• çərşənbə axşamı, 23 aprel, 10:57
  • Baku Bakı 20°C

Paşinyandan Njde və Dronun heykəllərini sökməsi istənildi

07.05.20 16:13 588
Paşinyandan Njde və Dronun heykəllərini sökməsi istənildi
Rusiya nəşri bunun həyatını qurban vermiş milyonlarla insanın xatirəsinə hörmət əlaməti ola biləcəyini yazıb

Postsovet məkanı və bütövlükdə bəşəriyyət bir neçə gündən sonra faşizm üzərində Qələbənin növbəti ildönümünü – 75 illiyini qeyd edəcək. Bu ərəfədə müharibə illərində nasistlərlə əməkdaşlıq edən şəxslər məsələsi yenidən gündəmə gəlir. Bu sırada işğalçı Ermənistan xüsusi ilə seçilir. Yerevanın mərkəzində artıq neçə ildir ki, faşist əlaltısı Qaregin Njdeyə ucaldılan abidə diqqət çəkir. Beləliklə, işğalçı dövlət müharibədə həlak olan on milyonlarla insanın xatirəsinə hörmətsizlik edərək faşist əlaltılarının nəinki xatirəsini qeyd edir, hətta abidə də ucaltmaqdan çəkinmir. Rusiya mediasında, siyasi və ictimai dairələrində bu məsələ dəfələrlə qabardılıb pislənilsə də, Yerevanın mərkəzində ucaldılan abidə hələ də yerindədir. Rusiya mediası mütəmadi olaraq bu məsələyə yer verir, ictimaiyyətin narazılığını çatdırır. Bəlli olduğu kimi, ötən il prezident İlham Əliyev MDB dövlət başçılarının Aşqabad sammitində Ermənistanın bu hərəkətinin pislənilməsi məsələsini qaldırdı. Bundan sonra məsələ medianın əsas müzakirə mövzularından birinə çevrildi. Belə yazılardan biri də ötən gün Rusiyanın "Pravda.ru” resursunda dərc edilib. Materialda Qalli Monastıryevanın Ermənistanın baş naziri Nikol Paşinyana ünvanlanan məktubundan bəhs edilib. "Həqiqətin üzünə dik baxmağın zamanıdır” başlıqlı məqalədə müəllif əvvəlcə koronavirus pandemiyası üzündən ortaya çıxan problemlərin insanları ciddi sınaqlar qarşısında qoyduğu və belə bir mürəkkəb dövrdə Rusiya rəhbərliyinin faşizm üzərində qələbənin 75 illik bayram tədbirlərini, Qələbə Paradını təxirə salmağa məcbur olduğu vurğulayır. Müəllif məktubunda yazır ki, bu durum insanların Böyük Qələbəyə münasibətinə heç cür təsir etməyib. Məktubunda xüsusi qeyd edir ki, bəşəriyyət sonuncu dəfə ötən əsrin 40-cı illərində bu cür mobilləşib. "O zaman faşizmə qarşı mübarizə bütün dünyanın əsas məsələsinə çevrildi. Sovet xalqı qəhrəmancasına 20-ci əsrin ən böyük bəlasına qarşı mübarizədən qalib çıxdı. Sirr deyil ki, Rusiya SSRİ-nin hüququ varisi kimi Böyük Qələbənin və onun qəhrəmanlarının yaddaşlarda əbədi qalması üçün hər cür səy göstərir”. Əlavə edir ki, Rusiya cəmiyyətində prezident Vladimir Putinin tarixi həqiqətin qorunub saxlanması məqsədilə konstitusiyaya dəyişiklik edilməsi barədə maddəni salması təqdir edilir. Ardınca da yazır ki, dəfələrlə Rusiya erməni xalqının ağır günlərində ona kömək edib: "Bu gün Ermənistan, digər ölkələr kimi koronavirusla mübarizədə və əhalinin həyat qabiliyyətini təmin etməkdə çətin günlər keçirir. Ermənistanın Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik üzrə Müdafiə Təşkilatında iştirakı sizin ölkənin mürəkkəb regionda təhlükəsizliyini təmin edir. Ermənistan Rusiyanın zəruri kreditlərini əldə etmək imkanı qazanıb, zəruri məhsullar və tibbi vasitələrlə təchiz olunur”. Müəllif ardınca yazır ki, belə bir çətin durum həm beynəlxalq arenada, həm də dövlətlərarası münasibətlərdə ardıcıl olmağı tələb edir: "Biz Böyük Vətən Müharibəsində qələbənin 75 illiyi ərəfəsindəyik. Sovet İttifaqında təmsil olunan xalqların ümumi səyləri ilə faşist ideologiyasını və nasizmin öhdəsindən gəlmək mümkün oldu. Lakin təəssüf ki, bir sıra dövlətlərdə dövlət səviyyəsində nasist canilərinin, əlaltılarının qəhrəmanlaşdırılması prosesi gedir. Tarixin saxtalaşdırılması və Böyük Vətən Müharibəsinin nəticələrinin təftiş olunması cəhdləri aparılır. Abidələr ucaldılır, nasistlərlə əməkdaşlıq edənlərin xatirəsi anılır. Onların hətta milli azadlıq çarçıları olduqları bildirilir. İkiqat ağırdır ki, bu proses sovet xalqlarının, o cümlədən ermənilərin də qan tökdükləri dövlətlərin ərazilərində baş verir. Əgər Polşa, Ukrayna, Baltikyanı dövlətlər faşist canilərinin, əlaltılarının qəhrəmanlaşdırılmasını anti-Rusiya xarici siyasəti çərçivəsində reallaşdırırlarsa, analoji prosesin Rusiyanın strateji müttəfiqi Ermənistanda nə üçün həyata keçirildiyi başa düşülmür”.
Müəllif baş nazirə müraciətində təəssüflə bildirir ki, əvvəlki hakimiyyətin səyləri ilə Ermənistanda nasizm əlaltlarının xatirəsi anılır: "Ən acınacaqlısı odur ki, faşist əlaltıları olduqları sənədlərlə sübuta yetirilmiş və vermaxtın xüsusi əməliyyatlarında iştirak etmiş Drastamat Kanayan (Dro) və Qaregin Ter-Arutunyana (Njde) abidə ucaldılır. Belə bir siyasətin təhlükəli olduğu Rusiya Xarici İşlər Nazirliyinin 2019-cu il 6 mayda qəbu etdiyi "Nasizmin qəhrəmanlaşdırılması ilə bağlı vəziyyət haqqında” hesabatında əks olunub. Hesabatda adları çəkilən ölkələrdə nasist əlaltılarının qəhrəmanlaşdırılması praktikasının davam etdirilməsini nəzərə alaraq Rusiya ictimaiyyətinin nümayəndələri petisiya hazırlayıblar. On minlərlə insanın imza atdığı sənəddə faşizmi və onun əlaltlarını dəstəkləyən ölkələrin nümayəndələrini Böyük Qələbənin 75 illik tədbirlərinə buraxmamaq tələb edilib. Siz özünüzü keçmiş rəhbərliyin səhvləri və qoyub getdiyi problemlərin aradan qaldırılması üzrə prinsipial mübariz kimi qələmə verirsiniz. Həmin səhvlərdən biri də faşist əlaltılarının qəhrəmanlaşdırılması siyasətidir. Məhz on minlərin və milyonların qəbul etdikləri petisiyadan çıxış edərək sizdən Böyük Vətən Müharibəsinin nəticələrinə yenidən baxılması, faşizmin qəhrəmanlaşdırılması cəhdlərini pisləməyinizi xahiş edirəm. Ən əsası, faşist əlaltıları - Dro və Njdeyə qoyulan abidələrin sökülməsinə çağırıram. Bu addım 2019-cu il dekabrın 18-də Rusiyanın təşəbbüsü ilə BMT-də müzakirəyə çıxarılan və Ermənistanın da səs verdiyi qətnaməyə sadiq qaldığınızı nümayiş etdirə bilər. Qələbənin 75 illiyi ərəfəsində sizin tərəfindən belə bir addımın atılması nasizm ideologiyasının heç zaman baş qaldırmaması üçün həyatını qurban vermiş milyonlarla insanın xatirəsinə hörmət əlaməti ola bilərdi. Ümid edirəm ki, Qələbə paradının təxirə salınması sizə faşist əlaltısı olan şəxslərin abidələrinin sökülməsi imkanını reallaşdırmaq imkanı yarada bilər. Heç kim və heç nə unudulmur”.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər