• cümə, 19 Aprel, 19:54
  • Baku Bakı 24°C

Paşinyan odla oynayır

24.07.18 19:20 895
Paşinyan odla oynayır
Son vaxtlar Ermənistanda antirusiya əhval-ruhiyyəsi güclənməkdədir. Baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın rəhbərlik etdiyi media qurumlarında Rusiya əleyhinə yazılar dərc olunmaqdadır. Ermənistanın Gümrü şəhərinə dislokasiya olunmuş 102-ci Rusiya hərbi bazasının 30-a yaxın hərbçisinin iyulun 18-də təlim məqsədilə yaşayış məntəqəsinə daxil olması, havaya atəş açması, yerli əhalini vahiməyə salması bu narazılığı bir qədər də artırıb. Belə ki, 102-ci bazanın hərbçiləri bir neçə avtomobildən ibarət kalonla kəndə daxil olaraq xüsusi taktiki təlim məşğələsi keçiriblər. Bu zaman rus hərbçiləri boş patronlarla intensiv atəş açıb, heç nədən xəbəri olmayan kənd sakinləri güllə səslərini eşidərək evlərindən qaçıb. Hətta bir çoxlarının qorxudan ürəyi gedib. Artik bölgəsinin Panik kəndi yaxınlığında yaşanan hadisələrlə bağlı Şirak bölgəsinin rəhbəri Karen Saruxyan hərbi bazanın komandir müavini Aleksey Palyuxaviçlə görüşüb. Ümumiyyətlə, Ermənistanda bu hadisə çox sərt reaksiyalar doğurub. İşğalçı ölkədə ciddi gərginlik yaranıb, mediada antirusiya əhvalı kəskinləşib. Bundan əvvəl də Gümrüdə xidmət edən rus hərbçi Permyakovun bir erməni ailəsini məhv etməsi xatırlanaraq, yerli mediada həm hərbi bazanın mövcudluğu, həm də bütövlükdə Rusiya əleyhinə fikirlər səslənməyə başlayıb. Belə yazılar isə bir qədər əvvəl vurğuladığımız kimi, daha çox A.Akopyanın rəhbərlik etdiyi media qurumlarında dərc olunur. Maraqlıdır, Ermənistanın baş naziri N.Paşinyan həyat yoldaşı A.Akopyan vasitəsilə nəyə nail olmaq istəyir?
Mövzu ilə bağlı fikirlərini "Kaspi”yə bölüşən politoloq Elxan Şahinoğlu bildirib ki, N.Paşinyan belə davranışlarla Rusiyanın nəbzini yoxlayır. Onun fikrincə, Kremlin tam asılılığında olan eks-prezidentlər Robert Köçəryan və Serj Sarkisyandan fərqli olaraq, N.Paşinyan Qərblə yaxınlaşmaq, Rusiya ilə məsafə saxlamaq istəyir. Politoloq deyib ki, Paşinyanın NATO toplantısına qatılması, Ermənistan müdafiə nazirinin öz ölkəsinin sərhədlərini qoruyan rus qoşunlarının statusunun dəyişdirilməsi barədə bəyanatı da buradan qaynaqlanır: "Bütün cəhdlərə rəğmən, Paşinyanın istəyi alınmır. Ermənistan Rusiyadan tamamilə asılı durumdadır. Buna görə də Rusiyadan qopa bilmir. Vaxtilə prezident Ter-Petrosyan da bu cür məsafə saxlamaq eşqinə düşdü, amma Rusiya dərhal onu devirdi. Yaxud 1999-cu ildə Ermənistan parlamenti müəmmalı şəkildə gülləbaran edildi. Bu hadisə də Rusiyadan qopmağın cəzasının, bədəlinin necə olacağı barədə verilən açıq mesaj idi. Təsadüfi deyil ki, Ermənistan müdafiə nazirinin sərhəd qoşunlarının statusunun dəyişilə bilməsi barədə bəyanatından dərhal sonra Rusiya prezidenti Vladimir Putin baş nazir Paşinyana zəng vurub. Məhz bunun ardınca erməni müdafiə naziri sözlərini geri götürdü. Bununla belə, Paşinyan və dəstəsi Qərblə təmaslarını intensivləşdirməyə çalışır. O, bu yaxınlarda öz yardımçısını Amerikaya göndərdi ki, rəsmi şəxslərlə görüşsün. Amma bu səfər çox böyük uğursuzluqlarla nəticələndi. ABŞ-da heç bir ciddi rəsmi şəxs onu qəbul etmədi. Sıradan konqresmenlərlə keçirilən görüşlərdə Paşinyanın yardımçısı yalvardı ki, sentyabrda BMT-nin toplantısında iştirak edəcək Ermənistan baş nazirinin ABŞ prezidenti ilə görüşü təşkil edilsin. Gülməli burasıdır ki, Paşinyanın köməkçisi bu xahişi prezident Donald Trampın rəqibləri, ən qatı tənqidçiləri sayılan demokrat konqresmenlərdən edib. Reallıqda Trampın rəqibi sayılan konqresmenlər heç vaxt buna getməz. Bayaq qeyd etdiyim kimi, Paşinyan hakimiyyətinin bütün cəhdləri Rusiyadan asılılığı azaltmağa, məsafə saxlamağa yönəlib. Ancaq onlar unudurlar ki, bu cəhdlər Paşinyan hakimiyyətini laxlada, bumeranq effekti verə, Ermənistan üçün faciə ilə yekunlaşa bilər”.
Politoloq Mübariz Əhmədoğlu isə hesab edir ki, Ermənistan müstəqillik əldə etdikdən bu yana daim antirusiya əhval-ruhiyyəsində olub. Ekspertin fikrincə, ermənilərin antirusiya mövqeyində özəl xüsusiyyət var. Belə ki, onlar antirusiya mövqeyi sərgiləyir, Rusiyanı söyür, ardınca Kremlin könlünü alır, hətta rəsmi Moskvadan ənam da əldə edirlər: "Ermənistanda hər zaman antirusiya münasibət olub. Səbəb kimi Qərbin müxtəlif adlar altında maliyyə yardımları etməsini, Rusiyanın isə belə bir addım atmamasını göstərirlər. Digər tərəfdən, Ermənistanda uydurma bir mif əsasında elə hesab edirlər ki, Rusiyanı məhz ermənilər yaradıb. Ona görə də Rusiya hər zaman Ermənistana borcludur. Söhbət Bizans imperiyasında Konstantinopl patriarxının qızı Annanın Vladimirə ərə getməsindən gedir. Ermənilər düşünürlər ki, patriarx erməni olub. Bu izdivaca qədər ruslar bütpərəstliklə məşğul olublar, vəhşi kimi yaşayıblar. Yəni, bu uydurma əfsanəyə köklənən ermənilər ruslara yuxarıdan aşağı baxırlar. Paşinyan və arvadı Anna da jurnalist kimi fəaliyyət göstərdikləri müddətdə daim antirusiya yazılarla çıxış ediblər. Onlar heç zaman Rusiya barəsində müsbət fikir səsləndirməyiblər. Bu kimi səbəblərdən Annanın nəzarətində olan media qurumlarında antirusiya əhval-ruhiyyəsini yeni hadisə kimi qəbul etmirəm. Onlar öz yollarını indi də davam etdirirlər”.

Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər