• şənbə, 20 Aprel, 07:53
  • Baku Bakı 14°C

Paşinyana qarşı növbəti ittiham

11.02.19 18:26 838
Paşinyana qarşı növbəti ittiham
Nikol Paşinyan hakimiyyəti inqilabdan sonra növbəti qalmaqalla üzləşib. Bu qalmaqal sözsüz ki, onun nüfuzuna təsirsiz ötüşməyəcək. Bəlli olur ki, Nikol Paşinyan hakimiyyəti heç əvvəlki kriminal-cinayətkar hakimiyyətinin cürət edə bilməyəcəyi bir insidenti uzun müddət gizlətməyə çalışıb. Belə ki, erməni xəbər agentlikləri yazır ki, yeni il gecəsi odlu silahdan açılan atəş nəticəsində orduda müqavilə ilə xidmət edən Edqar Qriqoryan adlı şəxs naməlum şəkildə ölüb. Lakin Müdafiə Nazirliyi və İstintaq Komitəsi faktı gizlətməyə çalışaraq, bu barədə hər hansı bir informasiya yaymayıblar. "Tert.am” yazır ki, ölən hərbçinin üç övladı var. Saytın xəbərinə görə, Müdafiə Nazirliyi baş verən insidentin üstündən bir ay keçəndən sonra belə bir məlumat yayıb ki, faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddəsi əsasında cinayət işi başlanılıb. Sayt yazır ki, İstintaq Komitəsinin də susması ciddi narahatçılıqlardan xəbər verir. Erməni ordusunda şəraitdən asılı olmayaraq əsgər ölümü əvvəlki vaxtlarda heç vaxt gizlədilmirdi. Hətta kriminal-oliqarxik hakimiyyət dövründə belə, bu faktlar ictimaiyyət üçün açıq olurdu. "Qəribə olan odur ki, inqilabdan sonra əsgər ölümü faktı gizlədilir. Halbuki ən yüksək səviyyədə bəyan edilirdi ki, hakimiyyət xalq məxsusdur. Həqiqətənmi rəsmi məlumat düzdür və Edqar Qriqoryan nizamnamə qaydalarına zidd hərəkətlərin qurbanı olub? Əgər belədirsə, onda kimdir bunun müqəssiri və nə səbəbdən bu xəbərlər gizlədilib? Belə bir ehtimal var ki, hansısa bir nüfuzlu şəxs üçün bu cinayəti ört-basdır etmək əlverişlidir”, - deyə "tert.am”a istinadən "1in.am” yazır. Məqalədə bildirilir ki, "əsgər ölümü gizli saxlanıldığından cəmiyyət istənilən versiyanı müzakirə edə bilər. İstənilən demokratik cəmiyyətdə əsgər ölümü böyük bir qalmaqal yarada və məsuliyyət daşıyan yüksək vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsi ilə nəticələnə bilər. Belə bir mədəniyyət Ermənistanda da olmalıdır. Müdafiə Nazirliyinin və istintaq orqanlarının yarıtmaz fəaliyyəti nəticəsində biz baş verənlər barədə məlumatlı olmamışıq və üstündən xeyli keçmiş təəssüflənirik”.
Başqa bir nəşr "Yerkramas” isə yazır ki, erməni hakimiyyət orqanları orduda əsgərinin ölümünü gizlədirlər. "İndiyə qədər utanmadığımız yeganə orqan məhz ordu idi. Heç olmasa vətən uğrunda ölənlərin adları açıqlanmalıdır. İndi isə artıq bəlli olur ki, bu prinsipə artıq əməl olunmur, daha dəqiq ifadə etsək, bu qayda artıq işləmir”. –deyə nəşr yazır.
Baş verən insidentə hakim "Mənim addımım” blokundan olan deputat Edqar Arakelyanı da sərt sıxıb. Onun sözlərinə görə, insan haqları, demokratiya, korrupsiya və şəffaflıqdan geri çəkilmə yolverilməzdir. "Əgər inqilabaqədərki Ermənistanda Müdafiə Nazirliyi ictimaiyyətdən əsgər ölümlərini, yaralanma faktlarını gizlətmirdisə, postinqilab Ermənistanının buna heç hüququ belə olmamalı idi”.
N.Paşinyana qarşı tək əsgər ölümlərini gizlətmə ilə bağlı ittiham irəli sürülmür. Onun ölkədə getdikcə totalitar sistem qurduğu barədə xəbərlər də dolaşır. "Yerkir Çirani” Partiyasının yaydığı xəbərə görə, Paşinyan yüksək rütbəli məmurlarla bağlı aparılan cinayət işlərinə şəxsən nəzarət edir. "2018-ci ilin aprel-may aylarında baş verənlərdən səkkiz ay keçir. Bu səkkiz ay ərzində Ermənistanın hüquq-mühafizə orqanları tam şəkildə bir nəfərə tabe olublar - Paşinyana. Gizli quraşdırılan dinləmələrlə Paşinyan şəxsən cinayət işlərinə nəzarət edir. Onun hərəkətlərinə qanuni qiymət veriləcək”.
Öz növbəsində Avropa Tədqiqatlar Mərkəzinin rəhbəri Artur Kazinyan da hesab edir ki, 9 aylıq hakimiyyəti ərzində Paşinyan "fövqəlbaşnazirlik” sistemini zəiflətmək üçün heç bir iş görməyib. "Hələ ki, Paşinyanın reytinqi yüksəkdir və sistemə ehtiyac görmür. Lakin onun fəaliyyəti və intellektual, təşkilatçılıq imkanları nəzərə alsaq, bu reytinq uzun zaman savam etməyəcək. Eniş özü də sürətli olacaq. Paşinyandan başqa heç kim onun özünün və komandasının imkanlarının hansı həddə olduğunu yaxşı bilmir. Və heç kim deyə bilməz ki, dörd aydan sonra reytinq necə olacaq”, - deyə ekspert vurğulayıb. "Qraparak” qəzeti isə yazıb ki, Ermənistanın yeni hökuməti özündən əvvəlkilərin ənənələrini təkrarlayır. "Təxmin edilirdi ki, Nikol Paşinyanın dövründə Karen Karapetyan və Ovik Abramyanın zamanında baş verənlər dəyişəcək, lakin ümidlər boşa çıxdı. Baş nazir, əlbəttə ki, jurnalistlərlə görüşür, amma iclasdan sonra o, əvvəlki kimi aşağıya düşmür. Bunu təkcə baş nazir yox, onun nazirləri də təkrarlayırlar. İndiyə qədər elə bir vəziyyət olmayıb ki, hökumətin iclasından sonra Nazirlər Kabinetinin binasının əsas çıxışında baş nazirin müavinləri Mqer Qriqoryan və ya Tiqran Avinyan peyda olsunlar. Avinyan özünü boz kardinal kimi hiss edir və jurnalistlərlə maksimal şəkildə az əlaqə qurur. Avinyan indiki halda daha çox kulisarxası intriqalarla məşğul olur. Jurnalistlərdən həmçinin müdafiə naziri David Tonoyan, XİN rəhbəri Zöhrab Mnatsakanyan, maliyyə naziri Atom Cancuqazyan, ədliyyə naziri Artak Zeynalyan, FHN rəhbəri Feliks Çolakyan da qaçır. Bir sözlə, situasiya Respublikaçılar Partiyasının dönəmini xatırladır”, – məqalədə bildirilib.
Parlamentin keçmiş vitse-spikeri Eduard Şarmazanov hesab edir ki, ölkə üçün hazırda əsas çağırış heç də korrupsiya deyil, məhz təhlükəsizlikdir. Onun sözlərinə görə, Paşinyanın hakimiyyəti ələ keçirməsindən sonra Ermənistan qarşısında yeni təhlükəli çağırışlar yaranıb - təcrübəsiz və uzaqgörən olmayan hakimiyyət KTMT-də özgəyə çevrilib. "İndi isə parlamentin qərarı olmadan Suriyaya qoşun göndərirlər. Məgər ölkədə parlament yoxdur? Kim nə istəyir, onu da edir. Belə davam edə bilməz. Nikolun hakimiyyətdə olması günbəgün Ermənistan və "DQR” üçün təhlükə deməkdir. Hərbçinin ölümünün gizlədilməsi faktı və Suriyaya hərbi kontingent göndərilməsi sadəcə gülüş doğurur”, - deyə o bildirib.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər