• şənbə, 20 Aprel, 04:17
  • Baku Bakı 15°C

Paşinyan Sarkisyanın taleyini yaşaya bilər

08.05.18 20:21 816
Paşinyan Sarkisyanın taleyini yaşaya bilər
Ermənistanda bir ay bundan qabaq heç kimin ağlına da gələ bilməzdi ki, parlamentin deputatı Nikol Paşinyan baş nazir seçiləcək. Belə bir iddiada kimsə çıxış etsəydi, sözsüz ki, onu dəli adlandırardılar. Görünən odur ki, əhali arasında Qarabağ klanına, Sarkisyan rejiminə nifrət həddən artıq güclü olub. Elə bu səbəbdən də qısa müddət ərzində onu devirdi. Ermənistan parlamenti dünən ikinci cəhddə yeganə namizəd olan "Yelk” (Çıxış) fraksiyasının rəhbəri, Vətəndaş Müqaviləsi Partiyasının sədri Nikol Paşinyanı baş nazir seçdi. Onun namizədliyini 59 millət vəkili dəstəkləyib, 42 deputat isə Nikol Paşinyanın əleyhinə səs verib. Nikol Paşinyan parlamentdəki çıxışı zamanı Ermənistan vətəndaşlarına təşəkkür edib: "Daxili münasibətlərdə avtomatlar birdəfəlik susmalıdır. Respublikada bizim tərəfdarlarımız və rəqiblərimiz üçün bir qanun hökm sürəcək. Heç bir iqtisadi monopoliya, heç bir seçicinin alınması olmayacaq. Siyasi və iqtisadi təqib dövrü sona çatıb”. Paşinyan parlamentdəki çıxışında deyib ki, Ermənistan Rusiyanın lideri olduğu Avrasiya İqtisadi İttifaqında qalacaq, Rusiya ilə hərbi əməkdaşlığı davam etdirəcək. "Rusiya ilə müttəfiq münasibətləri dostluq, bərabərlik, problemlərin həllindən ötrü qarşılıqlı istəyə söykənməlidir. Rusiya ilə hərbi əməkdaşlığa Ermənistanın təhlükəsizliyinin əsas təminatçı faktoru kimi baxırıq”, - o deyib. Paşinyan həmçinin Birləşmiş Ştatlar, Avropa İttifaqı, İran, Gürcüstan, Çin və Hindistanla əməkdaşlığı "fəal inkişaf etdirəcəyinə” boyun olub.
Dağlıq Qarabağ məsələsinə toxunan yeni baş nazir bildirib ki, biz Azərbaycan lideri ilə danışıqlara hazırıq. Qeyd edə bilərəm ki, danışıqlar Dağlıq Qarabağ rəhbərliyi təmsil olunmayana qədər effektiv hesab edilə bilməz. Onun sözlərinə görə, Ermənistan ordusuna ciddi diqqət ayrılmalıdır: "Mən "Qarabağ Respublikası”na dəstəyimi və sevgimi çatdırmaq istəyirəm. Əziz qarabağlılar, son 1,5 ay ərzində etiraz hərəkatları sizin üçün təhlükə deyil. Bu, Dağlıq Qarabağın haqlarının tanınmasına səbəb olacaq. Biz birlikdə vacib milli hədəflərə çatmaq məsələsinə əvvəllər heç bu qədər yaxın olmamışıq”. Beləliklə, kütlə arasında populyarlığını artırmaq üçün erməni baş nazir "Qarabağ kartından” yararlanmağa çalışıb. Lakin bu da müvəqqəti haldır. Bir müddət sonra yeni baş nazirin mövqeyində köklü dəyişikliklərin şahidi olacağıq.
Paşinyan prezidentArmen Sarkisyanla da görüşüb. Daha sonra Paşinyan beş gün ərzində kabinetində görmək istədiyi şəxslərin adlarını, 15 günə isə hökumətin proqramını açıqlamalıdır. O, hökuməti "milli barışıq” əsasında formalaşdıracağını deyib. Ancaq Respublikaçılar Partiyasından olan deputatGevorq Kostanyan8 may səsverməsindən sonra deyib ki, indi ölkədə "azlıq hökuməti” mövcuddur, onlar isə parlamentdəki çoxluğu saxlayır. Bu o deməkdir ki, Paşinyan hakim partiyanın çoxluğu ilə işləməli olacaq, ya da qanunvericiliyin qəbulunda çətinliklərlə üzləşəcək. Əgər parlament 20 gün ərzində Paşinyan hökumətinin proqramını təsdiqləməsə, qurum avtomatik buraxılacaq və erkən seçkilər keçiriləcək.
O da bəlli olub ki, Paşinyan mayın 9-da Azərbaycanın işğal altındakı ərazilərinə gələcək. Paşinyanın Qarabağa gəlməkdə məqsədi Azərbaycanın Şuşa şəhərinin işğalının ildönümü ilə bağlı hər il ermənilərin keçirdikləri bayram tədbirlərinə qatılmaqdır. Gözlənilir ki, o, təmas xəttinə də baş çəkəcək. Habelə məlum olub ki, Rusiya prezidenti Vladimir Putin artıq Nikol Paşinyana baş nazir seçilməsi münasibətilə təbrik göndərib. Kremldə ümid edirlər ki, Paşinyanın seçilməsi Rusiya ilə Ermənistan arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcək.
"Kreml Ermənistanın Avrasiya İqtisadi İttifaqının may sammitində iştirakını gözləyir”. Bunu isə jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib. "Ermənistan Avrasiya İqtisadi İttifaqında vacib tərəfdaşımızdır. Bu cür tədbirlərdə ikitərəfli görüşlər də keçirilir”,– deyə o bildirib. Peskov həmçinin Mixail Leontyevin Ermənistanla bağlı açıqlamasının Moskvanın rəsmi mövqeyi ilə heç bir əlaqəsinin olmadığını deyib. Nikol Paşinyan Kremlin çağırışına dərhal reaksiya verib və Avrasiya İqtisadi İttifaqının Soçidə keçiriləcək sammitində iştirak edəcəyini bildirib.
Yeri gəlmişkən, Nikol Paşinyanın rəhbərliyi ilə Ermənistanda formalaşdırılacaq yeni hökumətə kimlərin daxil olacağı artıq bəllidir. Bu barədə informasiyanı "İravunk” qəzeti yayıb. Paşinyanın ekologiya naziri vəzifəsini öz partiyasından olan deputat Lene Nazaryana verəcəyi bildirilib: "Vətəndaş Müqaviləsi Partiyasından olan digər deputat Ararat Mirzoyan isə parlamentdə Paşinyanın sadiq nümayəndəsi kimi qalacaq. Müdafiə Nazirliyinə hazırkı Fövqəladə Hallar naziri David Tonoyanın rəhbər gətiriləcəyi gözlənilir. Paşinyanın bu məsələdə ciddi maneə ilə üz-üzə qaldığı haqqında informasiyalar yayılır. Belə ki, Tonoyan Seyran Ohanyanın nazir olduğu dönəmdə nazir müavini olub və buna görə, nə Müdafiə Nazirliyi, nə də ondan kənarda onu yaxşı sözlərlə xatırlayırlar. Bu dalandan əsas çıxış yolunun, Paşinyanın tərəfdaşı olan Sasun Mikayelyanın bu vəzifəyə gətirilməsi olduğu iddia olunur. Paşinyan isə bunun həm özü, həm ölkəsi üçün başağrısı olacağını gözəl bilir. Baş nazirin müavini vəzifəsinə iş adamı Xaçatur Sukiasyanın gətirilməsi şayiələri yayılıb. Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Karen Karapetyan isə istefa verib. Bunu o, özünün "Facebook” səhifəsində yazıb. K.Karapetyan ölkənin yeni baş naziri Nikol Paşinyanı təbrik edib: "Hamınıza tənqidinizə, ruhlandırıcı sözlərinizə və dəstəyinizə görə təşəkkür edirəm. Bu çox maraqlı və məsuliyyətli dövr idi. Yeni baş naziri təbrik edirəm. Ona və sonrakı baş nazirlərə uğurlar arzulayıram”.

Azər
banner

Oxşar Xəbərlər