• cümə axşamı, 25 aprel, 11:48
  • Baku Bakı 14°C

Paşinyan separatçılar üzərinə növbəti həmləyə hazırlaşır

04.06.19 18:11 601
Paşinyan separatçılar üzərinə növbəti həmləyə hazırlaşır
Aprel fiaskosunun üstündən üç ildən çox vaxt keçsə də, erməni cəmiyyətində həmin hadisələrlə bağlı müzakirə və diskussiyalar səngimir. Hazırkı hakimiyyət mütəmadi olaraq bu məsələni gündəmə gətirərək, rəqiblərinə qarşı istifadə etməyə çalışır. "1in.am” erməni saytı yazır ki, parlamentin 47 deputatı 2016-cı ilin aprelində baş verən hərbi əməliyyatların tədqiqi üzrə istintaq komissiyasının yaradılmasına nail olub. Spiker Ararat Mirzoyan parlamentin iclasında bildirib ki, komissiyanın işi ilə birbaşa parlamentin müdafiə və təhlükəsizlik komitəsi məşğul olacaq. O da qeyd edilməlidir ki, ilk dəfə belə bir komissiyanın yaradılması təşəbbüsünü baş nazir Nikol Paşinyan qaldırıb. Məqsədi də bəllidir. Bundan rəqiblərinə qarşı istifadə etmək, növbəti həbslərə nail olmaq. Necə ki, 2008-ci il mart hadisələri ilə bağlı etdi. Düzdür, uğursuz da olsa, hər halda, cəmiyyətin başının altına yastıq ata bildi. İndi də ortada aprel hadisələri var. Separatçı qurumla Yerevanın münasibətlərinin gərgin olduğu bir vaxtda belə komissiyanın yaradılması Paşinyana hava-su kimi gərəkdir. Sözsüz ki, komissiya aprel uğursuzluğunun günahkarları qismində separatçı rejimin rəhbərliyini günahkar çıxardacaq. Elə Paşinyan da bu yaxınlarda parlamentdə etdiyi çıxışda bu məsələyə toxunub. Keçmiş korrupsioner sistem və Ermənistanla separatçı qurum arasındakı fikir ayrılıqları barədə danışan baş nazir bildirib ki, komissiya yaratmağın vaxtı çatıb. Çıxışında məhkəmə sistemində islahatların aparılmasının zəruriliyini bildirən baş nazir, keçmiş rejimin Qarabağ və Ermənistanda aktivləşməsindən bəhs edib. "1in.am” saytı yazır ki, faktiki olaraq baş nazir etiraf edib ki, dördgünlük aprel savaşı qəsd planı idi: "Və demək istəyir ki, qəsd planı başa çatmayıb və inkişaf mərhələsindədir. Bu səbəbdən də komissiyanın yaradılması zərurətini ortaya atıb. Paşinyanın məntiqi ilə qəsd planı riski bu gün də var. Məsələn, baş nazir Ermənistanda korrupsiyalaşmış kriminal-oliqarx sistemin mövcudluğu artıq dövlətə qarşı qəsdin davamı hesab edir. Bu da müharibəyə gətirib çıxara bilər. Belə ki, birgə qarət ölkənin müdafiə və diplomatik resursların tükənməsinə gətirib çıxarıb”. Sayt baş nazirin fikirlərini də sitat gətirib. "Mən hələ demirəm ki, 2015-2016-cı illərdə Ermənistanda köhnə sistemin böhranı göz önündə idi”, - deyə sayt Paşinyandan sitat gətirib.
O da bəlli olub ki, Ermənistan ordusunun 2016-cı il aprel məğlubiyyətini araşdıran parlament komissiyasının, ölkənin keçmiş prezidenti Serj Sarkisyanı da dindirəcəyi gözlənilir. Bunu parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının üzvü, hakim "Mənim addımım” fraksiyasının deputatı Tiqran Karapetyan bildirib. O, qeyd edib ki, komissiyanın 2016-cı ilin aprel döyüşləri ilə bağlı iclasına S.Sarkisyan da çağırıla bilər: "Hakimiyyətin keçmiş və indiki nümayəndəsi olmasından asılı olmayaraq, istənilən adamı çağırmaq üçün məhdudiyyət yoxdur. Ehtiyac olarsa, Serj Sarkisyan da dəvət olunacaq”.
Deputatın sözlərinə görə, komissiyanın istintaq orqanı statusu var və ona görə də dəvətli, iclasa gəlməkdən imtina edə bilməz. Öz növbəsində politoloq Edvard Antinyan hesab edir ki, Paşinyanın bəyanatı əsassız olmayıb. "Bəli, güc strukturlarında elə şəxslər var ki, nəyin bahasına olursa-olsun, Sarkisyanı devirib hakimiyyətə gəlməyə can atıblar. Onlar hesab edirdilər ki, müharibə baş verəcəyi təqdirdə, vəziyyət dəyişəcək. Biz bilirik ki, həmin vaxt insanlar istənilən yolla, hətta terror yolu ilə hakimiyyəti dəyişməyə hazır olublar. Hətta Sarkisyanı devirmək üçün Moskva ilə də danışıqlar aparılırdı. Aprel müharibəsi ilə bağlı ifşaedici faktlar ortaya qoyulmalıdır. Əgər bunları etməsək və qəsd planını həyata keçirənləri üzə çıxarmasaq, onda belə halın sabah baş verməyəcəyinə əmin ola bilmərik. Bir faktı da yada salaq ki, həmin müharibənin ardınca Nork-Maraşda quldur dəstəsinin üstü açıldı, daha sonra polis alayına hücum edildi.
Politoloq Amayak Ovanisyan hesab edir ki, bu gün eks-prezident Robert Koçaryan cəmiyyətdə günbəgün dərinləşən əhval-ruhiyyədən uğurla istifadə edir. Bunu sübut edən, onun tərəfdarlarının artmasıdır. Artıq onun ətrafında ən müxtəlif təbəqədən olan şəxslər cəmləşib.
O da bəlli olub ki, qondarma Qarabağ rejiminin silahlı dəstələrinin keçmiş rəhbəri Samvel Babayanın tərəfdarlarına hücumla bağlı iki nəfər həbs edilib. Bunu jurnalistlərə açıqlamasında Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Naira Arutyunyan deyib. Həbs edilən şəxslərin Aleksey Balayan və Roland Aydinyan olduğu bildirilib. Qeyd edək ki, Aleksey Balayan Qarabağda erməni separatçılarının yaratdığı hərbi dəstələrin əsas təsisçisi Vladimir Balayanın oğludur. Roland Aydinyan isə işğal edilmiş Kəlbəcər rayonunun keçmiş "rəhbəri”dir. Babayanın tərəfdarlarına mayın 29-da hücum olub. Belə ki, onun tərəfdarlarının avtomobilinin qarşısı kəsilərək, gülləboran edilib. Babayan hücumun qondarma rejimin keçmiş "baş naziri” Araik Arutyunyanın sifarişi ilə gerçəkləşdirildiyini iddia edib.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər