• cümə axşamı, 25 aprel, 16:51
  • Baku Bakı 23°C

Paşinyanın mövqe dəyişikliyi

08.11.18 19:19 549
Paşinyanın mövqe dəyişikliyi
İndi Ermənistanda radikal çıxışları ilə at oynadan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallığa uyğun olmayan, cığal açıqlamalar verən baş nazir əvəzi Nikol Paşinyan müxalifətdə olarkən başqa cür düşünürdü. O, həmişə, Azərbaycan torpaqlarının işğal edildiyini etiraf edib. O, "Yerin əks tərəfi” adlı bioqrafik romanında bu barədə konkret şəkildə fikirlərini ifadə edib. Paşinyan qeyd edib ki, Azərbaycanın işğal olunmuş Ağdam rayonunda olub, uşaq vaxtlarında atası ilə birlikdə Azərbaycan ərazilərinə gəlib. Ağdamın işğaldan sonra dağıdılmış evlərini xatırlayan müəllif öz uşaqlarının həmin dağıntılar arasında oynadığını, həyat yoldaşı ilə özünün isə dayanaraq Şərq istiqamətinə baxdıqlarını, fikrə daldıqlarını qeyd edib. Hər ikisinin eyni şeyi fikirləşdiklərini, nəhayət, həyat yoldaşının bunu dilə gətirdiyini yazıb: Bu əraziləri Azərbaycana necə qaytarmaq olar? Daha sonra o, suala cavab olaraq yazıb ki, bu ərazilər bizə lazım deyil, sülh naminə biz bu əraziləri geri qaytarmağa hazırıq.
N.Paşinyan xəyalən yenə də keçmişə qayıdaraq, hər səhər saat 7-də İcevan bazarının qarşısından qırmızı sərnişin avtobusunun Qazax istiqamətinə doğru hərəkət etdiyini xatırladır. Bildirir ki, o, hər bazar günü atası ilə birlikdə bu avtobusla Qazax yaxınlığındakı su anbarına gedər, burada balıq tutarmışlar. Müəllif qeyd edir ki, su anbarı yaxınlığında Sovet Ermənistanının sərhədi sona çatar, Sovet Azərbaycanının sərhədi başlayarmış. N.Paşinyan sözügedən əsərində sərhədlərin təbiət tərəfindən deyil, insanlar tərəfindən yaradıldığına da diqqət çəkir. Daha sonra Ermənistandakı 1 mart hadisələrinə toxunan müəllif düşmənin kənarda deyil, öz aralarında olduğunu və həmin düşmənə qalib gədiklərini qeyd edib.
Göründüyü kimi, indi radikallıqdan danışan inqilabçı Nikol vaxtilə sülhdən danışır, Azərbaycan ərazilərinin qaytarılmasının zəruriliyini qeyd edirdi.
Politoloq Mübariz Əhmədoğlu N.Paşinyanın bu fikirlərinə münasibət bildirərkən vurğulayıb ki, sözügedən şəxs hökumət və dövlət başçısı, lider kimi sabit mövqeyə malik deyil. Onun sözlərinə görə, N.Paşinyan fikrini, mövqeyini tez-tez dəyişən "lider”dir: "Paşinyan "məxməri inqilab”ın aktiv dövründə verdiyi vədlərin böyük əksəriyyətini baş nazir seçiləndən 10 gün sonra unutdu, dandı. Açıq şəkildə bildirdi ki, həmin vədləri yerinə yetirə bilməz. Misal üçün, əhalidən pensiya yığım fonduna əlavə pul toplanırdı. Paşinyan inqilab dövründə bu yığımları ləğv edəcəyini söyləmişdi, amma bacarmadı. Hətta iş o yerə çatdı ki, Paşinyanın təyin etdiyi əmək və sosial müdafiə naziri bu məsələ ucbatından istefa vermək məcburiyyətində qaldı. Paşinyan nəqliyyat işçiləri, əlavə güzəştlərlə bağlı da çoxsaylı vədlər vermişdi. Baş nazir seçiləndən sonra bu vədlərin heç biri yerinə yetirilmədi. Bu kimi bir çox məqamları nəzərə alaraq qeyd etmək olar ki, Paşinyan sabit mövqeyi olmayan liderdir. Onun bu qeyri-sabitliyi digər sahələrə, xüsusən də Dağlıq Qarabağ məsələsinə aiddir. Baş nazir seçilməzdən öncə və sonra o, bir-biri ilə daban-dabana zidd olan çoxsaylı mövqe bildirib. Baş nazir seçiləndən sonra bu istiqamətdə nümayiş etdirdiyi ziddiyyətli mövqenin heç birini ciddi siyasətçi kimi əsaslandıra bilməyib”.

Politoloq M.Əhmədoğlu deyib ki, Dağlıq Qarabağ məsələsində N.Paşinyanın mövqeyi Ermənistanın əvvəlki prezidenti Levon Ter Petrosyanın mövqeyi ilə eyni olduğu üçün erməni xalqı onun arxasınca gedib: "Erməni xalqının təhtəlşüurunda Dağlıq Qarabağ məsələsi təhlükədir, qorxudur. Nə qədər ki bu problem həllini tapmayıb, erməni xalqı yerində rahat dayana bilmir. Ona görə də erməni xalqı Robert Köçəryan və Serj Sarkisyanın timsalında Qarabağ klanının əleyhinə getdi, Paşinyana dəstək verdi. Lakin Paşinyan Dağlıq Qarabağ məsələsinə dair ziddiyyətli mövqe ortaya qoyduqca, onun ətrafındakılar yavaş-yavaş geri çəkilirlər. Paşinyana yalnız bu kontekstdən yanaşmaq gərəkdir. Əminəm ki, onun istənilən mövqeyini çox asanlıqla dəyişdirmək mümkündür. Elə bu səbəbdən hətta Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Paşinyan barəsində bir neçə gün bundan öncə aşağılayıcı ifadələr işlətdi. Eləcə də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov. O, çox peşəkar, olduqca mədəni, etiket qaydalarını gözləyən, kimisə təhqir etməkdən çəkinən bir diplomatdır. Hətta Elmar Məmmədyarov da Paşinyana xitabən, - "əvvəlcə düşün, daha sonra danış” – deyə, fikir bildirdi. Bu yaxınlarda Ermənistanda səfərdə olan ABŞ rəsmisi Con Bolton da Paşinyanın mövqe dəyişkənliyinə eyham vuran fikir bildirib. Yəni, bütün bunlar onu göstərir ki, Paşinyan ciddi şəxs kimi qəbul edilmir”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər