• cümə, 29 Mart, 17:40
  • Baku Bakı 14°C

Paşinyan öz ampluasındadır

11.10.18 17:22 546
Paşinyan öz ampluasındadır
Ermənistanın baş naziri Nikol Paşinyanın istefa verəcəyi tarix bəlli olub. Baş nazir oktyabrın 16-da istefa verəcəyini "France 24” telekanalına müsahibəsində deyib. "Erkən parlament seçkiləri 9-10 dekabr tarixlərində keçirilməlidir. Bir-iki gün o yan-bu yan ola bilər. Bundan ötrü, mən oktyabrın 16-da istefaya getməliyəm”,- deyə telekanal onun sözlərini sitat gətirib. Xatırladaq ki, Paşinyanın daha əvvəl açıqladığı ssenariyə əsasən, onun istefasından sonra parlament baş naziri iki dəfə seçmir, parlament buraxılır və növbədənkənar seçkilər elan edilir. Onu da qeyd edək ki, N.Paşinyan oktyabrın 8-də cari ilin dekabr ayında erkən parlament seçkilərinin keçirilməsi haqqında memorandum imzalayıb. Buna qədər isə o, rəqiblərinə qarşı repressiya və təqibləri gücləndirmək siyasətini nəinki azaldıb, əksinə, daha da artırıb. Belə ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsi Gömrük Komitəsinin keçmiş rəhbəri Armen Avetisyana qarşı cinayət işi açıb. O, qeyri-qanuni sahibkarlıq fəaliyyəti və çirkli pulların yuyulmasında ittiham edilib. Milli Təhlükəsizlik Xidməti Avetisyanı "Qolden Palas” mehmanxana kompleksinə sahib olmaqda günahlandırıb. Belə ki, MTX-nın iddiasına görə, kompleksi Kiprdə qeydiyyatdan keçən "Rivehil Holdinq” şirkəti tikib və bunun üçün Ermənistana milyonlarla dollar yatırıb: "Sənədlərdə investor kimi Livan vətəndaşı göstərilib, amma onun şirkətə heç bir aidiyyəti olmayıb. Tikintinin gedişinə məhz Avetisyan nəzarət edib və öz vəzifəsindən istifadə edərək, yaranan problemləri həll edib. Daha sonra belə bir otel Saxkadzorda tikilib. 2012-ci ildə bu mehmanxanalar kompleksini Britaniyada yaradılan "Qolden Qrup Limited” alıb. Kompleksin aksiyalarının 100%-lik sahibi Avetisyanın oğlu Artaşes olub. 2018-ci ildə Avetisyanlar Yerevanda "Qoldes palas butik” adlı yeni mehmanxana açıblar. Bu otellər 90 milyon dollar dəyərləndirilir. Hazırda istintaq aparılır”. Qeyd edək ki, Ermənistan Gömrük Komitəsi Serj Sarkisyan tərəfindən 2008-ci ildə ləğv edilib. O, Dövlət Gəlirləri Komitəsinə çevrilib. Onun, eks-prezident Robert Köçəryana yaxınlığı ilə seçildiyi bildirilir.
Baş nazir isə öz ampluasındadır. Yerevanda keçirilən Frankofaniya sammitində çıxış edən Paşinyan iddia edib ki, Ermənistan azad söz, qanun qarşısında hamının bərabərliyi, demokratiya, azadlıq kimi dəyərlərə hörmətlə yanaşır. Halbuki, hakimiyyətdə gələndən bəri əvvəlki hakimiyyətdə təmsil olunanlara qarşı təzyiq və həbslərə start verib. Özü də onların arasında tək hakimiyyət təmsilçiləri deyil, sayt, qəzet və telekanallar da var. Məsələn, "Yerevan.today” saytının rəhbərini Koçaryanla yaxınlıq bəhanəsi ilə həbs ediblər. Paşinyanın başqa açıqlaması ilə gülüş obyektinə çevrilib. Ölkənin iqtisadi cəhətdən dirçəldilməsini əsas məsələ olduğunu dilə gətirsə də, hər hansı bir proqram irəli sürməyib. Onun sözlərinə görə, əsas məqsədləri Ermənistanı aqrar ölkədən yüksək texnologiyalar ölkəsinə çevirməkdir. Yenə də bunun üçün hansı resurslardan yararlanacaqlarını söyləyə bilməyib. Paşinyanın, Ermənistanın iqtisadi sıçrayış mərhələsinə daxil olmaq üçün güc topladığını bəyan etməsi isə sosial şəbəkələrdə gülüş doğurub. Əksəriyyət bunu optimizmlə qarşılamayıb. Bir çox istifadəçilər Paşinyanın sosial şəbəkədə yazdıqlarının altında tənqidi şərhlər yazıblar. Bildiriblər ki, inqilabdan sonra ölkə kreditlər almağa məcbur olub, sadə vətəndaşlar əvvəlki hakimiyyətin dövründəkindən heç də zəif olmayan sürətlə iqtisadi fəlakətə doğru sürüklənirlər. Bir çox vətəndaşlar isə yazır ki, kreditlərin artması hələ iqtisadi inkişaf demək deyil.
Öz növbəsində "Aravot” qəzeti maraqlı bir məqalə dərc edib. Müəllif yazır ki, Ermənistan postrusiya dövrünə hazırlaşmalıdır və bizim taleyimiz yalnız öz əlimizdədir. Məqalədə vurğulanır: "Yerevanda və Moskvada tez-tez "dostluq”, "qardaşlıq”, "müttəfiqlik münasibətləri” sözləri səslənir. Bu sözlər yenə səslənəcək. Axı Ermənistanın marağı heç də Moskvanın hədəfinə çevrilmək deyil. Lakin digər tərəfdən, Ermənistan Rusiyada baş verə biləcək iqtisadi sıçrayışlar fonunda daxili qarışıqlıqlara hazır olmalıdır”. Müəllif hesab edir ki, Ermənistanın uğurlarında və sabitliyinin saxlanılmasında maraqlı olanlar – İran və Qərbdir. Bu səbəbdən də onlarla münasibətləri harmonikləşdirmək gərəkdir: "Əgər biz kobud səhvlərə yol verməsək və sayıqlığımızı saxlasaq, Moskva bir daha bizə heç nə edə bilməz”.

Azər
banner

Oxşar Xəbərlər