Vədlər icra edilməyəndə istənilən inqilab sürətlə fiaskoya uğrayır”. Bu sözləri "Tvitter” səhifəsində Böyük Kilikiya Evinin katolikosu I Aram paylaşıb. "Əgər vədlər yerinə yetirilmirsə, o zaman xalqla hakimiyyət arasında dərin uçurum yaranır. Bu, tam qeyri-müəyyən təhdidlərin olduğu situasiyadır”, – deyə o bildirib. Qeyd edək ki, I Aram Paşinyanın əsas dəstəkçilərindən biri olub. Biznes dairələrində də Nikolun siyasətindən narazılıq artır. Məsələn, "məxməri inqilab”dan sonra Nikol Paşinyana ciddi dəstək verən "Çiçəklənən Ermənistan” indi ona qarşı müxalifətə keçib. Beləliklə, Nikol Paşinyanın idarəçilik sistemindən artıq onunla müttəfiq olan partiyalar da narazılıq etməyə başlayıblar. Partiyanın sədri Qaqik Çarukyan bəyan edib ki, Ermənistana investisiyalar yatırmaq mümkün deyil. O deyib ki, Yerevan meriyası onun biznes layihələrinə qarşı problem yaradır. Çarukyan vurğulayıb ki, Birləşmiş Ərəb Əmirliklərində olan biznes tərəfdaşları Yerevanda iki mehmanxana və pulsuz xəstəxana tikmək istəyiblər. Lakin meriya onlara bu planları reallaşdırmağa imkan verməyib. Bu məsələ parlamentdə müzakirəyə çıxarılıb. "Çiçəklənən Ermənistan” Partiyasının fraksiyası parlamentin iclasını boykot edərək iclas zalını tərk edib. Bu barədə parlamentin iclasında fraksiyanın sədri Arman Abovyan bəyan edib. "Biz belə şəraitdə işləyə bilmərik və bu səbəbdən də parlamentin iclasını tərk edirik. Biz siyasi boykot elan edirik”, - deyə Abovyan bəyan edib. "Ermənistana pul köçürmək arzusu yoxdur, ona görə ki, hakimiyyətə inam yoxdur”. Bunu isə "Daşnaksütyun” Partiyasının üzvü, keçmiş deputat Armen Kürəkyan "Telemarafon 2019”-u şərh edərkən deyib.
"Bizim investor planı ilə yanaşı, vəsaitlərin toplanması baxımından da etibar problemimiz var. İnvestisiya üçün ilk növbədə etibar, qanuni mühit, stabil məkan lazımdır, hansı ki, o da bizdə yoxdur”, - deyə o bildirib. Qeyd edək ki, son telemarafonda Ermənistana cəmi 9,8 milyon dollar vəsait köçürülüb. Bu isə indiyə qədər qeydə alınan ən aşağı göstəricilərdən biridir. Bütün bunların fonunda keçmiş komanda üzvləri arasında Paşinyana qarşı ciddi cəbhə formalaşır. Belə ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan yeni partiya yaradır. Bu məlumatı "Past” qəzeti yayıb. Məlumata görə, Vanetsyan yeni partiyasının adını yaxın zamanlarda açıqlayacaq. Partiyanın adının "Şərəf duyuram” olacağı iddia edilir. Hazırda partiyanın özəyinin formalaşdırılması istiqamətində aktiv fəaliyyət aparılır. Yeri gəlmişkən, xatırladaq ki, "Aravot” qəzetinin sosial şəbəkədəki kanalı hazırladığı reportajda məhz Paşinyan rejimi şəraitində Ermənistanda yoxsulluq və korrupsiyanın sürətlə inkişaf etdiyini bildirib. Aparılmış araşdırma nəticəsində Ermənistanda gənclərin üçdə ikisinin ölkəni tərk etmək haqqında düşündüyü, həmçinin onların ölkədə mövcud olan siyasi, sosial və iqtisadi vəziyyətdən məyus olmaları bildirilir. Rəsmi məlumatlarda ölkə əhalisinin 30 faizinin yoxsul yaşadığı göstərilsə də, real vəziyyətin daha da acınacaqlı olduğu ehtimal edilir. "Lragir” qəzeti isə yazır ki, ölkədə hakimiyyət özbaşınalığı və perspektivin olmaması səbəbindən gənclərin qruplar halında, əsasən Rusiya istiqamətində miqrasiya etmələri və Sovet İttifaqının süqutundan sonra Ermənistanın 16-30 yaş arasındakı vətəndaşlarının bir milyonundan çoxunun öz gələcəyini itirdiyi qeyd olunur: "Ermənistan hökuməti əhalinin, xüsusilə gənclərin ölkəni birdəfəlik tərk edərək digər ölkələrə üz tutmasından heç bir narahatlıq keçirmir, əksinə, miqrasiya edən gənclərlə narazı elektoratın və gələcək potensial inqilabçı-gənclərin sayının azalmasına və bu yolla hakimiyyətdə qalmaqda davam etməyə ümid edir”.
Ən maraqlısı odur ki, ermənilər bir-birilərini təhqir etməyə başlayıblar. Məsələn, Ermənistan mediasına müsahibəsində Ermənistan İctimai Şurasının üzvü, idarəetmə üzrə mütəxəssis, texniki elmlər namizədi Arutyun Mesrobyanın sözləri qalmaqal yaradıb. O bildirib ki, ermənilərin düşüncə sistemi ilə bağlı ciddi problemləri var. "Biz ermənilər dövlət mentalitetindən məhrumuq. Bizdə hətta hakim elita da yoxdur. Nə hakimiyyət, nə də struktur dəyişikliyi vəziyyəti düzəldəcək. Dövlət idarəetmə sistemimiz 1991-ci ildən savadsız şəkildə qurulub, ölkənin qarşısına qoyduğu məqsədlərə cavab vermir. Bizim təhrif olunmuş düşüncəmiz var. Uzun illər dövlətçilikdən məhrum olmuşuq. Ermənistanda sağlam, layiqli insanın çoxlu sayda problemi var, ləyaqətsizlərin isə demək olar ki, problemi yoxdur”, - deyə mütəxəssis bildirib. İkiüzlülük və riyakarlıq barədə sualı cavablandıran Mesrobyan ermənilərin qatı ikiüzlü olduqlarını vurğulayıb: "Biz açıq mühitdə tamamilə fərqliyik, nəinki qapalı mühitdə. Ən dəhşətlisi isə odur ki, biz ermənilər hamımız eyniyik, heç nə ilə fərqlənmirik. İnsanların hazırkı və ya keçmiş hakimiyyəti tənqid etməyə haqları yoxdur, çünki hamımız eyniyik. Keçmiş hakimiyyətin hazırkı xələfini, hazırkı hakimiyyətin isə keçmiş hakimiyyəti tənqid etməyə haqqı yoxdur. Bizə keçmişdə Ermənistanda baş vermiş və hazırda baş verməyən bir hadisəni nümunə gətirin”.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər