• cümə, 29 Mart, 02:55
  • Baku Bakı 7°C

Paşinyana qarşı mübarizə güclənir

20.09.18 18:38 448
Paşinyana qarşı mübarizə güclənir
Paşinyanın yarıtmaz siyasəti, ölkənin problemlərinin həllini bir kənara qoyub, daha çox populist bəyanatlar səsləndirməsi öz fəsadlarını ortaya qoymaqdadır. Əhali artıq anlamağa başlayır ki, indiki hakimiyyət əvvəlkinin davamıdır və hansısa bir köklü dəyişikliklər gözləməyinə dəyməz. Etiraz aksiyaları və narazılıqlar artıq start götürüb. Dünən Yerevanda hökumət binası qarşısında növbəti etiraz aksiyası keçirilib. Narazı vətəndaşlar illər əvvəl vəd edilən təzminatların verilməsini və Nikol Paşinyanlagörüş tələb ediblər. Baş nazirin nəzarət xidmətinin məktub və bəyanatların qəbulu idarəsinin rəhbəri Arutyun Gevorkyan aksiya iştirakçılarının qarşısına çıxaraq, onların şikayətlərini dinləyib və bu problemi ilk dəfədir eşitdiyini vurğulayıb. Bir neçə ay bundan əvvəl Paşinyanın baş nazir seçilməsinə səs verən keçmiş iqtidar partiyası - Ermənistan Respublika Partiyası artıq xeyli fəallaşıb. "Ermənistanda bütün vətəndaşların adından danışa biləcək siyasi lider yoxdur və ola da bilməz”. Bu sözləri parlamentinin vitse-spikeri, Ermənistan Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov "Nyus.am”a açıqlamasında bildirib. Onun sözlərinə görə, bu söz Nikol Paşinyana da aiddir. Baş naziri xalqın arxasında gizlənməməyə və xalqın adından danışmamağa çağırıb. "Sən hələ də başa düşməyibsən ki, sənin baş nazir kürsüsündə oturmağının səbəbkarı parlamentdir. Parlamentdə mayın 8-də keçirilən səsvermədən sonra baş nazir olubsan, sənin fikirləşdiyin kimi, mayın 1-də yox. Bir də bilməlisən ki, Ermənistanda dövlət hakimiyyəti Paşinyanın seçicilərinin diktaturası əsasında deyil, konstitusiya əsasında həyata keçirilir. Hər şey konstitusiya çərçivəsində həyata keçməlidir”, - deyə o bildirib. Paşinyanın dörd aylıq idarəçiliyinə qiymət verən Şarmazanov "cənab baş nazir siz ən pis ssenarini seçdiniz, siyasi vendetta yolunu seçdiniz, siyasi qüvvələri "qara və ağlara” böldünüz” deyib. Onun qənaətinə görə, Paşinyan ölkənin bütün tarixi ərzində ən pis baş nazirdir: "Dörd ay kifayət etdi ki, "siz nə baş nazir, nə də ali baş komandan ola bilərsiniz” deyə bilək”.
Baş nazir isə öz hayındadır. Nəyin bahasına olursa-olsun Yerevan Şəhər Şurasına seçkilərdə qələbə qazanmağa çalışır. Nikol Paşinyan "Mənim Addımım” Blokunun mitinqində Yerevan Şəhər Şurası üçün keçirilən seçkidə yeni parlamentin çağırılmasına şübhə ilə yanaşan qüvvələrə səs verməməyə çağırıb. Paşinyan mitinqdə çıxışı zamanı hazırda Ermənistanda qəribə prosesin yarandığını bildirib. "Xatırlayın! Mən Serj Sarkisyana deyirdim ki, o, müavinlərinin təqdim etdiyi tərzdə hakimiyyətə malik deyil. O, əvvəlcə üzərimizə xüsusi təyinatlılar göndərdi, sonrakı gün isə mənim haqlı olduğumu dedi. Onlar həqiqətən, Ermənistanda nə baş verdiyini anlamırlar? Mənə deyirlər ki, sizə yardım edən qüvvələr artıq heç bir dəstək verməyəcəklər. Ermənistanda yalnız bir qüvvə var, o da xalqdır. Onun fikrini dəyişməsi siyasi situasiyada dəyişikliyə gətirəcək. Başqa heç bir qüvvə yoxdur”, – deyə o bildirib. O, Yerevan Şəhər Şurasına keçirilən seçkidə bütün Ermənistanın taleyinin həll edildiyini söyləyib.
Erməni mediası yazır ki, bu seçkilərdə qələbə Paşinyana hava-su kimi lazımdır. "Yerevan Şəhər Şurasına keçirilən seçkidən öncə baş tutan gərgin mübarizə təsadüfi deyil. Bu barədə məlumatı "168 Jam” qəzeti yayıb. "Təşviqat kampaniyasının başlanğıcından Vətəndaş Müqaviləsi Partiyasının namizədinin böyük qələbə üçün bütün imkanlarının olacağı aydın idi, amma sonradan məlum oldu ki, Yerevan merinin seçilməsindən sonra parlamentin işinin iflic edilməsi və bunun sayəsində növbədənkənar seçkinin təşkili məsələsi təhdid altındadır. Milli Təhlükəsizlik Xidmətinin məxfi sorğusu göstərir ki, hökumətin dəstəklədiyi "Mənim Addımım” Blokunun namizədi Ayk Marutyan seçkidə favoritdir. Lakin buna rəğmən, o, Naira Zöhrabyanı çox az səslə üstələyir. Üstəlik, Artak Zeynalyan və Daşnaksütyunun namizədi Mikayıl Manukyanın şansları da artıb. Böyük ehtimalla, Marutyan mer olacaq, amma onun əldə etdiyi səs Paşinyanı razı salmayacaq. Çünki bundan istifadə edərək, o, növbədənkənar parlament seçkisinə gedə bilməyəcək”, – deyə qəzet yazıb.
Yeri gəlmişkən, Paşinyan daxillə yanaşı, ölkənin xarici siyasətində də problemlər yaşayır. Məsələ ondadır ki, artıq ona qarşı Qərbdə dəstək də azalır. "168 Jam” qəzeti yazır ki, Nikol Paşinyanın ABŞ-a səfərini təxirə salmasının səbəbi bəlli olub: "Əində Paşinyan səfərini heç də Yerevan Şəhər Şurasına keçiriləcək seçkidə iştirak üçün təxirə salmayıb. "Əldə etdiyimiz məlumata görə, səfərin təxirə salınma səbəbi fərqlidir. Belə ki, erməni tərəfi əvvəlcə ABŞ Prezidenti Donald Trampla görüşməyi təklif etsə də, bu istək rədd edilib. Daha sonra vitse-prezident Maykl Penslə görüşə cəhd edilib, lakin bu istəyə də rədd cavabı verilib. ABŞ-a səfərin "xilası üçün” son ümid Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla dövlət katibi Mayk Pompeonun görüşünün təşkili olub. Lakin hələlik ABŞ tərəfi bu görüşün keçirilməsi üçün öz cavabını verməyib. Amma bu görüşə də rədd cavabı veriləcəyi gözlənilir”.
Qeyd edək ki, Paşinyan bundan öncə ABŞ-a edəcəyi səfəri 23 sentyabra təxirə saldığını bildirib. Baş nazir buna səbəb kimi Yerevan Şəhər Şurasına keçiriləcək seçkidə səs vermək istəməsini göstərib.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər