• şənbə, 20 Aprel, 06:46
  • Baku Bakı 14°C

Paşinyan-Tovmosyan qarşıdurması parlament müstəvisinə keçir

04.02.20 21:24 2051
Paşinyan-Tovmosyan qarşıdurması parlament müstəvisinə keçir
Ermənistan parlamenti növbədənkənar iclas keçirəcək

Nikol Paşinyan Konstitusiya Məhkəməsinin sədri Qrayr Tovmosyanı vəzifəsindən uzaqlaşdırılması prosesinə lideri olduğu "Mənim addımım” blokunu da qoşub. Blokun parlament fraksiyasının rəhbəri Lilit Makunts jurnalistlərlə söhbətində bildirib ki,
onlar Tovmosyanın öz postundan konstitusiya çərçivəsində uzaqlaşdırılmasına nail olacaqlar. Ermənistanın informasiya-analitik mərkəzi VERELQ yazır ki, Makunts "Mənim addımım”dan olan deputat Vaaqn Ovakimyanın Konstitusiya Məhkəməsinin faktiki olaraq "izolyasına” gətirib çıxaracaq təşəbbüs layihəsini dəstəkləyir. Qanunverici düzəlişlər konstitusiya islahatları olacağı təqdirdə Konstitusiya Məhkəməsinə birbaşa müraciətin zəruri olmadığına gətirib çıxarmalıdır. Bir çox ekspertlərin qənaətincə, belə bir addım konstitusiyaya ziddir. Məsələ ilə bağlı narahatçılığını Avropa Şurası Parlament Assambleyası da bəyan edib. Qurum Ermənistanın dövlət institutları arasında gərginliyi presendentsiz hala adlandırıb. Prezident Armen Sarkisyan da dəfələrlə məsələyə reaksiya ortaya qoyub. Qeyd edib ki, istənilən proses sırf hüquqi sahədə aparılmalı, bütün norma və hüquqlara uyğun həyata keçirilməlidir.
VERELQ ekspertləri vəziyyəti qiymətləndirərək bildirirlər ki, Konstitusiya Məhkəməsinin sədri Qrayr Tovmosyan icraedici hakimiyyətin məhkəmə sisteminə açıq təzyiq göstərdiyini bildirib.
Parlamentdə təmsil olunan fraksiyalar – "Çiçəklənən Ermənistan”, "Maarifçi Ermənistan” Konstitusiya Məhkəməsi ətrafında yaşanan problemin onun "marginallaşması” hesabına başa gəlməsinə qarşı çıxırlar. "Maarifçi Ermənistan”ın lideri Edmon Marukyan hakim blokdan olan deputatın təklifini şərh edərkən bildirib ki, belə dəyişikliklər Venesiya komissiyasında ekspertizadan keçməlidir. "Belə fundamental dəyişikliklər növbədənkənar prosedur çərçivəsində keçməməlidir. Konstitusiya dəyişiklikləri, Konstitusiya Məhkəməsi hakimlərinin seçilməsi, prezidentin səlahiyyətlərinin azaldılması Venesiya komissiyasının ekspertizasından keçməlidir. Hamı bunun Ermənistanın beynəlxalq öhdəlikləri ilə üst-üstə düşüb düşmədiyini bilməlidir”, - deyə Manukyan bildirib.
"Çiçəklənən Ermənistan” Partiyasından olan deputat Naira Zoqrabyan Konstitusiya Məhkəməsinə və bütövlükdə məhkəmə sisteminə qarşı siyasi rıçaqların istifadə olunmasının yolverilməz olduğunu bildirib. "Bu yolverilməzdir. Məhkəmə sistemi hökumətin nəzarəti altında olan qurum olmamalıdır. Bu qurum müstəqil və möhkəm olmalıdır. Parlamentdə təmsil olunan siyasi qüvvələr konstitusiya islahatlarının əsl motivlərini təqdim etməlidirlər. Lakin necə deyərlər, "qoşqunu atın qabağına qoşublar”, - deyə Zoqrabyan bildirib. Hakim fraksiyanın deputatları fevralın 6-da parlamentin növbədənkənar seçkilərin keçirilməsini təklif ediblər. Gündəlikdə isə yalnız bir məsələ var – "Konstitusiya Məhkəməsi haqqında” qanun layihəsi.
Tovmosyanın siyasi təqibi ilə bağlı məsələni şərh edən politoloq Karen Bekaryan baş verənləri cinayətlərin uzun halqası adlandırıb. Onun sözlərinə görə, bunun arxasında Paşinyanın şəxsi imzası durur: "Bu gün Ermənistanda hamı hesab edir ki, Tovmosyan baş nazir tərəfindən aparılan siyasi və şəxsi təqibin qurbanıdır”. Ötən gün Ermənistanın İctimai Televiziyasında Konstitusiya Məhkəməsinə qarşı reportaj da efirə gedib. Bununla bağlı ölkənin siyasi və ictimai xadimləri kanal rəhbərliyindən izahat tələb ediblər. Onlar baş verənləri Stalin dövrünün repressiyalarına bənzədiblər. Ekspertlər hesab edirlər ki, Tovmosyanı vəzifəsindən uzaqlaşdıra bilməz, lakin reportajdan sonra artıq çoxları Tovmosyanın həbsinə hazırlıq getdiyindən danışıblar.
Jurnalist Marina Mkrtçyan hesab edir ki, erməniləri Konstitusiya Məhkəməsində efirə gedən reportajlarla aldadırlar. Onun sözlərinə görə reportajda peşəkar etikadan, qanundan söhbət belə getmir. Marina Mkrtçyan "Qolos Armenii”də dərc olunan məqaləsində yazır ki, hakimiyyət Qrayr Tovmosyana qarşı bütün informasiya hücumlarını genişləndirib. Artıq ona qarşı informasiya müharibəsi start götürüb. Jurnalist hesab edir ki, Konstitusiya Məhkəməsinin sədrinin həbsinə hazırlıq gedir. Onun qənaətincə, ictimaiyyət bu həbsi növbəti qanunsuzluq kimi qarşılayacaq: "Bu həbs Nikol Paşinyanın növbəti qanunsuzluğu kimi qəbul edəcək. Bizim cəmiyyət iki ildir ki, qanunsuzluqlara adaptasiya olunub. O artıq Konstitusiya Məhkəməsinin sədri ətrafında baş verən hadisəyə adaptasiya olunub”.
"Qolos Armenii” yazır ki, Nikol Paşinyan antidövlət və antielitar düşüncə tərzinə malikdir: "Onun təqdim etmək istədiyi dövlət idarəçilik modelində yalnız bir subyekt və bir obyekt var - özü də kütlə. Dövlət və siyasi elitanı özündən uzaqlaşdırır. Həm də qorxur ki, hamı onun əleyhinə işləyir. Nikol Paşinyanın komandası onun ailəsidir. Bir də qayınatası. Dövlət isə həyətyanı sahə, kütlə isə bu sahədə işləyənlərdir. Öz düşüncə tərzinə görə, Paşinyan tək qalıb. Bu da onda qorxu yaradıb. Qəsdlərin qurbanı olmaqdan qorxur. Nikolun qorxu hissi isə onun tabeliyində olan "Aykakan jamanak” qəzetində əks olunur. Nikolun qəzeti əvvəlcə yazdı ki, ona qarşı qəsdi MTX hazırlayıb. Bu tezisi Paşinyanın qayınatası, sonra isə Paşinyanın siyasi komandası açıq şəkildə təbliğ etməyə başladı. Erməni jurnalist sonda bel bir qənaətə gəlir ki, Nikol "Forrestol sindromu” yaşayır”.
Xatırladaq ki, Forrestol İkinci dünya müharibəsindən sonra ABŞ müdafiə naziri təyin olunub. SSRİ ilə soyuq müharibə onu hər şeydən şübhələnən və qorxu içində olan bir şəxsə çevirib. Hər yerdə sui-qəsdlər görən nazir bütün məsələlərdə kommunistləri ittiham edirdi, hər şey onun gözündə qırmızı idi. Nəhayət ki, sonda Forrestol psixatriya xəstəxanasına düşür və orada da özünə qəsd edir. Pəncərədən özünü atanda "ruslar gəlir” deyə qışqırırmış. Ümid edək ki, erməni baş nazirdə Forrestol sindromu o qədər də uzağa getməyəcək. Nikol Paşinyan opponentlərini həbs etməyi əmr edib. Bunu isə sosial şəbəkədə yazdığı statusunda "Vətəndaş özünüdərki” ictimai təşkilatının rəhbəri Narek Simonyan bildirib. "Bizimlə yanaşı, nüfuzlu siyasi xadimlər də həbs olunacaq. Həbslərin motivi artıq hazırdır, lakin biz də sakit oturmaq istəmirik”, -deyə o bildirib.

Azər
banner

Oxşar Xəbərlər