“Paşinyan papağını qarşısına qoyub düşünməlidir”
Ermənistanın baş naziri Nikol Paşinyanın beynəlxalq aləmə növbəti
dəfə qondarma rejimin danışıqlarda iştirakı ilə bağlı sırımaq istədiyi arzusu etirazla
qarşılaşdı. Avropadan bu məsələyə dəstək ala bilməyən Paşinyan ATƏT-in Minsk
qrupu həmsədrlərindən də eyni cavabı eşitdi. Buna baxmayaraq, Paşinyan
Azərbaycan rəhbərliyi ilə nəzərdə tutulan danışıqlar ərəfəsində Təhlükəsizlik Şurasının
fövqəladə toplantısını işğal olunmuş Xankəndində keçirdi. Əslində bütün bunlar
onu göstərir ki, Paşinyan danışıqlar məsələsində dalana dirənib və vəziyyətdən
çıxmaq üçün vurnuxur.
BƏXTİYAR
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, N.Paşinyanın
Ermənistan, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində
atdığı addımlar olduqca ziddiyyətlidir: "Yəni hakimiyyətə gələr-gəlməz əsas
tezislərindən biri o oldu ki, Dağlıq Qarabağın adından danışmağa mandatı yoxdur
və qondarma rejim tərəf kimi danışıqlar prosesində iştirak etməlidir. Lakin
görəndə ki, Azərbaycan prezidentinin çox qətiyyətli, prinsipial mövqeyi var, o
zaman Paşinyan əvvəlki fikirlərindən geri çəkildi. Lakin sonradan yenidən köhnə
ampluasına qayıtdı və Tehranda erməni icması ilə görüşündə söylədi ki,
Azərbaycana bir qarış da torpaq qaytarılmayacaq və Dağlıq Qarabağ danışıqlarda
tərəf olmalıdır. Lakin onun bu bəyanatı Avropadan çox ciddi təzyiqlərlə
qarşılandı. Paşinyanın Brüssel səfəri zamanı Avropa İttifaqının xarici siyasət
və təhlükəsizlik məsələləri üzrə komissarı Federika Mogerini vurğuladı ki, heç
bir ilkin şərt olmadan danışıqlara qatılmaq lazımdır. Eyni zamanda, Avropa
İttifaqının genişlənmə və qonşuluq məsələləri üzrə komissarı Yohannes Han da eyni
mövqeni bildirdi. Bundan başqa, ATƏT-in sədri və Slovakiyanın xarici işlər
naziri Azərbaycan prezidenti ilə Bakıda görüşərkən söylədi ki, heç bir format
dəyişikliyi olmamalıdır və Dağlıq Qarabağ ayrıca tərəf kimi danışıqlarda
iştirak edə bilməz. Eləcə də ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatı bir
daha təsdiqlədi ki, danışıqların formatı dəyişilməməlidir və münaqişə
Ermənistan və Azərbaycan arasında həll edilməlidir. Bütün bunlardan sonra məlum
oldu ki, Paşinyan Azərbaycan prezidenti ilə danışıqlara getməyə hazırlaşır,
lakin bu danışıqlarda o, əsas mövzulardan biri kimi məhz format dəyişikliyi və
qondarma rejimin prosesə qatılması məsələsini gündəmə gətirəcək. Bu artıq Paşinyan
tərəfindən danışıqların pozulması üçün atılan bir addımdır. Belə vəziyyətdə
Paşinyan növbəti təxribatçı addıma imza atır. Yəni ölkəsinin Təhlükəsizlik Şurasının
fövqəladə toplantısını işğal altında olan Xankəndində keçirir. Bu addım
gözlənilən danışıqlar prosesinə arxadan zərbədir. Faktiki olaraq danışıqlardan
imtina anlamındadır. Bütün bunlardan sonra danışıqların keçirilməsinin nə
mənası qalır? Minsk qrupu da bu sualla cavab tapmalıdır”.
E.Nəsirov fikrincə, bütün bunlar onu göstərir ki, Ermənistanın yeni
rəhbərliyi münaqişənin həlli ilə bağlı sələflərinin taktikasına sadiqdir:
"Baxmayaraq ki, onları bəyənməyib hakimiyyətdən uzaqlaşdırmışdılar.
Keçmişdəkilərin siyasəti inqilaba gətirib çıxarmışdı və belə çıxır ki, Paşinyan
bu addımları ilə yeni inqilabın əsasını qoyur. Hesab edirəm ki, hadisələrin
bundan sonrakı inkişafına görə məsuliyyət Ermənistanın üzərinə düşür. ATƏT-in
Minsk qrupu son bəyanatından çıxış edərək yeni reallıqda Ermənistan hakimiyyətinə
təzyiq göstərməsə, onda öz dişsizliyi ilə hadisələrin ən mürəkkəb ssenari üzrə
inkişafı üçün münbit şərait yaratmış olacaq. Belə olan təqdirdə danışıqlar
mənasını itirir və yerini müharibəyə verir. Aprel döyüşləri isə onlara bir dərs
oldu. Fikrimcə, Paşinyan papağını qarşısına qoyub çox ciddi şəkildə düşünməlidir”.
Politoloq Elşad
Mirbəşiroğlu bildirdi ki, Paşinyan hələ hakimiyyətə yeni gələrkən danışıqlar
prosesində qondarma rejimin iştirak etməsinin vacibliyini vurğulayırdı: "Təbii
ki, bu yanaşma fonunda danışıqlarda bir nəticə əldə etmək olmazdı. Azərbaycan
isə münaqişənin dinc vasitələrlə beynəlxalq hüquq normaları çərçivəsində
tənzimlənməsini nümayiş etdirib və danışıqların mövcud formatını dəstəkləyib.
Paşinyan hakimiyyətə gəldikdən sonra bir sıra motivlərdən çıxış edərək qondarma
rejimin danışıqlar prosesində tərəf kimi qatılmasını istədi və o da sələfləri
kimi Qarabağ kartından öz hakimiyyətini saxlamaq üçün istifadə etdi. Bu da onu
göstərir ki, Paşinyan münaqişənin danışıqlar yolu ilə tənzimlənməsində real
addımlar atmaq iradəsinə malik deyil. Nəzərə almaq lazımdır ki, Paşinyanın
sərgilədiyi mövqe beynəlxalq səviyyədə birmənalı olaraq qəbul edilmir. Onu qeyd
etmək lazımdır ki, Avropa İttifaqının rəsmiləri də formatın dəyişdirilməsinə
qəti şəkildə etiraz etmişdilər. Bu, beynəlxalq müstəvidə Paşinyanın aldığı ilk
zərbə idi. Növbəti zərbə isə bölgəyə səfərdən sonra ATƏT-in Minsk qrupunun
bəyanatı oldu. Bu bəyanatda da göstərildi ki, danışıqların formatını dəyişmək
olmaz. Onu vurğulayaq ki, bu məsələ Ermənistan parlamentində çox ciddi şəkildə
müzakirə olundu. Ermənistan parlamenti və hökuməti yaxşı anlayır ki, bu bəyanat
Paşinyan siyasətinin fiaskosu idi”.
E.Mirbəşiroğlu qeyd etdi ki, Paşinyan çıxış yolunu Təhlükəsizlik Şurasının
toplantısını işğal altında olan Xankəndinə salmaqda gördü: "Bu, çıxılmaz
durumda olan Paşinyanın alternativ addımı kimi qiymətləndirilə bilər. Hesab
edirəm ki, bununla da o, əvvəl dediklərinə ciddi bir paradoks yaradacaq əsas
formalaşdırdı. Yəni, buna qədər qondarma rejimi ayrıca bir tərəf kimi təqdim edirdi,
Ermənistanın məsuliyyətini azaldırdı, amma indi əksini sübut etdi. Təhlükəsizlik
Şurasının toplantısını Xankəndinə keçirməklə bir daha sübut etdi ki, Ermənistan
işğalçı ölkədir, beynəlxalq səviyyədə tanınmış Azərbaycan torpaqlarının işğal
altında saxlanmasında ölkəsi birbaşa iştirak edir. Bu baxımdan hesab edirəm ki,
Paşinyan bir daha daxili və xarici siyasətdə öz naşılığını nümayiş etdirir”.
BƏXTİYAR