• cümə, 19 Aprel, 15:22
  • Baku Bakı 25°C

Paşinyan sabiq baş prokuroru da həbs etdirmək istəyir

27.11.19 16:43 753
Paşinyan sabiq baş prokuroru da həbs etdirmək istəyir
Ekspertlər hazırda Moskvaya sığınan Gevork Kostanyanın Terevana qayıdacağına inanmırlar

Nikol Paşinyanla əvvəlki hakimiyyət arasında fərq nədədir? Belə bir sualla "Erkramas” erməni nəşri çıxış edib. Məqalədə vurğulanır ki, Paşinyan hakimiyyətə gəldiyi gündən yalnız və yalnız əvvəlki hakimiyyət haqqında danışır. Bir çoxları belə qənaətə gəliblər ki, onun hakimiyyətinin əvvəlkindən heç bir fərqi yoxdur. Ardınca da misallar çəkilir. Məsələn, keçmiş prokuror Gevork Kostanyanla bağlı məsələ daha çox qabardılır. Hakimiyyət dəyişikliyindən sonra o, Paşinyana çoxsaylı mesajlar göndərirdi ki, yeni hakimiyyətlə əməkdaşlıq edə bilər. Paşinyanın tərəfdarları da Kostanyanın mesajlarını müsbət qarşılayırdılar. Seçkiqabağı siyahılar formalaşdırılanda "Mənim addımım” bloku hətta Kostanyanın namizədliyi məsələsini müzakirə belə edirdi. Yalnız son anda bəlli olmayan səbəblər üzündən onun namizədliyi qəbul edilmədi. Kostanyan o zaman belə bir bəyanat verdi ki, ona xaricdən dəvət gəlib və burada ona iş təklifi olmasa, ölkəni tərk edib gedəcək. Ola bilsin ona hər hansı bir təklif gəlmədiyindən də Ermənistanı tərk etməyə üstünlük verdi. Lakin bu yaxınlarda yenidən müsahibə verərək 1 mart hadisələri ilə bağlı təhqiqat işinin gedişi ilə bağlı narazılığını bildirərək, bir sıra epizodların ora daxil edilmədiyini bildirdi. Hətta onları şübhə altına da aldı. Ola bilsin Kostanyanın bu çıxışı hakimiyyət orqanlarına xoş gəlməyib və bu səbəbdən də onu cəzalandırmaq qərarına gəliblər. Xüsusi İstintaq Xidmətinin mətbuat katibi Marina Ohanjanyan bildirib ki, Kostanyan 2008-ci ilin 1 mart hadisələri ilə bağlı cinayət işinə müqəssir kimi cəlb olunub. Sabiq baş prokurora ittihamın təqdim edilməsi üçün istintaq orqanına gəlmək üçün 48 saat vaxt verilib. G.Kostanyana qarşı hansı maddə üzrə ittiham irəli sürüləcəyi hələ bildirilmir.
Qeyd edək ki, G.Kostanyan 2016-cı ilin 4 avqustunda səhhətində problemin yarandığını əsas göstərərək Ermənistanın baş prokuroru vəzifəsindən istefa verib.Cinayət işi ilə bağlı Ermənistanın o zamankı rəhbərliyində təmsil olunmuş bir sıra şəxslər həbs edilib.
Müəllif "baxın "yeni Ermənistan”da hakimiyyətə qarşı çıxanlara qarşı necə mübarizə aparılır. Analoji oyun qaydaları əvvəl də olub. Lakin o zaman bunu bir qədər yumşaq formada edirdilər. Paşinyan və ətrafı ola bilsin bunu "formallıqları” lazımsız hesab edir və göstərmək istəyiblər ki, "yeni Ermənistan”da qanun deyil, onların siyasi kaprizləri əsas rol oynayır. Özü də bu siyasi kapriz haqq-hesab çəkmək deməkdir. Bildirmək istəyirlər ki, ölkədə qanunları qulaqardına vururlar. Ölkədə hətta proseslərə maraq göstərmək istəməyənlər belə görürlər ki, qanunları açıq şəkildə saya salmırlar” deyə yazır. Əlavə edir ki, "Nikol Paşinyanın ümidləri - kütlədir. Hakimiyyət üçün qanun ikinci dərəcəlidir. Əsas tələb keçmiş hakimiyyətdə təmsil olunanların cəzalandırılması, həmin şəxslərin mənimsədikləri vəsaitləri öz aralarında bölüşdürməkdir. Hələ ki, bu təbəqənin Paşinyandan müəyyən gözləntiləri qalıb, lakin bu gözləntilər qurtardıqda onlar hesabat tələb edəcəklər. Əgər insanları "qanunun tələbləri” ilə cəzalandırmayacaqlarsa, onda bumeranq effekti yaranacaq. Reallıq belədir”.
"1in.am” saytı yazır ki, jurnalistlər hazırda Moskvada olan sabiq baş prokuror Kostanyandan onun barəsində qaldırılan cinayət işinə münasibət öyrənməyə çalışıblar. "Mən dəfələrlə bildirmişəm ki, burada mühazirələrimi başa vurub Ermənistana dönəcəm”, - deyə o bildirib. Lakin erməni saytı bu qənaətə gəlib ki, Gevorkyan heç bir halda ölkəyə qayıtmayacaq: "Onun guya Rusiya Prokurorluq Akademiyasında mühazirə dediyi barədə bəyanatı bəhanədir. Qəribədir ki, peşəkar hüquqşünas Rusiya Prokurorluq Akademiyası qarşısında öhdəliyi olduğunu bildirir, lakin unudur ki, hər bir qanuna hörmət edən vətəndaş ilk növbədə ölkəsi qarşısında, qanunlar qarşısında öhdəlik götürüb. Bəllidir ki, Kostanyan Serj Sarkisyanın sifarişi ilə işlər görüb və onun saxlanılması eks-prezidentə qarşı ittihamlar irəli sürülməsinə səbəb ola bilər. Digər tərəfdən, Kostanyanın səyləri ilə 1 mart hadisələri ilə bağlı Koçaryanın cinayətlərini sübut edən faktlar "təmizlənib””. Nəşr yazır ki, Rusiya hakimiyyət orqanları 1 mart hadisələri ilə bağlı ittiham olunan növbəti şəxsi qoruyub saxlayacaq. Moskvan artıq bu cinayətdə ittiham olunanların " toplanış məntəqəsinə” çevrilir.
Daha sonra bildirilir ki, hakimiyyətin repressiyaları səngimək bilmir. Bu dəfə Ermənistanın axtarışda olan sabiq deputatı Levon Sarkisyan Rusiyada saxlanılıb. "Alrahatsi Levik" ləqəbi ilə tanınan sabiq deputat 11 il əvvəl Ermənistan Gömrük Xidmətinin keçmiş rəhbəri Armen Avetisyanın malikanəsinə hücumla əlaqədar açılan cinayət işində təqsirləndirilir. Axtarışa verilən L.Sarkisyana Ermənistan Cinayət Məcəlləsinin sağlamlığa ağır zərər vurma və soyğunçuluq, o cümlədən cinayətkar qrup yaratmaq və orada iştirak etmək maddələri ilə iş açılıb. İki çağırış parlament üzvü olan Levon Sarkisyan Ermənistan Respublika Partiyasının fraksiyasının üzvü və sabiq prezident Serj Sarkisyanın "xaç oğlu”dur. İlkin məlumatlara görə, 2008-ci ilin oktyabrında törədilən soyğunçuluğu Sarkisyan sifariş edib. Üç il sonra, 2011-ci ilin may ayında cinayətkar dəstənin 10 üzvü uzunmüddətli həbs cəzasına məhkum edilib. Bu hücumdan əvvəl qrup artıq digər ağır cinayətlər də törədib. Bu faktlar əsasında açılan cinayət işi çərçivəsində 2018-ci ilin oktyabr ayında Sarkisyanın evində axtarışlar aparılıb və orada arsenal - AK-74 Kalaşnikov silahı, qumbaraatan, 4000-dən çox müxtəlif növ kalibrlər tapılıb. Daha sonra müəyyən ekspertizalar təyin edilib. Uzun müddət ölkədə olmadığını üçün onun axtarışa verilməsi barədə qərar qəbul edilib və barəsində həbs qətimkan tədbiri seçilib. Sonda o da qeyd edilir ki, Ermənistan hakimiyyətdən Avropa İnsan Haqları Məhkəməsinə şikayətlərin sayı da artıb. Bura əsasən əvvəlki hakimiyyətdə təmsil olunan şəxslərin şikayətləri daxildir.
Azər Nuriyev
banner

Oxşar Xəbərlər