• cümə, 19 Aprel, 04:47
  • Baku Bakı 18°C

Paşinyan onları səbirsizliklə gözləsə də...

23.01.20 17:07 4127
Paşinyan onları səbirsizliklə gözləsə də...
Ermənistanı tərk edənlərin geri dönməsi üçün hazırlanan proqramı reallaşdırmaq mümkün deyil

Son vaxtlar Ermənistanda repatriasiya (vətənə geri dönüş) barəsində çox danışılır və bu məsələ baş nazir Nikol Paşinyan hökumətində müzakirə olunan əsas mövzularından birinə çevrilib. Adətən repatriasiya ümumi tarixi köklü düşüncə tərzinə malik insanları əhatə etdiyindən, miqrasiyadan daha faydalı bir hal kimi götürülür. Lakin Ermənistanda bunun reallaşdırılması ideyası bir sıra əhəmiyyətli çətinliklərlə üzləşə bilər. Ermənistanın Diaspora Komitəsinin Avropa bölümünün rəhbəri Karen Avenisyanın sözlərinə görə, iyulun 1-dən "beyinlərin geri dönməsi” üzrə pilot proqramı start götürəcək. Eyni zamanda əcnəbi diasporanın Ermənistanın idarə olunmasında istifadə edilməsi potensialı nəzərdən keçiriləcək. Proqram cəmi bir il üçün nəzərdə tutulub. Bu müddət ərzində hakimiyyət orqanları SSRİ dağıldıqdan sonra Ermənistanı tərk edib gedənlərin gələcəkdə ölkəyə dönməsi üçün əsas olacaq layihələrin testdən keçirilməsinə çalışacaqlar. Lakin məsələ ondadır ki, ağır durum səbəbindən ölkəni tərk edib gedənlərin geri dönməsi üçün hazırlanan milli proqramlarda çoxsaylı problemlər mövcuddur. Söhbət onların geri dönməsi və adaptasiyası üçün şəraitin yaradılmasından gedir. Vətəndaşlığın alınması, torpaq məsələsi və işlə təmin olunma da ciddi problem kimi qalır. Bu problemlər Ermənistanda sistemli şəkildə heç zaman həllini tapmayıb. Heç regional səviyyədə belə buna nəzər salan olmayıb. Bu səbəbdən də, əvvəllər xaricdə yaşayan ermənilərin ölkəyə dönməsi üçün analoji proqramlar heç zaman işləməyib. Ölkəyə döndükdən sonra dərhal vətəndaşlıq almaq sxemi mövcud deyil. Belə baxanda, mühacirətin qlobal problemə çevrildiyi bir ölkə üçün belə bir sxem çoxdan işləməli idi. Lakin erməni bürokratiyası mütəmadi dəyişdiyi sənədlərlə saysız-hesabsız problemlər yaradır. Torpaq və mənzil məsələləri də mənəvi-etik problemlərlə çulğaşır - heç kim repatriant ailəsinə ən yaxşı torpaq sahəsi və ən yaxşı ev təklif etməyəcək. Onlar, sadəcə torpaq və mənzil fondundan ayrılacaq torpaq sahəsi ilə kifayətlənməli olacaq. Torpaq ayrılması məsələsi daha tez həllini tapa bilər - əgər repatriant işğal altında olan Azərbaycan torpaqlarında məskunlaşmaq istərsə. Lakin bu proqrama maraq kifayət qədər aşağı səviyyədədir. Belə ki, həddən artıq az sayda insan hərbi münaqişənin hər an başlaya biləcəyi ərazilərdə məskunlaşmağa tələsmir. Ən əsası həmin ərazilərdə işlə təminat Ermənistanın özü ilə müqayisədə çox aşağıdır. Təhsil sahəsində də ciddi problemlər qalmaqdadır. "Beyinləri geri qaytarmaq” üzrə təklif edilən proqram ümidverici görünmür. Neçə illər bundan əvvəl ölkəni tərk edib gedən istedadlı insanlar öz potensiallarını Ermənistanda tətbiq edə bilməzlər. Bunu Ermənistanın siyasi rəhbərliyi də gözəl anlayır. Ermənistanda ali təhsilin səviyyəsi çox zəifdir, proqramlar aşağı səviyyədədir və əksəriyyət xaricdə ezamiyyət keçməyə və işləməyə köklənib. Ölkə rəhbərliyi 30-dan artıq ölkə ilə dövlətlərarası proqramlar və ikitərəfli sazişlərə imza atıb. Həmin ikitərəfli sazişlərlə müvafiq təqaüd proqramları həyata keçirilir. Bu cür proqramlar Rusiya, Çin, Çexiya, Fransa, ABŞ, Belçika, İran, Sloveniya və başqa ölkələrlə həyata keçirilir. Lakin repatriantlar qarşısında belə bir məsələ durur – axı təhsil səviyyəsi xaricdəki təhsildən kifayət qədər geri qalan bir ölkəyə niyə qayıdasan? Gələcəyini heç bir perspektivi olmayan bir ölkə ilə niyə qurasan? Bir-iki il təhsil alan gənclər daha nüfuzlu ali məktəblərdə təhsil almağa üstünlük verəcəklər.
O ki qaldı sahibkarlara – onlar da repatriasiya məsələlərinə skeptik yanaşırlar. Belə ki, yarıblokada vəziyyətində olan ölkədə əvvəlki kimi, klançılıq və korrupsiyanın səviyyəsi yüksək olaraq qalır. Biznesin tətbiqi xüsusiyyətləri üzərində yüksək nəzarət qalmaqdadır. İstehsalın bütün mərhələlərində, xidmət və mallar üzərində, nəqliyyat daşınmalarında bunu müşahidə etmək mümkündür. Xidmət sahəsinin böyük bir hissəsi monopoliyadadır. Və yeni işə başlayan biznesmenlər iri şirkətlərlə rəqabət aparmalı olurlar. İqtisadi və nəqliyyat blokadası üzündən nəqliyyat yüklərinin qiyməti çox yüksəkdir. Ermənistanda iş qurmaq üçün etibarlı komanda gərəkdir – çünki savadlı və təcrübəli mütəxəssislər tapmaq problemli məsələdir. Təcrübəli, yüksək ixtisaslı işçilər başqa ölkələrə gedirlər. Mürəkkəb iqtisadi vəziyyət üzündən ölkədə kriminogen vəziyyət ağır olaraq qalır. Nəhayət, regionda qeyri-stabil siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmaması səbəbindən vəziyyətin gərginləşməsi ehtimalı güclü olaraq qalır. Məhz bu amil də bütövlükdə erməni repatriasiyasına ciddi təsir edir. Ən böyük əhali axını da məhz müstəqilliyin ilk illərində qeydə alınıb. Atəşkəs barədə saziş imzalandıqdan sonra ermənilər kütləvi şəkildə ölkəni tərk etməyə başladılar. Milli Statistika İdarəsinin rəsmi məlumatına görə, o zaman Ermənistanı 600 minə yaxın insan tərk edib. Qeyri-rəsmi rəqəmlərə görə, bu rəqəm 2 milyon çatıb. Gələcək üçün qorxu və uşaqların təhlükəsizliyi əvvəlki tək, Ermənistan əhalisini hər an miqrasiyaya hazır olmağa vadar edir. Belə vəziyyətdə də repatriasiya ideyası həddən artıq az cəlbedici görünür. 2016-cı ilin aprel döyüşləri münaqişəni yenə də büruzə verdi və Ermənistan bir daha əmin oldu ki, diplomatların və siyasətçilərin gurultulu bəyanatları sülhün əldə olunmasına təminat demək deyil.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər