• cümə axşamı, 18 aprel, 23:09
  • Baku Bakı 21°C

Paşinyan zorakılığa çağırışda ittiham olunur

14.06.19 19:30 476
Paşinyan zorakılığa çağırışda ittiham olunur
Ermənistanın, daha çox populist bəyanatlarla yadda qalan baş naziri Nikol Paşinyan öz ampluasındadır. Ölkəni bürüyən narazılıqlardan diqqəti yayındırmağa çalışan baş nazir, gah ölkəyə milyonlarla investisiya cəlb edəcəyinə, yeni islahatlar həyata keçirəcəyinə söz verir, gah da yeni iş yerləri açacağını bəyan edir. Ortada isə yalnız quru bəyanatlar, populist fikirlər var. Bu dəfə baş nazir bəyan edib ki, heç bir sahədə siyasi ticarətə, kompromislərə yol verməyəcək. "Belə bir reallıq var: Bəli, bu inqilab baş verdi və biz sevindik. Seçkilər başa çatdı, hər şey normaldır. Bəziləri deyir ki, gəlin bu inqilaba elə də ciddi əhəmiyyət verməyək. Lakin elə deyil. Yalnız onu deyə bilərəm ki, heç bir sahədə siyasi güzəşt, siyasi ticarət olmayacaq”, - deyə baş nazir bəyan edib. Baş nazir gündəmi ələ almaq üçün bu tip populist bəyanatları demək olar ki, hər gün səsləndirir. Lakin məsələ ondadır ki, əhali artıq onun bu tip bəyanatlarından bezməyə başlayır. İnsanları konkret nəticələr, islahatlar, nailiyyətlər maraqlandırır. Bunlar isə heç üfüqdə də görünmür. Hökumət faktiki olaraq hər gün baş tutan kütləvi etiraz aksiyaları qarşısında aciz qalıb. Nə siyasi, nə də iqtisadi mənada hansısa bir uğurdan danışmağa dəyməz. Əvəzində isə artıq "məxməri inqilab” liderinə qarşı iddialar qaldırılmağa başlayıb.
Baş nazirdən söz düşmüşkən, Nikol Paşinyan ekstremizmə görə qaldırılan cinayət işində fiqurant ola bilər. Məsələ ondadır ki, "Sağlam cəmiyyət” təşkilatının rəhbəri Marina Xaçatryan onunla bağlı polisə ərizə yazıb. "Arabkir polis idarəsinə ərizə ilə müraciət etməyə gedirəm. Belə ki, baş nazir insanları zorakılığa çağıran bəyanat səsləndirib. Bildirib ki, insanları asfalt üzərinə salıb sürümək gərəkdir”. Xanım təşkilat əmindir ki, Paşinyanın çağırışları birbaşa ona qarşı yönəlib və bu səbəbdən də həyatına təhlükə var.
Əksər ekspertlərin gəldiyi qənaət budur ki, ölkədə hər sahədə bir süstlük, hakimiyyətdən gözləntilərdə bir ümidsizlik hökm sürür. Xüsusən də son vaxtlar separatçı qurumla Ermənistan arasında gərginlik də qabardılır. Bu gərginliyin ölkədə tez bir zamanda növbəti hakimiyyət dəyişikliyinə gətirib çıxaracağı iddia edilir. Baş verənləri Rusiya da xüsusi izləyir.
"Moskva Yerevanla Qarabağ separatçıları arasında münasibətlərdə baş verənləri diqqətlə izləyir”. Bunu "1in.am” saytına müsahibəsində erməniyönümlü rusiyalı politoloq Stanislav Tarasov deyib. "Moskva çox istəyərdi ki, Ermənistanın inqilabi hökuməti Qarabağ məsələsində ağıllı davransın. Onların sözləri işləri ilə ziddiyyət təşkil etməsin. Mən digər rusiyalı ekspertlər kimi, hesab edirəm ki, Paşinyan Saakyanı qovmamalı, onunla ittifaq qurmalıdır. Əgər Paşinyanın müşavirləri ona mane olsalar və Qarabağdakı "hökumətin” uzaqlaşdırılmasına getsələr, Ermənistan hər şeyini itirəcək və bu, erməni dövlətçiliyinin mövcudluğunu sual altına qoyacaq”, – deyə o bildirib. Qeyd edək ki, Tarasov Rusiyadakı erməni diasporu ilə sıx əlaqələrə sahibdir. Onun, həmçinin Rusiyanın hakim dairələri ilə də yaxşı əlaqələri var və bir çox hallarda qeyri-rəsmi formada bu dairələrin mesajlarının çatdırılmasını həyata keçirir.
Diqqət çəkən hal odur ki, Rusiya artıq açıq şəkildə həbsdən azad edilən Robert Koçaryana dəstək verir. Məlumata görə, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin eks-prezident Robert Koçaryanla görüşüb. Bunu "Aysor.am”a açıqlamasında Koçaryanın mətbuat katibi Viktor Soqomonyan deyib. O, görüşün Koçaryanın ofisində baş tutduğunu bildirib. Soqomonyan görüşün təkbətək keçirildiyini və bir saat davam etdiyini söyləyib.
Paşinyanın rəqiblərinə qarşı repressiyası isə davam edir. Belə ki, Ermənistanın sabiq deputatı, general Manvel Qriqoryanın vəkili Levon Baqdasaryan bildirib ki, əgər hakimiyyət lazımi tədbirlər görməsə, müvəkkilinin hüquqları ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcək. Vəkilin sözlərinə görə, M.Qriqoryanın vəziyyəti daha da pisləşib. Belə ki, onun ayaqlarını amputasiya etmək lazım olacaq. Hazırda sabiq deputat süni nəfəs aparatı ilə yaşayır. Baqdasaryan, müvəkkilinə qarşı qanunu pozanların cəzalandırılmasını tələb edib. Qeyd edək ki, vəkil tez-tez belə çıxışları ilə medianın gündəminə gəlir. O, Qriqoryanın səhhətinin ona qarşı kobud rəftar və işgəncə verilməsi səbəbindən pisləşdiyini iddia etmişdi: "Onun həyatı təhlükədədir, lakin gözləyirlər ki, ölsün və bundan sonra günahkar axtarmağa başlasınlar. Təəssüf ki, Ermənistanda belə "mədəniyyət” olub və hələ də qalır”.
Xatırladaq ki, ötən il iyunun 19-da M.Qriqoryan qanunsuz silah-sursat saxlamaq və iri məbləğdə vəsaiti mənimsəməkdə ittiham olunaraq həbs edilmişdi. Dekabrda birinci instansiya məhkəməsi girov müqabilində onun azadlığa buraxılması barədə qərar versə də, Qriqoryan sonradan yenidən həbsə atılmışdı.
Ermənistan müdafiə nazirinin sabiq müavini M.Qriqoryan Azərbaycanın Cəbrayıl və Füzuli rayonlarının işğalı zamanı azərbaycanlı əsirlərə qarşı xüsusi amansızlığı ilə seçilib. Həmçinin o, azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin güllələnməsi təklifini irəli sürmüşdü.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər