Paşinyana ikinci tərs sillə

Paşinyana ikinci tərs sillə

Təfsilat
14 Oktyabr 2019, 22:24 83
Azərbaycan Prezidenti İlham Əliyev ”Valday" Beynəlxalq Diskussiya Klubunun Soçidə keçirilən XVI illik iclasındakı tarixi çıxışından,  beynəlxalq arenada geniş müzakirələrə səbəb olmuş "Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatından sonra MDB Dövlət Başçıları Şurasının oktyabrın 11-də Aşqabadda keçirilən zirvə görüşündə işğalçı Ermənistanın rəhbərliyinə daha bir zərbə vurdu.
Azərbaycan liderinin Aşqabad sammitindəki  tarixi çıxışı Azərbaycan Texniki Universitetində
(AzTU) qürur və böyük ruh yüksəkliyi ilə qarşılanıb, müəllim-tələbə kollektivinin iştirakı ilə bu mövzuda  oktyabrın 14-də toplantı keçirilib.
Tədbiri giriş sözü ilə açan AzTU-nun rektoru, professor Vilayət Vəliyev Prezident İlham Əliyevin Soçi və Aşqabaddakı çıxışlarının tarixi əhəmiyyətindən, xalqımızda qürur hissini gücləndirməsindən,  dövlət başçımızın sərt ittihamları qarşısında Ermənistanın baş naziri Nikol Paşinyanın  gülünc və biabırçı vəziyyətə düşməsindən danışıb.
Qeyd edilib ki, keçmiş SSRİ-də yaşayan xalqlar faşizmə qarşı birgə mübarizə aparıblar, lakin elələri də olub ki, nasistlərlə işbirliyi qurublar. Xüsusilə ermənilər bu çirkin işdə fərqləniblər. Bu barədə indiyədək kifayət qədər yazılsa da,  ilk dəfə Azərbaycan Prezidenti İlham Əliyev  mötəbər rəsmi tribunadan tarixi ədaləti dünyaya bəyan etdi və Ermənistan hakimiyyətini ittiham edərək konkret faktlarla mahiyyətini açdı. 
Tədbirdə vurğulanıb ki, erməni faşizmi nasizmdən daha qəddardır: "Njdenin əsas şüarı belə idi: "Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”.
AzTU-nun "İctimai fənlər” kafedrasının müdiri, professor Şikar Qasımovun sözlərinə görə,  Yerevanın mərkəzində faşist cəlladı, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyulması müharibə canilərini qəhrəmanlaşdırmaqdır və bu,  bəşəriyyətə qarşı cinayətdir.
Yeri gəlmişkən, tanınmış rusiyalı tarixçi, erməni saxtakarlığının böyük ifşaçısı Oleq Kuznetsovun
"Государственная политика Героизации нацизма в Армении» kitabı AzTU-nun mətbəəsində nəşr edilib. Nəşrin təşəbbüsçüsü və rəyçisi, "İctimai elmlər” kafedrasının digər professoru  Əyyub Kərimov qeyd edib ki, Njdenin partiyasının proqramı nasistlərin proqramından köçürmədir.
Tədbirdə  bildirilib ki, Prezident İlham Əliyev ağır ittihamlarını tutarlı faktlarla əsaslandırsa da,
Paşinyan  buna cavab verməyə çox uğursuz, anlamsız və məntiqsiz bir cəhd edib. Paşinyanın absurd ifadələr səsləndirməsi  isə arqumentsizlik və mədəniyyətsizlikdən başqa bir şey deyildi.
 Prezident İlham Əliyevin çıxışlarından qürurlandıqlarını vurğulayan iştirakçılar hesab ediblər ki, Paşinyan qətiyyən Azərbaycan lideri ilə hansısa yüksək görüş çərçivəsində dialoq apara biləcək səviyyədə, savadda və hazırlıqda deyil, son bir neçə gündə Prezident İlham Əliyev Ermənistanın baş nazirinə ikinci dəfə tərs bir sillə vurub.
Toplantıda  tələbələr adından  Tələbə Gənclər Təşkilatının sədri Zərifə Əlizadə çıxış edib. İştirakçılar çıxışlarında Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevə tam dəstəklərini ifadə ediblər.