• cümə, 19 Aprel, 13:55
  • Baku Bakı 25°C

Paşinyan növbədənkənar seçkilərə gedəcək?

17.05.18 17:24 773
Paşinyan növbədənkənar seçkilərə gedəcək?
Ermənistan hökuməti baş nazir Nikol Paşinyanın başçılığı ilə ilk iclasında 11 məsələni müzakirəyə çıxarıb. Onlardan üçü bağlı qapılar arxasında müzakirə olunub. Hökumətin bundan öncəki iclası da Paşinyanın rəhbərliyi ilə keçirilmişdi. Lakin həmin iclasda əvvəlki Nazirlər Kabinetində təmsil olunan Serj Sarkisyanın kadrları da iştirak etmişdilər.Paşinyanın keçirdiyi iclasla eyni vaxtda Ermənistan cəmiyyətinin müxtəlif sosial təbəqəsindən olan insanlar hökumət binası önündə aksiya keçiriblər. Onlar öz problemlərinin yeni hökumət tərəfindən dinlənilməsi və həll edilməsini tələb ediblər.Aksiyaçılar arasında Ermənistan ordusunda dinc şəraitdə ölən erməni əsgərlərin qara paltar geyinmiş anaları və "Nairit” zavodunun işçiləri də olub. Əsgər anaları qeyri-döyüş şəraitində ölmüş oğulları barədə Serj Sarkisyan hökumətinin gizlətdiyi həqiqətləri Paşinyanın üzə çıxarmasını tələb ediblər. Paşinyan da onlarla görüşüb və sakitləşdirməyə çalışıb: "Bizə fasilə lazımdır ki, problemlərin həlli ilə məşğul olaq”. Onun sözlərinə görə, aksiyalar hələlik tam dayandırılmalıdır: "İnsanlar özünüifadə azadlıqlarından istifadə edirlər. Bu, normaldır, amma digər tərəfdən, anlamalıyıq ki, bütün problemləri dərhal həll etmək olmur. Bütün problemləri birdən həll etmək istəsək, uduzarıq”.
Dünən həm də baş prokuror Artur Davtyanın istefasını tələb edən Yerevan sakinləri idarənin binasının girişini bağlayıblar. 10-15 nəfərlik qrup qurumun əməkdaşlarını binaya buraxmayıb. Davtyanın istefası tələbinin səbəblərindən biri kimi onun, ölkədə siyasi məhbusların olması məsələsində baş nazir Nikol Paşinyanın mövqeyi ilə razılaşmamasıdır. Paşinyan bir sıra siyasi məhbusların əfv olunması təşəbbüsü ilə çıxış edib. Eyni zamanda, o, 2016-cı ilin iyul ayında baş vermiş hadisələr zamanı 3 polis əməkdaşını qətlə yetirmiş "Sasna çrer” qruplaşmasının üzvlərinin də azad oluna biləcəklərini istisna etməyib. Maraqlıdır ki, Nazirlər Kabinetinin müşavirəsində baş nazir Paşinyan Davtyanın istefasının tələb edilməsinə zərurət görmədiyini bildirib.
Yeri gəlmişkən, populist qərarları ilə cəmiyyətin gözündə yüksəlməyə çalışan Nikol Paşinyan qeyri-adi bəyanatları, qeyri-peşəkar addımları ilə şou yaratmaqda davam edir. Bu dəfə isə qaldırdığı təkliflə hamını şoka salıb. Məsələ ondadır ki, onun bu qərarından sevinən ancaq "avtoşlar” olacaq. Baş nazir müvəqqəti olaraq radarların və videokameraların fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib. Hökumətin dünən keçirilən iclasında çıxış edən Paşinyan "hesab edirəm ki, cərimə və faizlər yığılıb qalıb və insanlar da onu ödəyə bilmirlər. İnsanların vəsaitləri olmadığından onu ödəyə bilmirlər. Bu cərimələrin silinəsi mexanizmlərini işləyib hazırlamaq gərəkdir” deyib. Şübhəsiz ki, bu qərarla populist baş nazir özünü Saakaşviliyə bənzəmək istəyir. Bununla sadə vətəndaşların gözündə daha da yüksəlmək, onlara problemlərini müəyyən müddət unutdurmaq məqsədini güdür.
Artıq yeni hökumətdən narazılıqlar da var. Məsələn, sabiq baş nazir Armen Darbinyan hesab edir ki, onların zamanında hökumət texnokratlardan ibarət idi: "Düzdür, gənclərə yeni hökumətdə yer verilir, lakin məsələ ondadır ki, iqtisadi sahədəki dəyişikliklər effektsiz olacaq”. Onun sözlərinə görə, bu sahədə hər hansı bir dəyişiklik baş verməyib. "Nəyəsə ümid etmək - düzgün deyil”, - deyən ekspert mütləq qaydada növbədənkənar parlament seçkilərinin keçirilməsini zəruri sayır. Lakin məsələ ondadır ki, hakim partiya – Respublika Partiyası heç bir halda seçkilərin ertələnməsini istəmir. Partiyanın parlament fraksiyası bununla bağlı söz-söhbətləri vaxtından əvvəl sayır. "Növbədənkənar parlament seçkilərinə o halda gedirlər ki, ölkədə siyasi böhran baş verir və yaxud hökumətin proqramlarının reallaşmasında problemlər üzə çıxır. Biz açıq şəkildə bəyan etmişik ki, Paşinyanın hökumətinin fəaliyyətinə süni maneələr yaratmayacağıq”, - deyə partiyanın mətbuat xidmətinin rəhbəri, vitse-spiker Eduard Şarmazanov bildirib. "Çarukyan” blokundan olan deputat Zaruhi Postancyan isə hesab edir ki, indiki tərkibdə parlamentin heç bir ictimai etimadı yoxdur. Bu səbəbdən də inqilabın məntiqi sonu növbədənkənar seçkilər ola bilər. Onun sözlərinə görə, əgər bu proses növbədənkənar seçkilərə gətirib çıxarmayacaqsa, onda biz liderlərin, qarşılarına başqa məqsədlər qoyduqlarını deyə bilərik. Öz növbəsində eks-prezident Levon Ter-Petrosyan da yeni hökumətdən narazılığını açıq şəkildə bəyan etməkdə davam edir. Bu dəfə o ilur.am saytında dərc olunan məqaləsində ölkədə yaranmış vəziyyətin dövlətçilik üçün təhlükə olduğunu bildirib. "Bütün ölkə boyu etiraz aksiyalarının şahidi oluruq. Onların qaldırdıqları məsələlər çoxdan həllini tapmalı idi”, -deyə o bildirib. Beləliklə, hərbi xuntada problemlər, rejim dəyişsə də, davam edir. Yeni baş nazir isə hələ ki, populist bəyanatlar və qərarlar qəbul etməyə üstünlük verir.
Azər
banner

Oxşar Xəbərlər