Paşinyan repressiiv addımlara start verdi
Eks-prezident Robert Koçaryanı azadlığa buraxan hakim heyətinə qarşı
"inqilabçı” baş nazir Nikol Paşinyanın hücuma keçəcəyi barədə proqnozlar özünü
doğruldub. Erməni mediasının yazdığı xəbərlərə görə, Robert Koçaryanı zaminə
buraxan məhkəmənin hakimi David Qriqoryanın kabinetində axtarış aparılıb və
qapısı möhürlənib. "Sputnik Armeniya” xəbər verir ki, Ermənistan Xüsusi
İstintaq Xidmətinin mətbuat katibi Marina Ohancanyan məlumatı təsdiqləyib. O,
məsələ ilə bağlı əlavə məlumat vermədən deyib: "Axtarış bizim nəzarətimizdə
olan iş çərçivəsində aparılıb”. Qeyd edək ki, mayın 20-də Yerevan məhkəməsinin
hakimi David Qriqoryan Koçaryanın zaminə buraxılması barədə qərar qəbul
etmişdi.
İyunun 25-də isə Apelyasiya Məhkəməsi Qriqoryanın qərarını ləğv edərək
keçmiş prezidenti yenidən həbs edib. Beləliklə, reallıq belədir ki, bu gün
"müstəqil Ermənistan”da məhkəmə orqanları, hakimlərə təzyiqlər görünməmiş
həddə çatıb. İlk dəfə Koçaryan azadlığa çıxanda çoxları bu qərarın arxasında
Rusiyanın təzyiqlərinin olduğu qənaətində idi. Baş nazir də məhkəmənin
qərarından sonra hakimlərə təzyiqlərə yol vermiş, hətta məhkəmə binasını da ələ
keçirmək tapşırığını vermişdi. Ardınca da, qərbyönümlü imicinə son qoyan Nikol,
bütün siyasətini moskvayönümlü etməyə start verdi. Baş nazir gözəl başa düşürdü
ki, Rusiya onu devirməyə və yerinə Koçaryanı təyin etməyə çalışır. Bu səbəbdən
də Kremllə münasibətlərini normallaşdırmağa üstünlük verdi. Görünür, elə bu
səbəbdəndir ki, ikinci dəfə Koçaryanı həbs edəndə Moskvadan hər hansı bir
narazılıq daxil olmadı. Udan hər iki tərəf oldu - Moskva istəyinə çatdı,
Paşinyan da ciddi rəqibini zərərsizləşdirdi. Paşinyan üçün Koçaryanın həbsi
həmdə ona görə zəruri idi ki, onun hakimiyyətinə qarşı sərt çıxışlara son
qoysun. Koçaryan dəfələrlə bəyan edib ki, indiki hakimiyyət o qədər vədlər
verib, amma heç biri yerinə yetirilməyib.
Bəlli olduğu kimi, Koçaryana qarşı əsas ittihamlardan biri 2008-ci
ilin mart hadisələri ilə bağlıdır. Ermənistan xüsusi xidmət orqanları bu
günlərdə 2008-ci ilin martında baş verən aksiyaların dağıdılmasına ordunun da
cəlb edildiyi ilə bağlı faktları təsdiqləyib.
Xatırladaq ki, xüsusi istintaq qrupu Koçaryana qarşı konstitusiya
quruluşunun devrilməsi ilə də bağlı ittiham irəli sürüb. Noyabrın 15-də
Ermənistanın Kassasiya Məhkəməsi baş prokurorun, Apelyasiya Məhkəməsi
tərəfindən Koçaryanın həbsinin ləğvi barədə çıxardığı qərardan verdiyi şikayəti
qismən təmin edib və işi təkrar istintaqa göndərib. Ermənistan xüsusi istintaq
xidmətinin rəisi Sasun Xaçatryan yerli kanallardan birinə verdiyi açıqlamasında
bunu doğru hesab etmədiyini bildirib. Onun sözlərinə görə, Robert Koçaryan 10
il əvvəl baş verən dövlət terrorunun iştirakçılarındandır. Məhz onun tapşırığı
ilə dinc aksiyaların dağıdılmasına ordu da cəlb olunub. İstintaqda buna dair
dəlillər var. 1 mart hadisələri ilə bağlı qaldırılan cinayət işi üzrə
araşdırmalar davam etdiyindən, ictimaiyyətə tam açıqlama verilmir.
"Bir nəfərin avantürası üzündən dövlətçiliyi itirə və
fövqəldövlətlərin əlində xırda pula çevrilə bilərik. Siyasi iradə nümayiş
etdirməli, zorla ələ keçirilən hakimiyyəti azad etməli və konstitusiya
quruluşunu bərpa etməliyk”. Bu sözləri siyasi şərhçi Menua Arutunyan bəyan
edib. "livenews.am”in efirində o bildirib ki, Ermənistanda hakimiyyət
konstitusiya quruluşunun ləğvi ilə zorla ələ keçirilib: "Nikol Paşinyan Qərbə,
ölkədə baş verənləri məxməri inqilab kimi yeritməyə çalışır. Qərbi isə baş
verənlər narahat belə eləmir”. Onun sözlərinə görə, Qərb mütəmadi olaraq
Paşinyana mesaj göndərir ki, ondan demokratik deyil, anti-Rusiya proseslər
gözləyir. "Buna qədər isə bir qəpik də vəsait verməyəcək. Yəni, Qərb Paşinyandan
Ermənistanda anti-Rusiya əhval-ruhiyyəni qaldırmağı gözləyir. Hər dəfə də
Paşinyan Rusiya ilə münasibətləri normallaşdırmağa cəhd edəndə, o zaman
Ermənistanı ciddi təhlükə altına alır. Bu səbəbdən bir tərəfdən Qərb, digər
tərəfdən də Rusiya Ermənistana etibar etməməyə başlayıb. Belə bir vəziyyətdə də
Nikol ya hakimiyyətdən imtina etməlidir, ya da öz hakimiyyətini qorumaq üçün
ölkəni təhlükə altına salmalıdır”, - deyə siyasi ekspert vurğulayıb. Ekspert
belə bir durumda "Sasna Çrer” qruplaşmasının
Nikolun inqilab ideyalarını satması barədə bəyanatını da təsadüfi
saymır: "Hərəkat yaydığı bəyanatda bildirib ki, Paşinyan Kremlə işləməkdə davam
edir, Ermənistanı Rusiyadan ayırmır. Bu o deməkdir ki, Qərb Paşinyana etibar
etməməklə, öz təsir rıçaqlarını ictimai təşkilatlar hesabına işə salır. Konkret
olaraq, anti-Rusiya mövqeli "1in.am”, "Azatutyun” və s. media qurumlarından
söhbət gedir. Bu səbəbdən də Paşinyanın hakimiyyətdə qalması üçün başlıca
vəzifəsi həm Rusiya, həm də Qərbə xoş gəlməkdir”. Lakin Arutunyan əmindir ki,
bu da Paşinyanda alınmayacaq.
Ən son məlumatlara görə, Nikol Paşinyanın, xarici ölkələrdə fəaliyyət
göstərən erməni səfirləri XİN-nin binasında qapalı iclasa topladığı barədə
xəbərlər yayılıb. Bu haqda məlumatı erməni mətbuatı yayıb. Görüşün detalları və
keçirilmə səbəbi gizli saxlanılır. Media nümayəndələrinin əldə etdiyi məlumata
görə, görüşə müdafiə naziri də dəvətlidir. Ardınca da baş nazir Ermənistan
Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı Azərbaycanın işğal edilmiş
Qarabağ bölgəsinə göndərib. Qriqoryan Qarabağda separatçıların lideri Bako
Saakyanla görüşüb. Görüş zamanı əsasən təhlükəsizlik sferasındakı məsələlərin
müzakirə edildiyi bildirilib.
Qriqoryan-Saakyan görüşündə "dqr”in "təhlükəsizlik şurası”nın katibi
Arşavir Qaramyan da iştirak edib.
Paşinyandan növbəti avantürist
addım AES tikintisi ilə bağlıdır. O, ölkəni bürüyün enerji qəzaları və
problemlərdən çıxış yolunu yeni atom elektrik stansiyasının (AES) tikintisində
görür. Məlumata görə, Rusiyanın bu layihədə mümkün iştirakı ilə əlaqədar Moskva
ilə danışıqlar aparır. RİA Novosti xəbər verir ki, bunu Ermənistan Baş
nazirinin müavini Tiqran Avinyan deyib. O bildirib ki, Ermənistan atom
enerjisindən imtina etmək istəmir. T.Avinyanın sözlərinə görə, Ermənistanda
"Metsamor” AES bağlandıqdan sonra yenisinin tikintisi imkanları nəzərdən
keçiriləcək: "Rusiyalı tərəfdaşlarla bu mövzunu müzakirə etməyə hazırıq. Artıq
danışıqlar aparılır”. Qeyd edək ki, "Metsamor” AES hazırda region üçün ciddi
təhlükə mənbəyidir.
Azər NURİYEV