• çərşənbə axşamı, 23 aprel, 17:20
  • Baku Bakı 24°C

Paşinyan-Saakyan qarşıdurması nə ilə nəticələnəcək?

04.12.18 20:05 1229
Paşinyan-Saakyan qarşıdurması nə ilə nəticələnəcək?
Ermənistanda hakimiyyət dəyişikliyindən sonra yeni baş nazir Paşinyanla Qarabağdakı qondarma rejimin rəhbərliyi arasındakı münasibətlər diqqət mərkəzinə gəldi. Bu iki tərəf Ermənistanda keçiriləcək parlament seçkilərinə qədər sakitliyi qoruyub saxlamağa qeyri-rəsmi razılaşsalar da, bu, baş vermədi. Belə ki, seçki təbliğatının gedişində Dağlıq Qarabağla bağlı gözlənilməz situasiya üzə çıxdı və iki tərəf arasında söz atışması başladı. Bunun ardınca isə Nikol Paşinyan "Dağlıq Qarabağ” rəhbərliyindən izahat tələb etdi.
Onu qeyd edək ki, bu ilin iyununda Xankəndidə Bako Saakyan rejiminə qarşı aksiyalar keçirildi və sonra sakitlik yarandı. Paşinyanın gözlənilmədən növbədənkənar seçkilərin 2019-cu ilin yazında deyil, bu il dekabrın 9-da keçiriləcəyini bəyan etməsi isə B.Saakyanı da hərəkətə gətirdi. O bundan sonra müxtəlif səfərlərə getdi və "görüşlər” keçirərək mediada yayılmasını təmin etdi. Görünən budur ki, Ermənistan hakimiyyəti ilə Qarabağ separatçıları arasında uçurum dərinləşməkdədir. B.Saakyan Paşinyana güc göstərir. Belə ki, Paşinyanın planlarını pozmaq üçün baş separatçı "oyun" oynamağa başlayıb. Maraqlıdır, Paşinyan-Saakyan qarşıdurmasının kökündə nə dayanır və bu qarşıdurma nə ilə nəticələnəcək?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxovbildirdi ki, Paşinyanın ilk gündən öz tərəfdarlarını ətrafına toplamaq istəyi hiss olunurdu: "Təbii ki, Yerevanda mitinqlərin ardından Paşinyan baş nazir seçildi. Amma Dağlıq Qarabağda separatçılara hələ keçmiş rejimin tərəfdarları rəhbərlik edir. Paşinyana bir bəhanə lazımdır ki, onları tərpətsin, uzaqlaşdırsın. Bir sözlə, öz tərəfdarlarını qondarma rejimin rəhbərliyinə gətirsin. Lakin ilk mərhələlərdə bu alınmadı. Görünür, Bako Saakyan özü hücuma keçdi və xaricə gedərək oradakı müəyyən dairələrlə bir sıra görüşlər keçirdi. Amma düşünmürəm ki, Bako Saakyanın bu addımı ona kömək edə bilər. Çünki Yerevandakı Paşinyan hakimiyyəti onu uzaqlaşdırmaq istəyirsə, əminəm ki, bu addım atılacaq. Ona görə ki, Qarabağ separatçılarının bir sıra səhvləri olub və Paşinyanın xoşuna gəlməyən addımlar atırlar. Hesab edirəm ki, bu, seçkidən sonra baş tutacaq. Çünki indi Paşinyan tərəfindən əsas məqsəd seçkilərdə çoxluğun səsini qazanmaqdır. Bundan sonra Bako Saakyanın tam mənada taleyi həll olunacaq və onun tərəfdarları uzaqlaşdırılacaq”.

Politoloq vurğuladı ki, Bako Saakyan getdikdən sonra da Qarabağ separatçılarının kursu dəyişməyəcək: "Onlar separatçılıq planlarından imtina etməyəcək. Bu, "hakimiyyət”dəkilərdən asılı olmayaraq, özü-özlüyündə bir ssenaridir, plandır. Amma eyni zamanda orada güclü və ya zəif rəhbər ola bilər. Bunu artıq gələcək göstərəcək. Düşünmürəm ki, bu istiqamətdə də hansısa bir dəyişikliklər baş versin. Çünki bu artıq hakimiyyət daxilində gedən bir mübarizədir və Saakyanın hansısa başqa bir fiqurla dəyişilməsi heç də o demək deyil ki, onlar öz kurslarından uzaqlaşırlar, yaxud imtina edirlər. Əsas məsələ budur ki, Paşinyana onun sözünə baxan, bütün tapşırıqlarını dərhal yerinə yetirən və keçmiş rejimlə əlaqəli olmayan insanlar lazımdır”.
F.Sadıxov vurğuladı ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına baş katib seçilməsi məsələsinin Paşinyan və Bako Saakyan arasındakı münasibətlərə heç bir bağlılığı yoxdur: "Burada əsas məsələ Paşinyanın öz reytinqini müəyyən səviyyədə saxlamasır. Onun irəli sürdüyü təkliflərin KTMT tərəfindən qəbul edilməsi isə heç də asan məsələ deyil. Artıq Belarusla Qazaxıstan bu məsələyə "yox” deyib. Paşinyan başa düşməlidir ki, onun KTMT baş katibi postuna yenidən öz adamını təsdiq etdirməsi çox mürəkkəb məsələ olacaq. Çünki faktiki olaraq Qazaxıstanla Belarus nümayiş etdirdi ki, onlar Ermənistan nümayəndəsini bu vəzifədə görmürlər”.

Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov bildirdi ki, Ermənistanda seçkilər yaxınlaşdıqca, siyasi düşərgələr arasında vəziyyət gərginləşməkdədir: "Təbii ki, Paşinyan və onun komandası ilə Ermənistandakı keçmiş siyasi rejimin qalıqları arasında problemlər üzə çıxmaqdadır. Parlament seçkilərinin nəticələrindən asılı olaraq, Paşinyan hakimiyyətə gəldikdən sonra bu konflikt daha da alovlanacaq. Məsələ ondadır ki, Paşinyan Ermənistanda Respublikaçılar Partiyasına, "Qarabağ klanı”na aid olan demək olar ki, bütün şəxsləri ayrı-ayrı sahələrdən uzaqlaşdırmışdı. Artıq növbə Dağlıq Qarabağ rejiminindir. "Dağlıq Qarabağ”da Bako Saakyan keçmiş "Qarabağ klanı”nı təmsil edir. Elə "Sasna Tser” partiyası da təsadüfən bildirməmişdi ki, növbəti addım Qarabağda inqilabın baş verməsidir və orada tezliklə seçkilər keçirilərək Bako Saakyandan yaxa qurtarmaqdır. Təsadüfi deyil ki, Bako Saakyan da tez bir zamanda Moskvaya getdi. Çünki Qarabağ rejiminin müdafiəsində, ümumiyyətlə onların qalmasında Rusiya faktoru tarixən böyük rol oynayıb”.
Z.Məmmədovun sözlərinə görə, yaxın vaxtlarda "Qarabağ klanı” ilə Ermənistan erməniləri arasında çox böyük problemlərin yaranması heç də istisna deyil: "Əslində "Qarabağ klanı” da yerində saymayıb. İndi kütlə Paşinyanın tərəfindədir və bu klan səssizliyə qapanıb. Amma hazırlıq prosesi gedir. Onların məqsədi gələcəkdə Paşinyandan revanş almaqdır”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər