• cümə, 29 Mart, 02:55
  • Baku Bakı 7°C

Paşinyana 10 gün vaxt verdilər

11.09.19 17:57 699
Paşinyana 10 gün vaxt verdilər
Nikol Paşinyan üçün ciddi başağrısına çevrilən "Amulsar” qızıl yatağı ətrafında gərginlik günbəgün artır. Bu dəfə Cermux kurort şəhərciyinin sakinləri və ekoloji fəallar hökumət qarşısında qızıl yatağı ilə bağlı problemi həll etmək üçün 10 gün vaxt qoyublar. Əgər sentyabrın 20-nə qədər hakimiyyət yatağın işlənməsinə qadağa tətbiq etməsə, əhali vətəndaşı itaətsizliyinə başlayacaq. Belə baxanda aksiyalar artıq başlayıb. Rusiyanın "Nezavisimaya qazeta” nəşri də "Amulsar” qalmaqalından yazıb. Müəllif yazır ki, baş nazir N.Paşinyan Cermux sakinlərini yatağa gedən yolların bağlanmasına son qoymağa çağırıb. Lakin danışıqlar predmeti artıq yoxdur. Cermux və ətraf yerlərin sakinləri son günlər o qədər qəti mövqe tutublar ki, müzakirə etməyə heç nə qalmayıb. Hakimiyyət bəyan edir ki, ölkənin ikinci qızıl yatağının işlənməsi heç bir ekoloji problemə gətirib çıxarmayacaq. N.Paşinyan sosial şəbəkədə dəfələrlə canlı yayımda hakimiyyətin bu məsələyə münasibətini ortaya qoyub. Qısaca onu demək olar ki, baş nazir yataqda iş prosesi üzərində ictimai ekoloji hərəkatların nəzarəti olacağını bildirib: "Ətraf mühitə xırda bir təhlükə yaranarsa, işlər vəziyyət normallaşana kimi dayandırılacaq. Lakin milli dəyərlər – Göyçə gölünə və Cermux suyuna heç bir təhlükə yoxdur”.
Lakin buna baxmayaraq, Cermux sakinləri mövqelərini daha da sərtləşdiriblər - hakimiyyət qarşısında seçim qoymayaraq yatağın istismarının dərhal dayandırılmasını tələb ediblər. Hakimiyyəti bütün infrastrukturu bloklayacaqları, sabotajla hədələyiblər. Hərəkatın qeyri-formal lideri ekoloq Şirak Buniatyan dinc aksiyalar – mitinq, yürüş, hətta kütləvi gəzintilər keçirəcəklərini bildirsə də, başqa variantları da istisna etmir. Onun sözlərinə görə, əgər hakimiyyət güc tətbiq etmək istərsə, bunun bədəli ağır olacaq. "Biz inqilaba inanırdıq. Hakimiyyətə gələn qüvvələrin antixalq qərarı qəbul edəcəkləri bizim üçün böyük zərbə ola bilər”, - deyə ekoloq vurğulayıb.
Rusiya nəşri yazır ki, "Amulsar yatağı ətrafında yaşananlar ölkənin siyasi həyatına da təsirsiz ötüşmür. Bu məsələ artıq müxtəlif partiyaların spekulyasiya və populist fəaliyyət göstərmələrinə səbəb olub. Cermuxluları təslim olmamağa çağıraraq, hakimiyyətə xatırladırlar ki, məhz xalqın dəstəyi ilə Ermənistana rəhbərlik etməyə müvəffəq olublar. İndi də ona qulaq asmalı və mənəvi borcu geri qaytarmalıdırlar. Digərləri hökuməti prinsipiallıq göstərməməkdə ittiham edirlər. İndiki nazirlər vaxtilə müxalifətdə olanda əvvəlki hakimiyyətdən "Amulsar” qızıl yatağının işlənməsini dayandırmağı tələb edirdilər. Bu gün isə N.Paşinyanın yanında onun dediyini təkrarlayırlar”. İnqilab günlərində N.Paşinyanın yanında olan və onun yaxın müttəfiqinə çevrilən "Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Çarukyan da hakimiyyətə tövsiyə edir ki, xalqın səsinə qulaq asıb "Amulsar”da işləri başa çatdırsın, bununla da mübahisələrə son qoysun. "Mən ətraf mühitə ziyan vuran müəssisələrimi bağlamağa hazıram”, - deyə çoxsaylı sement və dağ mədən müəssisələrinə sahib olan erməni milyoner bildirib. Vəziyyəti şərh edən müstəqil jurnalist David Petrosyan "Nezavisimaya qazeta”ya bildirib ki, hüquqi nöqteyi-nəzərindən hakimiyyətin mövqeyi güclüdür. "Lakin ekoloji ekspertizada bir sıra parametrlər çatmır. Bu səbəbdən də obyektiv analiz vermək bir qədər çətindir. Hələ ki, Göyçə gölü və onun qidalandığı Vorotan çayına təhlükə yoxdur. Sadəcə, ona axan xırda çaylara bu təhlükə var. Hökumət sərt monitorinq həyata keçirməyi planlaşdırır. Ola bilsin qeyri-hökumət təşkilatlarına və vətəndaşı birliklərinə bu prosesdə iştirak etməyi təklif etsin. Mən hesab edirəm ki, keçmiş hakimiyyət orqanları mövcud yataq ətrafında gərginliyin artıb sərt münaqişəyə çevrilməsində maraqlıdırlar. Onlar ekoloq və hüquq mühafizə orqanları arasında gərginliyin toqquşmalara çevrilməsini hədəf götürüblər. Bütün işlər də buna doğru gedir. "Köhnələr” hər vəchlə Paşinyanın reytinqinin aşağı düşməsinə çalışırlar. Bu məqsədlə də "ekoloqlara” vəsait ödəyirlər. Mən hesab edirəm ki, Paşinyan vəziyyəti nəzarətdə saxlamağa müvəffəq olacaq. Lakin bu, ona asan başa gəlməyəcək”, - deyə jurnalist yazır.
Vəziyyəti gərginləşdirənlər isə Serj Sarkisyan və onun yaxın ətrafıdır. Erməni mediası yazır ki, onun qohum-əqrəbası Cermux üzərində nəzarəti əllərinə alıblar. Bölgədəki istirahət mərkəzləri, sanatoriya və pansionatlar Sarkisyan və sentyabrın 12-də məhkəməsi başlayacaq Robert Koçaryanın yaxınlarının əlindədir. Bütün bu şəxslərin də "informasiya səs-küyü” qaldırdıqları bildirilir”, - deyə Petrosyan bildirib.
Yeri gəlmişkən, N. Paşinyan da əllərini yanına salıb durmaq niyyətində deyil. Belə ki, hakimiyyət Ermənistanın keçmiş prezidenti S.Sarkisyanın qardaşı Lyova Sarkisyana qarşı ittiham irəli sürüb. Ermənistan KİV-ləri xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsinin Baş İstintaq İdarəsi məlumat yayıb. Bildirilib ki, "Şimal-Cənub yol dəhlizi” proqramının inkişafı və icrası zamanı yol verilən yeyintilərlə bağlı başlanan cinayət işi üzrə istintaq davam edir. İstintaqın gedişində məlum olub ki, Lyova Sarkisyan şirkətlərin seçilməsi, tikinti işlərinin həyata keçirilməsi məqsədilə 250 milyon dollar məbləği mənimsəyib. O, səlahiyyət həddini aşmaqda, dövlətə külli miqdarda maddi ziyan vurmaqda və çirkli pulların yuyulmasında ittiham olunur. İstintaq Komitəsi L.Sarkisyan barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmədə vəsatət qaldırıb.
"Amulsar”dakı gərginlikdən ruhlanan Ermənistanın keçmiş baş naziri Karen Karapetyan da bir sıra siyasi görüşlər keçirib. Bu məlumatı isə "Past” qəzeti yayıb. İddia edilib ki, Karapetyan biznes dairələri ilə son bir neçə ayda baş tutan görüşlərindən sonra gələn ilin əvvəlində Ermənistanın siyasi meydanının əsas oyunçuları ilə də görüşlər keçirmək niyyətindədir. Belə ki, K.Karapetyanın artıq bir neçə ilkin görüş keçirib və müxalifətin bir sıra liderləri onun təşəbbüslərini qəbul edib. "Past”, həmçinin, K.Karapetyanla bir sıra siyasi partiyaların əməkdaşlıq etmək istədiyini və onların sırasında ictimaiyyət üçün təəccüb yaradacaq şəxslərin, eləcə də təşkilatların olduğunu yazıb.
"Qraparak” qəzeti isə baş naziri hədəfə alan məqalə ilə çıxış edib: "Nikol Paşinyanla işləmək çətindir. O, dəngəsizdir, özündən tez çıxır, adamı təhqir edə bilər”. Məqalədə qeyd edilib ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoruArtur Vanesyanişdən azad olunmaq barədə istefa ərizəsi yazıb, ancaq N.Paşinyanın çağırışından sonra işə davam etməyə razılıq verib. "Bu məlumatı dövlətin uyğun qurumları təkzib etsə də, Ermənistan kiçik dövlətdir. Bir qayda olaraq, belə informasiya həqiqətəuyğun olur. Artur Vanesyanın istefası məsələsini araşdırarkən öyrəndik ki, təkcə o, deyil, hökumətin az qala bütün üzvləri işdən öz istəkləri ilə azad olunmalarına dair ərizə yazıb. Belə ərizələri ya Nikol Paşinyan, ya da müraciət edənlər özləri cırırlar. Belə ərizələri baş nazirin müavinləri, nazirlər və şəhər valiləri də yazıblar.Məsələ N.Paşinyanla işləməyin asan olmamasındadır. O, özündən tez çıxır, əsəbləşəndə adamı təhqir edə və "ərizəni yaz” deyə bilər. Sakitləşəndən sonra bəzən etdiyi hərəkətə görə təəssüflənir. Ancaq kabinet işçiləri belə davranışa dözmür. İşi buraxıb getməyə cəhd göstərirlər", - qəzet yazıb.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər