• cümə, 19 Aprel, 03:57
  • Baku Bakı 18°C

Paşinyandan qalmaqallı etiraf

12.03.20 16:32 1052
Paşinyandan qalmaqallı etiraf
"Əsgərlərin yeməyini it və ayı qidaları adlandırmaqdan başqa söz tapa bilmirəm”

Ermənistan baş naziri Nikol Paşinyan keçmiş prezidentlər – Serj Sarkisyan və Robert Koçaryana və onların tərəfdarlarına qarşı növbəti gurultulu ittiham dolu çıxış edib. Paşinyan bildirib ki, keçmiş rəhbərlər ordunu çapıb-talamaqla məşğul olublar. Ardınca da xəbərdar edib ki, bu vəsaitlərin geri qaytarılması üçün əlindən gələni edəcək. Rusiyanın "Kommersant” qəzeti də bu məsələyə toxunub və nəşrə açıqlamasında ekspertlər baş nazirin bəyanatını konstitusiya referendumu ərəfəsində müxalifətin zəiflədilməsinə yönələn siyasi gediş adlandırıblar. Tərəfdarları qarşısında çıxış edən baş nazir bildirib ki, orduda mövcud durum barəsində mənə məlumat verəndə, hər şeyi atıb kabinetdən getmək istədim: "Çünki vəziyyət fəlakət həddində idi”. Ardınca da məsləhət verib: "Əvvəlki siyasi rəhbərlik Ermənistanın və "qondarma Dağlıq Qarabağ Respublikası”nın hava hücumundan müdafiə sistemini dağıdılmış vəziyyətdə qoyub. Ordu ötən əsrin 80-ci illərinin sonlarındakı silahlarla təchiz olunub. Əsgərlərin yeməyini it və ayı qidaları adlandırmaqdan başqa söz tapa bilmirəm”. Rusiya nəşri yazır ki, bunlar erməni siyasi rəhbərliyinin son günlər səsləndirdiyi ittihamların bir hissəsidir. Bütün bu ittihamlar əvvəlki hakimiyyət dövründə orduya ayrılan vəsaitlərin mənimsənilməsinə aiddir. Bundan əvvəlki gün isə çıxışında Nikol Paşinyan sələflərinin silah alınması zamanı yol verdikləri mənimsəmələrə toxunmuşdu: "Keçmiş prezident Serj Sarkisyanın hakimiyyəti zamanı 42 milyon dollarlıq hərbi texnika sifariş edilib. Silahlar Ermənistana 2016-cı ildə gətirilib. Əslində isə bu hərbi texnika və silahlar heç nəyə yaramayan metal qırıntısıdır”. Sünik vilayətində etdiyi çıxışda baş nazir əlavə edib ki, müvafiq cinayət işi artıq qaldırılıb. Maraqlıdır ki, baş nazir indiyə qədər etdiyi çıxışlarında iddia edirdi ki, erməni ordusunda vəziyyət tamam başqadır. Vurğulayırdı ki, hava hücumundan müdafiə qabiliyyəti yüksək səviyyədədir, ən müasir qırıcılar – Su-30 SM-lə təchiz olunub. Əsgərlər isə ən keyfiyyətli və yaxşı qida ilə təchiz olunub.
Paşinyanın seçkiqabağı kampaniyası zamanı səsləndirdiyi fikirlər Yerevanda birmənalı qarşılanmayıb. Bu çıxışından sonra Ermənistan mətbuatı onu sərt tənqid edib. "İrates” yazır ki, hökumət başçısının bu tip açıqlamaları Ermənistanın təhlükəsizlik məsələlərinə tam olaraq ziddir. Siyasi maraqları naminə Paşinyan hətta hərbi təhlükəsizlik məsələlərini müzakirə etməyə hazırdır. "Kommersant” yazır ki, mahiyyət etibarilə referendumun məqsədi Paşinyanın əsas opponenti, Konstitusiya Məhkəməsinin sədri Qrayr Tovmosyanın və digər hakimlərin istefasına nail olmaqdır. Onları başqa yolla vəzifələrindən uzaqlaşdırmaq mümkün olmadığından, referenduma gedilib. O, ümidvardır ki, referendum yolu ilə oğurlanan vəsaitlərin geri qaytarılmasına nail olacaq: "Yaxın beş il ərzində biz ordumuzun inkişafına 2,5 mlrd. dollar yönləndirməliyik. Onların minimum 1,2 mlrd. dollarını antikorrupsiya mübarizəsi ilə əldə edəcəyik. Bu pullar Robert Koçaryanda, Serj Sarkisyanda və onların ailə üzvlərində, eləcə də, digərlərindədir. Konstitusiya Məhkəməsi də onların bundan qaçmaq ümidləridir”.
Öz növbəsində erməni ekspertləri "Kommersant”a açıqlamasında bildirilər ki, referendumun müsbət gedişlə başa çatacağı təqdirdə, mənimsənilən vəsaitlərin geri qaytarılacağına ümid etmək olmaz. Qafqaz İnstitutunun baş elmi işçisi Qrant Mikaelyan bildirir ki, inqilabdan sonrakı il yarım ərzində büdcəyə 105 mln. dollar qaytarılıb: "Bu pullara Serj Sarkisyanın qardaşından alınan vəsaitlər də daxildir. Paşinyanın bəyan etdiyi həmin məbləğ, sadəcə mövcud deyil”. "Armenian Research & Development Institute” təşkilatının direktoru Leonid Nersesyan hesab edir ki satınalmalar şəffaf olmayıb, lakin heç nə alınmadığını iddia etmək də mürəkkəb məsələdir. "Kommersant”ın həmsöhbətləri bildirilər ki, Paşinyanın bəyanatı, sadəcə populist bir gedişdir. Erməni siyasi analitiki Vigen Akopyan hesab edir ki, Ermənistanda konstitusiya referendumuna doğru təbliğat kampaniyası gedir: "Bu, Nikol Paşinyanın ortaya atdığı gedişdir. O, sadəcə insanların eşitmək istədiyi sözlərdir”.
Ermənistan parlamentinin "Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Gevorq Petrosyan öz "Facebook” səhifəsində yazıb ki, investisiya yoxdur, doğum evləri bağlanır, mühacirət davam edir, işsizlik artır, həyat bahalaşır, kiçik və orta biznes yox olur, insan hüquqları tapdalanır, orduda itkilərin sayı artır, Avropa üz çevirir, Rusiya lağ edir: "Və bütün bunlarda "günahkar” kimdir? Əlbəttə, Konstitusiya Məhkəməsi”. Ermənistan İslahatçılar Partiyasının rəhbəri Vahan Babayan "Facebook” səhifəsində yazıb ki, ordunun alt paltarı və yeməkxanasından o tərəfə ordu barəsində xəbərsiz olan keçmiş jurnalist yenidən Serj Sarkisyanın dövründə alınmış silahlar haqqında danışıb: "Paşinyan bildirib ki, alınan silahlar sadəcə metal qırıntısıdır. Təsəvvür edirsiniz necə ciddi ittiham səsləndirir? Nikol bu dəfə artıq hara aparır? Görünür, "İsgəndər” də Çin oyuncağı olub, hə? Hətta kiçik məntiqə malik olan insan belə bu sayıqlamaları beyninə yerləşdirə bilməz”. Bir çoxları isə hesab edir ki, Paşinyan iki ildir hakimiyyətdədir, lakin orduda vəziyyət elə əvvəlki kimidir. Tək bir fakt. Döyülmüş erməni polkovnik-leytenant Ara Mxitaryanın bir neçə gün bundan öncə Muratsan hospitalı qarşısında etiraz aksiyası keçirən atası hazırda yaxınları və dostları ilə birlikdə Ermənistan hökumət binası qarşısında etiraz aksiyası keçirir. Onun etirazının səbəbi oğlunu amansız şəkildə döymüş şəxslərdən birinin məhkəmənin qərarı ilə sərbəst buraxılmasıdır. Erməni polkovnik-leytenantın atası baş nazirlə görüş tələb edir. O deyib ki, əgər onu dinləməsələr, kəskin addımlar atacaq.

Azər NURİYEV

banner

Oxşar Xəbərlər