• cümə, 19 Aprel, 11:52
  • Baku Bakı 13°C

“Paşinyan papağını qarşısına qoyub düşünməlidir”

12.03.19 21:06 651
“Paşinyan papağını qarşısına qoyub düşünməlidir”
Ermənistanın baş naziri Nikol Paşinyanın beynəlxalq aləmə növbəti dəfə qondarma rejimin danışıqlarda iştirakı ilə bağlı sırımaq istədiyi arzusu etirazla qarşılaşdı. Avropadan bu məsələyə dəstək ala bilməyən Paşinyan ATƏT-in Minsk qrupu həmsədrlərindən də eyni cavabı eşitdi. Buna baxmayaraq, Paşinyan Azərbaycan rəhbərliyi ilə nəzərdə tutulan danışıqlar ərəfəsində Təhlükəsizlik Şurasının fövqəladə toplantısını işğal olunmuş Xankəndində keçirdi. Əslində bütün bunlar onu göstərir ki, Paşinyan danışıqlar məsələsində dalana dirənib və vəziyyətdən çıxmaq üçün vurnuxur.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, N.Paşinyanın Ermənistan, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində atdığı addımlar olduqca ziddiyyətlidir: "Yəni hakimiyyətə gələr-gəlməz əsas tezislərindən biri o oldu ki, Dağlıq Qarabağın adından danışmağa mandatı yoxdur və qondarma rejim tərəf kimi danışıqlar prosesində iştirak etməlidir. Lakin görəndə ki, Azərbaycan prezidentinin çox qətiyyətli, prinsipial mövqeyi var, o zaman Paşinyan əvvəlki fikirlərindən geri çəkildi. Lakin sonradan yenidən köhnə ampluasına qayıtdı və Tehranda erməni icması ilə görüşündə söylədi ki, Azərbaycana bir qarış da torpaq qaytarılmayacaq və Dağlıq Qarabağ danışıqlarda tərəf olmalıdır. Lakin onun bu bəyanatı Avropadan çox ciddi təzyiqlərlə qarşılandı. Paşinyanın Brüssel səfəri zamanı Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Federika Mogerini vurğuladı ki, heç bir ilkin şərt olmadan danışıqlara qatılmaq lazımdır. Eyni zamanda, Avropa İttifaqının genişlənmə və qonşuluq məsələləri üzrə komissarı Yohannes Han da eyni mövqeni bildirdi. Bundan başqa, ATƏT-in sədri və Slovakiyanın xarici işlər naziri Azərbaycan prezidenti ilə Bakıda görüşərkən söylədi ki, heç bir format dəyişikliyi olmamalıdır və Dağlıq Qarabağ ayrıca tərəf kimi danışıqlarda iştirak edə bilməz. Eləcə də ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatı bir daha təsdiqlədi ki, danışıqların formatı dəyişilməməlidir və münaqişə Ermənistan və Azərbaycan arasında həll edilməlidir. Bütün bunlardan sonra məlum oldu ki, Paşinyan Azərbaycan prezidenti ilə danışıqlara getməyə hazırlaşır, lakin bu danışıqlarda o, əsas mövzulardan biri kimi məhz format dəyişikliyi və qondarma rejimin prosesə qatılması məsələsini gündəmə gətirəcək. Bu artıq Paşinyan tərəfindən danışıqların pozulması üçün atılan bir addımdır. Belə vəziyyətdə Paşinyan növbəti təxribatçı addıma imza atır. Yəni ölkəsinin Təhlükəsizlik Şurasının fövqəladə toplantısını işğal altında olan Xankəndində keçirir. Bu addım gözlənilən danışıqlar prosesinə arxadan zərbədir. Faktiki olaraq danışıqlardan imtina anlamındadır. Bütün bunlardan sonra danışıqların keçirilməsinin nə mənası qalır? Minsk qrupu da bu sualla cavab tapmalıdır”.
E.Nəsirov fikrincə, bütün bunlar onu göstərir ki, Ermənistanın yeni rəhbərliyi münaqişənin həlli ilə bağlı sələflərinin taktikasına sadiqdir: "Baxmayaraq ki, onları bəyənməyib hakimiyyətdən uzaqlaşdırmışdılar. Keçmişdəkilərin siyasəti inqilaba gətirib çıxarmışdı və belə çıxır ki, Paşinyan bu addımları ilə yeni inqilabın əsasını qoyur. Hesab edirəm ki, hadisələrin bundan sonrakı inkişafına görə məsuliyyət Ermənistanın üzərinə düşür. ATƏT-in Minsk qrupu son bəyanatından çıxış edərək yeni reallıqda Ermənistan hakimiyyətinə təzyiq göstərməsə, onda öz dişsizliyi ilə hadisələrin ən mürəkkəb ssenari üzrə inkişafı üçün münbit şərait yaratmış olacaq. Belə olan təqdirdə danışıqlar mənasını itirir və yerini müharibəyə verir. Aprel döyüşləri isə onlara bir dərs oldu. Fikrimcə, Paşinyan papağını qarşısına qoyub çox ciddi şəkildə düşünməlidir”.
Politoloq Elşad Mirbəşiroğlu bildirdi ki, Paşinyan hələ hakimiyyətə yeni gələrkən danışıqlar prosesində qondarma rejimin iştirak etməsinin vacibliyini vurğulayırdı: "Təbii ki, bu yanaşma fonunda danışıqlarda bir nəticə əldə etmək olmazdı. Azərbaycan isə münaqişənin dinc vasitələrlə beynəlxalq hüquq normaları çərçivəsində tənzimlənməsini nümayiş etdirib və danışıqların mövcud formatını dəstəkləyib. Paşinyan hakimiyyətə gəldikdən sonra bir sıra motivlərdən çıxış edərək qondarma rejimin danışıqlar prosesində tərəf kimi qatılmasını istədi və o da sələfləri kimi Qarabağ kartından öz hakimiyyətini saxlamaq üçün istifadə etdi. Bu da onu göstərir ki, Paşinyan münaqişənin danışıqlar yolu ilə tənzimlənməsində real addımlar atmaq iradəsinə malik deyil. Nəzərə almaq lazımdır ki, Paşinyanın sərgilədiyi mövqe beynəlxalq səviyyədə birmənalı olaraq qəbul edilmir. Onu qeyd etmək lazımdır ki, Avropa İttifaqının rəsmiləri də formatın dəyişdirilməsinə qəti şəkildə etiraz etmişdilər. Bu, beynəlxalq müstəvidə Paşinyanın aldığı ilk zərbə idi. Növbəti zərbə isə bölgəyə səfərdən sonra ATƏT-in Minsk qrupunun bəyanatı oldu. Bu bəyanatda da göstərildi ki, danışıqların formatını dəyişmək olmaz. Onu vurğulayaq ki, bu məsələ Ermənistan parlamentində çox ciddi şəkildə müzakirə olundu. Ermənistan parlamenti və hökuməti yaxşı anlayır ki, bu bəyanat Paşinyan siyasətinin fiaskosu idi”.
E.Mirbəşiroğlu qeyd etdi ki, Paşinyan çıxış yolunu Təhlükəsizlik Şurasının toplantısını işğal altında olan Xankəndinə salmaqda gördü: "Bu, çıxılmaz durumda olan Paşinyanın alternativ addımı kimi qiymətləndirilə bilər. Hesab edirəm ki, bununla da o, əvvəl dediklərinə ciddi bir paradoks yaradacaq əsas formalaşdırdı. Yəni, buna qədər qondarma rejimi ayrıca bir tərəf kimi təqdim edirdi, Ermənistanın məsuliyyətini azaldırdı, amma indi əksini sübut etdi. Təhlükəsizlik Şurasının toplantısını Xankəndinə keçirməklə bir daha sübut etdi ki, Ermənistan işğalçı ölkədir, beynəlxalq səviyyədə tanınmış Azərbaycan torpaqlarının işğal altında saxlanmasında ölkəsi birbaşa iştirak edir. Bu baxımdan hesab edirəm ki, Paşinyan bir daha daxili və xarici siyasətdə öz naşılığını nümayiş etdirir”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər