AZE | RUS | ENG |

Paşinyandan Rusiyanı qıcıqlandıracaq qərar

Paşinyandan Rusiyanı qıcıqlandıracaq qərar
Separatçılarla rəsmi Yerevan arasındakı söz atışması davam edir

Ermənistanın "inqilabçı” hökuməti anti-Rusiya fəaliyyəti göstərməkdə, Kreml ilə ikibaşlı oyun oynamaqda, Moskvaya nifrət bəsləyən şəxsləri hakimiyyətə gətirməkdə davam edir. "Forpost” damğasından qurtulmağa çalışan Nikol Paşinyan hakimiyyəti zaman-zaman bu istiqamətdə addımlar atmaqdadır. Gah Rusiyanın adamı hesab edilən şəxsləri həbsə atır, gah Rusiya bazasının ölkə ərazisində məqsədəuyğun olub-olmaması məsələsini gündəmə gətirir. Bu günlərdə bir neçə il əvvəl Rusiya bayrağını tapdalayan şəxsin qubernator təyin edilməsi də rusiyapərəst siyasi dairələrdə geniş müzakirələrə səbəb olub. "İşıqlı Ermənistan” Partiyasının sədri Edmon Marukyan Araqatson vilayətinin yeni qubernatoru David Gevorkyanın vaxtilə Rusiya bayrağını ayaqlar altına atdığını yazıb.  olduğunu bildirib: "Məncə, hər hansı ölkəyə qarşı çıxan və öz mövqeyini həmin ölkənin bayrağını yandırmaq, ya da tapdalamaqla ifadə edən vətəndaşlar ola bilər. Amma heç cür anlamıram ki, belə bir adam hökumətin Rusiya ilə mükəmməl münasibətlər formalaşdırmaq üzərində çalışdığı vaxtda Ermənistanda yüksək vəzifəyə, özü də qubernator vəzifəsinə təyin oluna bilər. Maraqlıdır, görəsən, hökumət Araqatson vilayətinin qubernatorunun siyasi baxışlarından xəbərdardırmı? Onlar bu qubernatorun simasında Rusiya ilə necə mükəmməl münasibətlər qurmağa ümid edirlər? Mənim sualım ritorik deyil. Öz həmkarlarımdan – Lilit Makuntsdan ("Mənim addımım” Blokunun rəhbəri) cavab gözləyirəm”. Partiya sədri əlavə edib ki, Ermənistan bir tərəfdən Rusiyanın Su-30 təyyarəsini gözləyir, strateji tərəfdaşlıqdan danışır, Rusiyada erməni sürücülük vəsiqələrinin tanınması barədə danışıqlar aparır, digər tərəfdən yüksək posta belə bir şəxsi təyin edir”.
Xatırladaq ki, David Gevorkyan 4 il bundan əvvəl Rusiya səfirliyi qarşısında keçirilən aksiyada bu ölkənin bayrağını ayaqlar altına atmışdı.
Erməni siyasinin Rusiyanın Ermənistana Su-30-ları tədarük edəcəyi barədə xəbəri də yalan çıxıb. "Rusiya Su-30-ları Ermənistana yox, Ermənistandakı Rusiya bazasına tədarük edir”. Bunu "1in.am” saytına müsahibəsində rusiyalı hərbi ekspert Aleksandr Perenciyev deyib. "Söhbət alışdan yox, Ermənistandakı Rusiya aviabazasının silahlandırılmasından gedir. Hələlik Ermənistana qırıcı satışı haqqında heç bir söhbət yoxdur. Mən bu məlumatların haradan yayıldığını bilmirəm. Yeri gəlmişkən, bu, Azərbaycanda narahatlığa səbəb olur. Yenə də deyirəm ki, Su-30 qırıcıları Ermənistana yox, buradakı Rusiya aviabazasına tədarük edilir. Mən Ermənistan müdafiə nazirinin bəyanatından xəbərdaram, amma o, arzularını həqiqət kimi qələmə verir. Aydındır ki, bu, Ermənistanda yaxşı səslənir, hər kəs nazirə inanır, amma mən Rusiyadayam və bilirəm ki, bu, sadəcə, Türkiyənin Su-57 qırıcılarını almağa hazırlaşması ilə bağlı verdiyi bəyanat kimi səsləndirilən sözlərdir. Heç kim nə Türkiyəyə, nə Ermənistana, nə də başqa kiməsə qırıcı satmağa hazırlaşmır”, – deyə o bildirib. Ekspert Rusiyanın Azərbaycana və Ermənistana silah satmamaq barədə qərarının olduğunu deyib: "Bunun tam qadağan olunduğunu deyə bilmərəm, amma silah satışı hələlik dondurulub. Ermənistan bizim KTMT üzrə müttəfiqimizdir və biz onlara hava hücumundan müdafiə sistemləri təqdim edə bilərik. Burada heç bir problem yoxdur. Hücum xarakterli silahı isə biz nə Azərbaycan, nə də Ermənistana tədarük edəcəyik. Bu, hərbi-siyasi yanaşmadır”. Qeyd edək ki, bundan öncə Ermənistan müdafiə naziri David Tonoyan və baş nazir N.Paşinyan Yerevanın Rusiyadan 4 ədəd Su-30CM təyyarəsi alınacağını bəyan ediblər. Yerevan hətta bununla bağlı ilkin ödənişi də etdiyini bildirib.
Son günlərin ən aktual məsələlərindən biri də separatçı Dağlıq Qarabağ rejimi ilə Yerevan arasında gərginliyin artmasıdır. Belə bir fikir formalaşıb ki, separatçı rejimə Moskvadan güclü dəstək var. Bu günlərdə baş nazir də Qarabağın əks-inqilabi mərkəzə çevrilməsi barədə fikir səsləndirib. Məsələ o qədər böyüyüb ki, Qarabağ separatçılarının liderinin mətbuat katibi David Babayan  təkzib etmək məcburiyyətində qalıb. "Qarabağ hansısa əks-inqilab və inqilabın mərkəzi ola bilməz”, - deyə separatçıların nümayəndəsi "Tert.am”a söyləyib. Onun sözlərinə görə, Qarabağla Ermənistanın daxili siyasi həyatı fərqli olmalıdır: "Qarabağ heç vaxt Ermənistanın daxili siyasi həyatına müdaxilə etməyib, eləcə də Ermənistan da heç vaxt Qarabağın daxili siyasi həyatına qarışmayıb. Biz bunu qorumalıyıq. Bu müdaxilələr bizim birliyimizi məhv edə bilər. Məncə, bunu hər kəs, o cümlədən rəsmi Yerevan çox yaxşı anlayır”.
Qeyd edək ki, N.Paşinyan Qarabağdan geri dönən kimi dərhal öz Feysbuk səhifəsində Qarabağın əks-inqilabi ocağa çevrildiyi haqqında məlumatların gəzdiyini və belə olacağı halda Qarabağ xalqının oranı inqilab ocağına çevirəcəyi barədə status paylaşmışdı.
Öz növbəsində Ermənistan parlamentində keçirilən brifinqdə parlamentin müdafiə və təhlükəsizlik daimi komissiyasının sədri, müdafiə nazirinin keçmiş müavini Andranik Koçaryan deyib ki, əgər Dağlıq Qarabağda əks-inqilab ocağı qalansa, terli əhali onu beşiyində boğacaq. "Mənim addımım” hakim fraksiyasının üzvü olan Andranik Koçaryan deyib ki, bir çox qüvvələr Qarabağa siyasi proseslərin platforması kimi baxa bilərlər: "Paşinyan sadəcə xəbərdarlıq edib ki, bu, yolverilməzdir”. Millət vəkilinin fikrincə, Paşinyan bununla demək istəyib ki, "Qarabağın və Ermənistanın zəiflədilməsinə yönələn hərəkətləri heç kəs ağlına belə gətirməməlidir”. Hakim çoxluğun başqa bir nümayəndəsi, parlamentin xarici münasibətlər komissiyasının sədri Ruben Rubunyan isə deyib ki, narahatlıq üçün heç bir əsas yoxdur: "Baş nazirin sözlərini təkrar edirəm ki, Qarabağı əks-inqilab mərkəzinə çevirmək cəhdi təbii olaraq inqilabla bitəcək və divanə olmaq lazımdır ki, bunu başa düşməyəsən. Mən inanmıram ki, bu mənada Ermənistanda və ya Qarabağda dəlilər var”.
Xatırlatmaq yerinə düşərdi ki, N.Paşinyan onu hakimiyyətə gətirmiş etiraz hərəkatını "inqilab” adlandırır. Bu mənada onun özünə qarşı qüvvələri əks-inqilabçı adlandırması təbiidir. Hələ mayın 8-də hazırda məhkəməsi davam edən keçmiş prezident, əslən qarabağlı Robet Koçaryan təcridxanadan Reuters agentliyinə yazılı müsahibəsində demişdi ki, çox güclü müxalifət qüvvələri Ermənistanın yeni hakimiyyətinə meydan oxumaq üçün birləşirlər və onun özü də bu qüvvələrin arasında olacaq. Koçaryan bu müsahibəsində ölkənin yeni hakimiyyətini "naşı” adlandırmış və demişdi ki, ötən il Ermənistanda baş verənləri inqilab adlandırmaq olmaz: "Bu, sadəcə olaraq cəmiyyətin yığılıb qalmış narazılığının və dəyişikliyə can atımının nəticəsi idi”.
 
Azər NURİYEV

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946